12 Oktyabr 2017 09:13
1 602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ilə ABŞ arasında müşahidə olunan gərginlik ürəkaçan deyil. Əlbəttə, kimin haqlı, kimin haqsız olduğu barədə mühakimə yürüdə bilərik. Daha vacibi, vəziyyətin belə şəkil alması çox pis haldır.

Bu fikirləri “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı ABŞ-Türkiyə münasibətlərində yaranan gərginliyi Teleqraf.com-a şərh edərkən deyib.

Elçin Şıxlı hesab edir ki, bizim bəyənib-bəyənməməyimizdən asılı olmayaraq inkişaf və mütərəqqi texnoloji kəşflər qərbdən gəlir:

“Biz şərq ölkəsiyik, islam dünyasının bir hissəsiyik. Ancaq çox təəssüf ki, şərq ölkələrindən və islam dünyasında mütərəqqi kəşflər yoxdur. Bəlkə nə zamansa olacaq, amma biz hazırda şərqin intibah dövrünü deyil, böhran mərhələsində olduğunu görürük.

Mən Rusiyanı şərqdən ayırmıram. Rusiya sözün pis mənasında Asiyadır. Biz özümüz də avropalılardan geri qalmışıq.

Mən inanmıram ki, Türkiyə NATO-nu bir tərəfə ataraq gedib Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yanında dursun. Bu, Ankara üçün yaxşı gediş olmazdı. Türkiyə pis-yaxşı mütərəqqi tərəfə getməlidir. Bu baxımdan, prosesləri həyəcanla izləyirəm”.

Müsahibimiz hesab edir ki, Ankara-Vaşinqton münasibətlərinin bu həddə gəlib çıxmasında Tramp amilinin də rolu var:

“Prezident Tramp az qala hamı ilə davaya qalxıb. Amma vəziyyətin bu səviyyəyə gəlib çatmasında Ərdoğan hökumətinin də günahı var. Dövlətin və millətin marağı hər zaman birinci yerə qoyulmalıdır. Təsəvvür eləmirəm ki, ABŞ-Türkiyə münasibətləri bundan da pis mərhələyə çatsın”.


Müəllif: Cavad