14 Sentyabr 2017 09:46
1 692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 25-də Şimali İraq Kürd Muxtariyyəti (ŞİKM) müstəqillik referendumu keçirəcək. Dünən İraq parlamenti bu məsələni müzakirə edərək dövlət ərazisində keçirilən müstəqillik referendumunu qeyri- qanuni adlandırıb. ŞİKM lideri Məsud Bərzani isə elan edib ki, nəyin bahasına olursa-olsun, referendum keçiriləcək. Türkiyə, İran, Suriya, Səudiyyə Ərəbistanı və digər ölkələr referendumun keçirilməsini yolverilməz hesab edirlər. İraq parlamentinin məlum qərarından sonra 25 sentyabr referendumunun İraqda növbəti vətəndaş müharibəsinə səbəb olacağı haqda fikirlər çoxalır. Parlamentin məlum qərarının İraq kürdlərinin referendum istəyindən vaz keçməsinə səbəb ola biləcəyi, əks halda bunun rəsmi Bağdadla kürdlər arasında bütün körpülərin yandırıldığı anlamına gələcəyi də iddia edilir.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Teleqraf.com-a bu məsələni şərh edib.

Politoloq deyib ki, bəzi dövlətlər İraqın parçalanmasının lehinə hərəkət edirlər. Onun sözlərinə görə, hətta onlar kürdləri açıq müdafiə etməkdən çəkinmirlər:

“Burada İsrailin yüksək rütbəli məmurlarının bəyanatları pozucu rol oynayır. Qeyd edim ki, İsrail müstəqil kürd dövlətinin yaradılması istiqamətində xeyli müddətdir ki, fəaliyyət göstərir. Hətta ABŞ-ı da bu işə cəlb edə bilib. ABŞ da yarıaçıq, yarıqapalı formada kürdlərin dövlət yaratmasına dəstək verir. Sadəcə, indiki anda ABŞ referendumun keçirilməsini təxirə salmaq çağırışı edir. Eyni zamanda deyim ki, İraq başda olmaqla bütün ərəb dövlətləri buna qarşıdır. Türkiyə və İran isə bu məsələdə konkret mövqe ortaya qoyub. Hətta Tehran və Ankara arasında bununla bağlı gizli razılaşma da əldə edib. Bu yaxınlarda Ərdoğanın İrana səfəri gözlənilir. Səfərin bir məqsədi də müstəqilliyə can atan ŞİKM məsələsi ilə bağlı müzakirə aparmaqdır. Bölgə dövlətlərinin hamısı İraqın şimalında müstəqil dövlətlə bağlı referendumun əleyhinədir. Sözsüz ki, Türkiyənin əlində ciddi əsaslar var. İş ondadır ki, Kürd Muxtariyyəti 1995-ci ildə mövcud olduğu ərazidən üç dəfə böyük ərazi işğal edərək özünə birləşdirib. Bu ərazilərin çox hissəsi türkmanlarındır. Söhbət Kərkük, Mosul, Süleymaniyyədən gedir. Elə muxtariyyətin paytaxtı Ərblin özü də türkman şəhəridir. Türkiyədə ərazinin süni formada genişləndirilməsinin əleyhinədir. Üstəlik İraqın ərazi bütövlüyünün pozulmasına qarşıdır. İranda bu iddialarla çıxış edir. Kürdlər İran sərhədindən tutmuş Aralıq dənizinə qədər böyük ərazilərə iddia edir. Bu da, əksər bölgə dövlətlərinin maraqlarına uyğun deyil”.

Politoloq hesab edir ki, əslində, indiki mərhələdə kürdlər böyük xətaya yol verirlər. Ona görə də bu səhv bölgənin alovlanmasına gətirib çıxaracaq: “Mən hətta yaxın zamanlarda kürdlərin bu addımını neytrallaşdırmaq üçün təcili əməliyyatların başlayacağını da istisna etmirəm. Söhbət bir neçə dövlətin ərazi bütövlüyünə qəsd edə biləcək bir siyasi layihənin gerçəkləşdirilməsindən gedir. Bu mənada Yaxın Şərqdə yeni gərginlik ocağı yarana bilər. Bununla belə hesab edirəm ki, kürdlər referendum keçirsə də, onun müstəqilliyini heç kim tanımayacaq. Referenduma qədər də bəzi hərəkətlər ola bilər ki, sonda kürdlər bu addımdan çəkinə bilər. Eyni zamanda bu referendumu keçirən siyasi xadimlər yəqin ki, sentyabrın 29-dan sonra siyasi mövqelərdə olmayacaqlar. Kürdlərin bu addımları risqli addımlardır və gərgin məqamların yaşanmasına gətirib çıxara bilər”.

Qabil Hüseynli əlavə edib ki, İraq parlamentinin məlum qərarı kürdlərin referendum keçirməklə bağlı qərarlarının hüququ bazasını ləğv edir: “İraq bu məsələyə nisbətən soyuq yanaşır, muxtariyyətə əlavə hüquqlar vermək yolu ilə bu problemi həll edəcəyini güman edirdi. İndi rəsmi Bağdad görür ki, bu, mümkün deyil. İraq parlamentinin qərarı BMT-nin nizamnaməsinə uyğundur. BMT İraqın ərazi bütövlüyünü tanıyıb. Parlamentin məlum qərarı dünya birliyi tərəfindən tanınan və qəbul edilən yeganə sənəd olacaq. Əslində İraq parlamentin bu qərarı ilə muxtariyyət Məclisinin qərarını qüvvədən salmış olub”.

Sonda müsahibimiz deyib ki, əgər tərəflər öz mövqelərində sona qədər israr edəcəksə, bu zaman bölgə qan çanağına dönə bilər: “Qan axıdılması ehtimalları var. Bərzaninin siyasi hakimiyyətdən kənarlaşdırılması ehtimalı da yüksəkdir. Bu məsələdə ərəblər, iranlılar və türklər kompramisə yol verməyəcək”.


Müəllif: Cavad