13 Oktyabr 2017 09:40
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbin Rusiyanın sərhədlərində möhkəmlənmək qərarı yeni deyil. Rusiya Ukraynanı ilhaq edəndən və Donbasa hərbi təcavüzündən sonra ABŞ və Avropa Birliyinin kompleks qərarlar paketi qəbul edilib. Bu paketdə təhlükəsizlik və hərbi istiqamət də mövcuddur və mühüm məsələlərdən biri də Şərqi Avropa sərhədlərinin gücləndirilməsidir.

Bunu Teleqraf.com-a təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər ABŞ-ın Baltikyani ölkələrlə Rusiyan sərhəddi arasında iki hərbi dviziya yerləşdirilməsini şərh edərkən deyib.

S.Əkbər xatırladıb ki, ABŞ, Avropa Birliyi və NATO milli təhlükəsizlik konsepsiyasında dəyişiklik edib:

“2015-ci ilin fevralında ABŞ özünün yeni milli təhlükəsizlik strategiyasını elan etdi. Və Rusiyanı dayandırmağı özünün başlıca hədəfi seçdi. Həmin dövrdən başlayaraq, ABŞ və Qərb təhlükəsizlik konsepsiyasında Rusiyanı durdurmağı özlərinin hədəfi elan etdilər. Bu mənada ABŞ-ın Baltikyani ölkələrlə Rusiya sərhəddində hərbi diviziya yerləşdirməsinin səbəbini bu qərarlarda axtarmaq lazımdır. Yəni qərar verilib, indisə onun icrası həyata keçirilir”.

S. Əkbər qeyd edib ki, onsuz da ABŞ-Rusiya münasibətlərində qarşıdurma mövcuddur:

“Ancaq bunun açıq hərbi müstəviyə keçəcəyini gözləmirəm. Nəzərə alın ki, Rusiya da Qərbin bu addımlarına cavab olaraq elan etdi ki, üç yeni dviziya yaradacaq. Bu dviziyaların ikisini qərb istiqamətində, birini isə cənub istiqamətində yerləşdirəcəyini elan etdi. Hazırda Rusiya bu istiqamətdə hazırlıqlarını görür. Başqa sözlə, qarşıdurma gedir. Amma bunun silahlı qarşıdurmaya çevrilmə ehtimalı çox azdır. Məncə, indiki halda Ukrayna böhranının dərinləşməsi ehtimalı artır. Ukraynada vəkalət müharibəsi daha geniş miqyasda alovlana bilər. Düzdür, Polşa və Baltikyani ölkələr deyirlər ki, Rusiyadan böyük təhdid var. Bu sadəcə olaraq həmin ölkələrin müdafiə sistemlərinin Rusiya qarşısında acizliyinin göstəricisidir. Bu ölkələr ABŞ və NATO hesabına öz hərbi sistemlərini və müdafiə qabiliyyətini Rusiyaya qarşı möhkəmləndirmək ehtiyacı hiss edirlər. Amma hər kəs anlayır ki, Rusiyanın indiki halında NATO ölkələrindən birinə hücumu gözlənilmir. Odur ki, Gürcüstan və Ukraynada qarşıdurmanın toqquşmaya keçə biləcəyi ehtimalını yüksək hesab edirəm. Xüsusilə, Ukraynada. Bu halda da tərəflər birbaşa deyil, ikinci və üçüncü qüvvələr vasitəsilə üz-üzə gələ bilərlər. Yəni Ukraynada vəkalət müharibəsi geniş formada qızışa bilər”.

Müsahibimiz qeyd edib ki, bir müddət əvvəl Rusiya və Belarusun “Qərb-2017” adlı hərbi təlimləri Pribaltika ölkələrində narahatlıqla qarşılanıb:

“Həmin dövrdə belə fikirlər səslənirdi ki, Rusiya Belarusa hərbi təlimlər adı altında gətirdiyi texnika və hərbçilərin müəyyən hissəsini burada saxlamağı planlaşdırır. Ancaq hazırda bunun baş verib- vermədiyi haqda konkret informasiya yoxdur. Rusiyanın Belarusda ordu saxlayıb-saxlamadığı haqda ən mötəbər informasiya NATO Baş katibinin dedikləridir. Baş katib dedi ki, onların müvafiq qurumları bu məsələni araşdırır. Hazırda araşdırmanın nədən ibarət olduğu, hansı nəticəyə gəlindiyi haqda xəbər yoxdur”.

Xatırladaq ki, bu gün Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenko bildirib ki, ABŞ Baltikyanı ölkələrlə Rusiya sərhədinə bütöv bir diviziya yerləşdirilib. Onun sözlərinə görə, Rusiya və Belarusun birgə təşkil etdiyi “Qərb-2017” təlimləri Avropa ölkələri tərəfindən narahatlıqla qarşılanıb. Onlar fikrincə, guya Rusiya əsas texnikalarını Belarusda saxlayıb və istənilən vaxt Avropaya zərbələr endirəcək. Rus fobiyası NATO və Avropa Birliyini, əsasən də Polşanı qorxuya salıb. Bunun üçün Polşa ABŞ-a müraciət edib və Vaşinqton Rusiya ilə sərhədə iki diviziya yerləşdirmək qərarına gəlib.


Müəllif: Cavad