12 Oktyabr 2017 17:06
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Atlas” Araşdırmalar Mərkəzi Azərbaycan-Avropa Şurası münasibətləri ilə bağlı xüsusi analitik yazı ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, mərkəz yazıda “Azərbaycan Avropa Şurasından çıxarsa, nələr baş verə bilər” sualına cavab axtarıb. Qeyd olunur ki, Azərbaycan Avropa Şurasından çıxarsa, bu, ilk növbədə Azərbaycanla Avropa arasında münasibətlərin soyumasına gətirib çıxara bilər: “Bunun ardınca Azərbaycanın digər Avropa qurumları ilə münasibətləri soyuyacaq. Məsələn, Azərbaycanın Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində üzv dövlətlərin parlamentləri arasındakı Avronest-lə də münasibətlərində suallar yarana bilər. Onsuz da Azərbaycan bir müddət Avronest-də fəaliyyətini dayandırmışdı.

İkincisi, Azərbaycanın Avropa Şurasından çıxmasından Rusiya faydalanacaq. Moskva bölgə ölkələrinin Avropanın siyasi, iqtisadi və hərbi strukturları ilə əməkdaşlığından və dərin inteqrasiyasından narahatdır. Kremlin əsas hədəfi bölgə ölkələrinin Avropa ilə deyil, Rusiya ilə yaxınlığına nail olmaqdır. Halbuki, Azərbaycan iqtisadi səbəbdən də Avropadan uzaqlaşa bilməz. Azərbaycanın əsas ticarət tərəfdaşları Avropa İttifaqı ölkələridir, yeni tikilən boru xətləri ilə daşınacaq qazımızın son ünvanı da “köhnə qitə”dir. Odur ki, Azərbaycanın Avropa Şurasından çıxması Rusiyanın Azərbaycandakı mövqelərinin güclənməsinə səbəb olacaq. Bu faktor isə Azərbaycanın milli və təhlükəsizlik maraqlarına ziddir. İşğalçı Errmənistanın strateji müttəfiqi olan Rusiya Azərbaycanla da strateji müttəfiq ola bilməz. Əks halda Rusiya Errmənistanın işğalçı siyasətinə dəstək verməz və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirərdi. Yeri gəlmişkən, yayılan yeni xəbərə görə Rusiya silah almaq üçün Ermənistana 200 milyon dollardan əlavə daha 100 milyon dollar kredit ayırıb”.

“Atlas” üçüncü səbəbi də açıqlayıb: “Azərbaycanın Avropa Şurasından çıxması Ermənistanın və Avropadakı erməni lobbisinin maraqlarına cavab verəcək. Avropa Şurasında müxtəlif illərdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyən (sonuncu belə qətnamə 2016-cı ilin oktyabrında qəbul olunub, həmin sənəddə işğal altındakı Sərsəng su anbarının boşaldılması və Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələb edilib) qətnamələr qəbul edilib. Doğrudur, həmin qətnamələrin icrası reallaşmadı. Ona qalsa torpaqlarımızın işğalı ilə bağlı BMT-nin 4 qətnaməsi də 25 ildir yerinə yetirilmir. Ancaq bu bizə əsas vermir ki, Azərbaycan BMT üzvlüyünə son versin. Azərbaycan AŞPA-nı tərk etdikdən sonra işğal altındakı torpaqlarla bağlı oxşar qətnamələri qəbul etmək mümkün olmayacaq. Tam əksinə, Azərbaycanın iştirak etmədiyi AŞPA-da Ermənistan və erməni lobbisi Azərbaycan əleyhinə qətnamələr qəbul edilməsinə çalışacaq.

Bu səbəbləri nəzərə alaraq Azərbaycanın Avropa Şurasını tərk etməsi doğru qərar olmayacaq”.

Bəs, belə olan halda vəziyyətdən necə çıxmaq olar? “Atlas” Araşdırmalar Mərkəzi hesab edir ki, münasibətlərdəki gərginliyə son qoymaq üçün hər iki tərəf geri addım atmalıdır: “AŞPA rəsmiləri Azərbaycan əleyhinə sərt açıqlamalardan çəkinməli, hər hansı qətnamə qəbul etmədən əvvəl Bakı ilə dialoqu genişləndirməlidirlər. Bakı isə mübahisəli sayılan məhkumların azad olunması imkanlarını nəzərdən keçirməlidir. Ancaq Bakı bu qərarı o zaman qəbul edəcək ki, kənar təzyiq olmasın”.

Qeyd edək ki, oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı iki qətnamə qəbul olunub. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov və Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qərəzli sənədlərin qəbul edilməsinin, təzyiq cəhdlərinin artmasının Azərbaycanı Avropa Şurası ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur etdiyini bildiriblər.


Müəllif: Səxavət HƏMİD