14 Sentyabr 2017 16:02
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:32

Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər naziri Barat Albayraq ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bugünkü mərasimə ünvanladığı təbrik məktubundakı xoş sözlərinə görə minnətdarlığını bildirib. Bugünkü tədbirin Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində mövcud olan əməkdaşlığı daha da möhkəmləndirdiyini qeyd edən dövlət başçısı bu münasibətlə təbriklərini çatdırıb.

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Barat Albayraq Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. O, Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində mövcud əməkdaşlığın bütün dünyaya nümunə olduğunu bildirib. Barat Albayraq bu əməkdaşlığın yeni layihələr və qarşılıqlı sərmayələrlə daha da zənginləşdirildiyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən birgə strateji layihələrin əhəmiyyətinə toxunuldu, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. Həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin önəminə toxunularaq, bunun ölkələrimizin iqtisadi inkişafı və xalqlarımızın rifahının daha da yüksəldilməsi baxımından əhəmiyyəti qeyd edildi. Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən birgə strateji layihələrin əhəmiyyətindən danışılıb.

Dövlət başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın səmimi salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın xarici işlər nazirinin parlamentari müavini Manabu Hori ilə görüşüb.

Manabu Hori Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə yeni Sazişin imzalanmasının mühüm əhəmiyyət daşıdığını vurğuladı və bu münasibətlə Azərbaycan Prezidentini təbrik etdi. O, Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar təbriklərini çatdırıb.

Regionun lider dövləti olan Azərbaycanın dünyada yaxşı nüfuz qazandığını deyən Manabu Hori Yaponiyanın bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd etdi. Qonaq son vaxtlar ölkələrimiz arasında faydalı qarşılıqlı səfərlərin həyata keçirildiyini və həmin səfərlər zamanı müxtəlif sahələrdə sərmayə qoyuluşu ilə bağlı səmərəli danışıqların aparıldığını dedi. O, münasibətlərimizin daha sürətli inkişafı məqsədilə Yaponiyanın da Azərbaycan ilə viza rejimini sadələşdirməyi planlaşdırdığını qeyd edib.

Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev Yaponiyanın bu mərasimdə yüksək səviyyədə təmsil olunmasından məmnunluğunu ifadə etdi. Dövlətimizin başçısı Yaponiyanın hər zaman Azərbaycandakı layihələrə maliyyə dəstəyi göstərdiyini vurğuladı, Yaponiya Hökumətinin ölkəmizdə müasir infrastrukturun yaradılmasına kreditlər ayırmasını yüksək qiymətləndirdi. Enerji sektorunda da ölkələrimizin uğurla əməkdaşlıq etdiklərini bildirən Prezident İlham Əliyev vurğuladı ki, Yaponiya şirkətləri uzun illərdir Azərbaycanda neft-qaz yataqlarının işlənilməsində fəal iştirak edir və ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verirlər.

Dövlətimizin başçısı qarşılıqlı ticarət əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini vurğuladı, enerji sahəsi ilə yanaşı, sənaye, azad ticarət zonasında əməkdaşlıq, əczaçılıq, kənd təsərrüfatı, o cümlədən çayçılıq və neft-kimya sahələrində qarşılıqlı sərmayələrin qoyulmasının əhəmiyyətindən danışıb.

***

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniyanın dövlət naziri Alan Dunkan ilə görüşüb.

Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Tereza Meyin bugünkü mərasimlə əlaqədar göndərdiyi təbrik məktubuna görə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı Tereza Meyin ölkələrimizin münasibətləri haqqında dediyi xoş sözlərdən məmnunluğunu ifadə edib.

Prezident İlham Əliyev Böyük Britaniyanın mərasimdə yüksək səviyyədə təmsil edilməsinin Birləşmiş Krallıq hökumətinin bu tədbirə verdiyi böyük önəmin göstəricisi olduğunu bildirdi. Sazişin imzalanmasının tarixi hadisə olduğunu deyən dövlətimizin başçısı onu yeni əsrin müqaviləsi adlandırıb.

Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, əlaqələrimizin neft-qaz sektorunu və digər sahələri əhatə etdiyini vurğulayıb.

Böyük Britaniyanın dövlət naziri Alan Dunkan ölkələrimiz arasında siyasi, iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, münasibətlərimizin digər sahələrdə də inkişaf etdiyini dedi. “Azərbaycan və Böyük Britaniya etibarlı tərəfdaş olduqlarını nümayiş etdirir”, - deyən Alan Dunkan ölkələrimiz arasında əməkdaşlığın qeyri-neft sektorunda da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirib.

Böyük Britaniyanın dövlət naziri “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsini nəzərdə tutan yeni Sazişin imzalanmasını tarixi hadisə adlandıraraq qeyd etdi ki, bu, ikitərəfli əməkdaşlığımızın təməlini təşkil edəcək.

Söhbət zamanı ölkələrimiz arasında viza rejiminin qarşılıqlı surətdə sadələşdirilməsinin əhəmiyyəti qeyd olunub.

***

14:40

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

Görüşdə bu gün Bakıda imzalanan Sazişin önəmi vurğulanıb, yeni əsrin müqaviləsinin ikitərəfli əməkdaşlıqda mühüm əhəmiyyət daşıdığı bildirilib.

Qeyd olunub ki, Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir davam edən səmərəli əməkdaşlıq qarşılıqlı etimada söykənir.

Söhbət zamanı Azərbaycanın müəllifi olduğu irimiqyaslı enerji layihələrinin reallaşdırılmasında BP-nin fəal tərəfdaş kimi çıxış etdiyi vurğulanıb.

Prezident İlham Əliyev Azərbaycan ilə BP şirkəti arasında səmərəli əməkdaşlığın inkişafındakı xidmətlərinə görə Robert Dadlinin Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif olunduğunu bildirib və ordeni ona təqdim edib.

***

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Statoil şirkətinin beynəlxalq inkişaf və istehsal üzrə icraçı vitse-prezidenti Lars Kristian Baxeri qəbul edib.

***

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakı qəbul edib.


Müəllif: Teleqraf.com