14 Sentyabr 10:51
226

09:53

Bu gün Bakıda Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilir.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak edirlər.

Dövlət başçısı mərasimdə nitq söyləyir.

Dövlət başçısı qeyd edib: "Bu gün əlamətdar və tarixi bir gündür. "Azəri", "Çıraq", "Günəşli" nəhəng neft yataqlarının işlənməsində yeni dövr başlayır. Bu tarixi mərasimdə bizimlə bərabər iştirak etmək üçün xaricdən gələn bütün qonaqları səmimiyyətlə salamlayıram".

İlham Əliyev bildirib ki, bu gün imzalanacaq sazişin Azərbaycan üçün çox böyük əhəmiyyəti var:

"Azəri", "Çıraq", "Günəşli" neft yataqlarının işlənməsi 2050-ci ilə qədər uzadılır. Yeni imzalanacaq saziş Azərbaycan üçün daha da əlverişlidir. Baxmayaraq ki, 1994-cü ildə imzalanmış müqavilə də bizim maraqlarımızı tam təmin edirdi, bu dəfə isə daha da yaxşı şərtlərlə saziş imzalanır. Bunun bir neçə əsas parametrlərini diqqətinizə çatdırmaq istəyirəm. Saziş imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək. SOCAR-ın "AzACG" şirkəti podratçı kimi sazişin icrasında iştirak edəcək. SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Əlbəttə ki, sazişin bir çox müddəaları var və bu əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı üçün, bizim maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu sazişin çox böyük əhəmiyyəti var. Eyni zamanda onu da qeyd etməliyəm ki, 23 il ərzində sazişin icrası da çox uğurlu idi və bu illər ərzində 436 milyon ton neft “Azəri”, “Çıraq”, “Günəşli”dən hasil edilib.

Yaxşı xatırlayıram ki, 1994-cü ildə saziş imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyən edilmişdir. Ancaq bugünkü məlumat – əminəm ki, bu, son məlumat deyil, ehtiyatlar daha da artacaq – onu göstərir ki, hələ də “Azəri”, “Çıraq”, “Günəşli”də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı vardır. Yenə də qeyd etmək istəyirəm ki, bu, ilkin hesablamalardır. Əminəm ki, sazişin icrası müddətində bu rəqəm daha da artacaq".

Azərbaycan Prezidenti xatırladıb ki, 23 il bundan əvvəl ölkəmizin tarixində çox əlamətdar hadisə baş verdi:

"Bakının “Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin sədrliyi ilə “Əsrin müqaviləsi”nin imzalanması mərasimi keçirilmişdir və bu, ölkəmizin uğurlu inkişafına təkan vermişdir. O günləri mən çox yaxşı xatırlayıram, o günlər mənim gözümün qabağındadır. Doğrudan da Azərbaycan öz tarixində ən önəmli addımlardan birini atdı".

Dövlət başçısı vurğulayıb ki, “Əsrin müqaviləsi”nin imzalanması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

İlham Əliyev bildirib ki, Azərbaycan 23 il ərzində sürətlə inkişaf edib: "Bu gün Azərbaycan ayaqda dayanan möhkəm ölkə kimi dünyada tanınır. Bu gün bizim beynəlxalq əlaqələrimiz çox genişdir, Azərbaycan beynəlxalq aləmdə çox müsbət və yüksək reputasiyaya malik ölkədir. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl 155 ölkə Azərbaycanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçmişdir və bu da beynəlxalq aləmdə bizə olan rəğbətin, hörmətin, dəstəyin əlamətidir. Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır, bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir. İqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığın azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə də hər hansı bir başqa maneə, problem var".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan bundan sonra uğurla inkişaf edəcək: "Ölkəmizin böyük potensialı var. Son illər ərzində biz bu potensialı gücləndirmişik və bu potensialın inkişafında “Əsrin müqaviləsi”nin xüsusi rolu vardır. İndi təsəvvür etmək çətindir ki, əgər 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanmasaydı, biz hansı vəziyyətə düşəcəkdik. Biz bu gün müstəqil siyasət aparan ölkələrdənik və bunun təməlində bizim həm güclü siyasi iradəmiz, həm də iqtisadi müstəqilliyimiz dayanır. Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız ilk növbədə iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə “Əsrin müqaviləsi” yaradır. O vaxtdan bu günə qədər Heydər Əliyevin neft strategiyası uğurla icra edilir, yeni önəmli addımlar atılır, sərmayələr cəlb edilir".

***

Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə "Azəri-Çıraq-Günəşli" neft yataqları blokunun işlənməsi üzrə yeni sazişin imzalanma mərasimi baş tutub.


Müəllif: Teleqraf.com