14 Sentyabr 09:12
737

Türkiyənin hava, xüsusilə də raket hücumundan müdafiə sistemində çox ciddi problemlər var.

Bunu Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almaq qərarını Teleqraf.com-a şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər deyib.

O qeyd edib ki, Türkiyənin hava hücumundan müdafiə sistemi və raketdən müdafiə sistemi demək olar, yoxdur: “Yəni, Türkiyənin özünün nə milli hava hücumundan, nə də raketdən müdafiə sistemi var. Bir sıra böhranlar yaranan zaman NATO Türkiyəyə bu dəstəyi vermədi, yaxud verdiyi dəstəyi Ankara ilə razılaşdırmadan geri çəkdi. Bu da Türkiyə üçün çox ciddi hərbi-təhlükəsizlik təhdidləri yaratdı. Türkiyə sonda anladı ki, kollektiv müdafiə sistemi olan NATO bunu effektiv təmin etmir. Ona görə də Ankara artıq hava hücumundan və raketdən özünün etibarlı milli müdafiə sistemini qurmaq niyyətindədir. Bu məqsədlə hansı ölkə həmin texnologiyanı verməyə razıdırsa, vermək istəyirsə, Türkiyə onunla anlaşacaq. Bilirsiniz ki, Türkiyə Çinlə belə bir anlaşma əldə etmək istəyirdi. Sonda bu alınmadı. Görünən odur ki, indi Rusiya ilə bu anlaşma alınmaq üzrədir. Hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamalarına görə, artıq S-400-lər üçün beh də verilib. Yəni, pulun bir hissəsi ödənilib. Amma hərbi-texniki məsələlər çox ciddi məsələlərdir və raketlər Türkiyəyə gəlməmiş, quraşdırılmamış, işə salınmamış bu işin başa çatdığını söyləmək çox erkən olardı. Bununla belə, Rusiya artıq S-400-lərin bir qisminin Türkiyədə istehsalına razılıq verib. Əgər bu razılıq verilibsə, demək, Türkiyə sonda bu texnologiyanı əldə edəcək. Bu, Türkiyə üçün hərbi-texniki sahədə böyük bir irəliləyiş, sıçrayış olardı. Artıq S-400-ləri mənimsədikdən sonra Türkiyə öz milli hava hücumundan müdafiə və raket sistemlərini daha da inkişaf etdirə bilər”.

Qeyd edək ki, Türkiyənin də üzv olduğu NATO-nun əsas dövləti olan ABŞ-ın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Conni Maykl bu məsələ ilə bağlı rəsmi Ankaraya narahatlıq ifadə etdiklərini açıqlayıb. “Bu məsələ ilə bağlı Türkiyə ilə açıq dialoq aparırıq və hərbi texnikaların, silahların alınması proqramlarının icrası zamanı NATO çərçivəsində operativ uyğunluğun saxlanılmasının vacibliyini vurğulamışıq”, – deyə C.Maykl qeyd edib.

S.Əkbər bununla bağlı deyib ki, NATO-nun etirazı iki ciddi səbəbdən əsassızdır: “Birincisi, NATO ölkəsi olan Yunanıstanda hal-hazırda S-300-lər mövcuddur. İkincisi, NATO özü əgər ona üzv olan bir ölkənin hava və raket hücumundan etibarlı, effektiv müdafiəsini təmin etmirsə, həmin ölkə təhdidlərlə üz-üzədirsə, onun üçün kənardan bu sistemlərin alınması artıq həyati bir göstəriş olur. Bu baxımdan mən Türkiyənin bu məsələdə haqlı olduğunu düşünürəm”.

Bəs, bu qərar Türkiyənin NATO ilə münasibətlərində soyuqluq yaranmasına və ABŞ-la onsuz da yaxşı olmayan münasibətlərin daha da pisləşməsinə gətirib çıxara bilərmi?

Bu sualı da cavablandıran S.Əkbər Türkiyənin NATO-dan, Avropa İttifaqından və bütövlükdə Qərbdən uzaqlaşmaq istəmədiyini vurğulayıb: “Tam tərsinə proses gedir. Türkiyə böyüyür və regionda böyük dövlət kimi davranmaq istəyir. Daha əvvəlki Türkiyə yoxdur. Yəni, əvvəlki kimi sözəbaxan, ABŞ-ın, Avropa İttifaqının, NATO-nun sözü ilə oturub-duran Türkiyə yoxdur və yeni şəraitə uyğunlaşma prosesi gedir. Bu taktiki-operativ toqquşmalar da gözlənilən və anlaşılandır. Yəni, onlar Türkiyənin regionda böyük bir dövlət kimi, qlobal demirəm, böyük regional dövlət kimi maraqları ilə razılşacaqlar və ittifaq müqaviləsi qüvvədə qalacaq, ittifaq münasibətləri də davam edəcək. Yox, əgər onlar böyüyən, müstəqil, suveren Türkiyənin varlığı ilə barışmayacaqlarsa, Türkiyə də öz yolunu cızacaq”.


Müəllif: Səxavət Həmid