23 Sentyabr 2017 13:16
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun bütün səviyyələrdə təşviq edilməsinə böyük önəm verir.

Teleqraf.com xəbər verir ki, bu sözləri BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Dostlar Qrupu nazirlərinin görüşündə bildirib.

Elmar Məmmədyarov qeyd edib ki, multikulturalizm və tolerantlıq ölkəmizdə cəmiyyətimizi gücləndirən və birləşdirən uzunmüddətli ənənədir: “Əsrlər boyu müxtəlif millətlər və dinlərə mənsub insanlar Azərbaycanda sülh içərisində və ləyaqətlə yaşayıblar. 2016-cı il Prezident İlham tərəfindən Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Nəticədə, milli və beynəlxalq səviyyədə multikulturalizmin bəşəri ideallarını qoruyub saxlamaq və yaymaq tədbirlərini nəzərdə tutan xüsusi Fəaliyyət Planı hazırlanıb”.

Nazir bildirib ki, sülh və təhlükəsizliyin təhsil, elm, mədəniyyət və dialoq vasitəsilə, xüsusilə gənclər arasında əldə edilə biləcəyinə inanan bir ölkə olan Azərbaycan, 2014-cü ilin 28-30 oktyabrında BMT Baş katibinin Gənclər, BMT-nin İnkişaf Proqramı, YUNESKO və Avropa Şurası üzrə elçisi ilə birgə təşkil olunmuş Bakı Gənclər siyasəti üzrə birinci Qlobal Forumu kimi mədəniyyətlər və sivilizasiyalar dialoqunu təşviq edən tədbirlərin mərkəzinə çevrilib: “Forumun 700 iştirakçısının dövlətin gənclərə dair siyasətinin müxtəlif aspektlərini müzakirə etmək və 2015-ci ildən sonrakı inkişaf dövrü ərzində gənclərin tələbatlarını düzgün ünvanlanyan daha adekvat siyasətləri formalaşdırmaq üçün yol və strategiyaları nəzərdən keçirmək imkanı oldu.

25-27 aprel 2016-cı ildə Azərbaycan BMT Sivilizasiyalar Alyansının “İnkluziv cəmiyyətlərdə birgəyaşayış” mövzusuna həsr olunmuş 7-ci Qlobal Forumuna ev sahibliyi edib. Bu mühüm tədbirə dövlət və hökumət başçıları, nazirlər, dövlət rəsmiləri, media və beynəlxalq təşkilatların nümayəndələri də daxil olmaqla, 147 ölkədən 4 mindən artıq iştirakçı qatılıb. Forumun mövzuları davamlı inkişaf üçün inkluziv cəmiyyətlərin əsas komponent kimi təşviq edilməsinin də daxil olduğu “Davamlı İnkişaf üzrə 2030 Gündəliyi”ni özündə əks etdirib”.

Elmar Məmmədyarov forumun əsas nəticəsinin Bakı Bəyannaməsi olduğunu bildirib: “Bu bəyannamə ayrı-seçkilik, düşmənçilik və zorakılığa rəvac verən dini nifrətə istənilən dəstəyi kəskin şəkildə qınadı və üzv dövlətləri zorakı ektremizmin bütün forma və təzahürlərinə qarşı birləşməyə çağırdı.

Bakı Bəyannaməsi dövlətlər və beynəlxalq təşkilatlar üçün beynəlxalq dialoq və multikulturalizmin zorakılıq, ekstremizm və ksenofobiyaya qaşı mübarizə vasitəsi kimi təşviqində əsas rəhbər prinsipə çevrilməlidir. İnkluziv cəmiyyətlərin yaradılması və inkişafında gənclərin xüsusi rolunu qəbul edərək, forum çərçivəsində 150-dən artıq gəncin iştirak etdiyi BMT Sivilizasiyalar Alyansının gənclər tədbiri də keçirilib.

Bundan əlavə, bu il biz yüksək səviyyəli qonaqların, xüsusilə hökumət başçıları, nazirlər, müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi bəşəriyyətin marağına xidmət edən çoxsaylı qlobal məsələlərə dair panellərdən ibarət IV Ümumdünya Mədəniyyərlərarası Dialoq Forumuna ev sahibliyi etdik. Tədbirin əsas sessiyalarından biri “Gənclərin təhsil vasitəsilə zorakı ekstremizmin qarşısını almaq üçün maarifləndirilməsi” mövzusuna həsr edilib”.


Müəllif: Səxavət