14 Sentyabr 2017 11:17
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Elmar Məmmədyarov Vyetnama rəsmi səfəri çərçivəsində ölkənin Baş naziri Nquyen Xuan Fukla görüşüb.

XİN-dən Teleqraf.com-a verilən məlumata görə, E.Məmmədyarov Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə həyata keçirilən Şimal-Cənub dəhlizi barədə məlumat verərək, Azərbaycanın Vyetnamla Avropa arasında nəqliyyat bağlantısı rolunu oynaya biləcəyini diqqətə çatdırıb. Bu xüsusda, qeyd edilən dəhliz vasitəsilə Vyetnamın ixrac məhsullarının Avropa bazarına çıxarılması üçün əlverişli imkanların mövcudluğu qeyd olunub.

Vyetnamın Avropa İttifaqı bazarına ixracının artmaqda olduğunu qeyd edən Baş nazir Azərbaycan tərəfinin bu təklifinin cəlbedici olduğunu, bununla bağlı Vyetnam tərəfinin müzakirələrə açıq olduğunu bildirib.

Habelə, Baş nazir Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsinin iki ölkənin mövcud potensialına cavab vermədiyini qeyd edərək, ikitərəfli iqtisadi münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətindən söz açıb. Bu xüsusda, Baş nazir Vyetnam bazarının Azərbaycanın neft maşınqayırma sənayesi məhsulları üçün açıq olduğunu bildirib. Görüşdə Vyetnamda istehsal olunan məhsulların Azərbaycan bazarına da ixracı məsələsi müzakirə olunub.

İki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsində Hökumətlərarası Birgə Komissiyanın mühüm rola malik olduğu bildirilib və komissiyanın qarşıdan gələn iclaslarında müxtəlif sahələr üzrə ekspertlərin iştirakının vacib olduğu qeyd olunub. Həmçinin, iki ölkənin işgüzar dairələri arasında birbaşa təmasların qurulması və biznes forumlarının keçirilməsinin əhəmiyyətinə toxunulub.


Müəllif: Səxavət