13 Oktyabr 13:17

10:45

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin bu gün rəsmi qarşılanma mərasimi olub.

Teleqraf.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Bolqarıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bolqarıstan Prezidenti Rumen Radevi və xanımı Desislava Radevanı qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi Bolqarıstan Prezidentinə raport verib.

Bolqarıstanın və Azərbaycanın dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Azərbaycanın və Bolqarıstanın dövlət və hökumət nümayəndələri prezidentlər və birinci xanımlar ilə görüşüblər.

Prezidentlər və birinci xanımlar rəsmi foto çəkdiriblər.

***

11:17

Bu gün rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev və xanımı Desislava Radeva ilə görüşü olub.

Görüşdə ölkələrimiz arasında münasibətlərin siyasi, iqtisadi, humanitar, energetika sahələrində və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Bolqarıstan Prezidentinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub. Ölkələrimiz arasındakı əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstan Prezidenti Rumen Radevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Azərbaycan Prezidenti İlham Əliyev deyib:

"Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Sizi Azərbaycanda bir daha salamlamaq istəyirəm. Çox şadam ki, ölkəmizə səfərə gəlmisiniz. Nyu-Yorkda BMT Baş Assambleyasının iclasında qısa görüşümüz olub. Dəvəti qəbul edib Azərbaycana səfərə gəldiyinizə görə minnətdaram. Bu, ölkəmizə Sizin ilk səfərinizdir. Əminəm ki, səfər çox uğurlu olacaq.

Tərəfdaşlığımızın inkişaf etdirilməsi ilə bağlı bu gün artıq fikir mübadiləsi apardıq. Əminəm ki, bölüşdüyümüz ideyalar ölkələrimiz arasında daha geniş əməkdaşlığa yol açacaq. Siyasi və iqtisadi sahələrdə əməkdaşlığın səviyyəsindən məmnunuq. Lakin əminəm ki, iqtisadi sahədəki potensialımız bu gün mövcud olan potensialdan daha üstündür. Bu cür yaxşı siyasi münasibətlərə malik olmaqla yanaşı, biz ticarət, investisiya sahələrinə və digər sahələrə də diqqət yetirməliyik. Nəticədə tərəfdaşlığımız daha da genişlənəcək və şaxələnmiş olacaq.

Bolqarıstan bizim üçün çox sıx tərəfdaşdır, dost ölkədir. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində də çox fəal əməkdaşlıq edirik. Səfəriniz bir daha göstərir ki, biz yaxın dostuq və əməkdaşlığımız uğurla davam edəcək.

Sizə Azərbaycanda xoş səfər arzulayıram. Bir daha ölkəmizə xoş gəlmisiniz".

Bolqarıstan Prezidenti Rumen Radev deyib:

"Cənab Prezident, əvvəlcə, icazə verin dəvətə və gözəl ölkənizə səfər etmək imkanına görə nümayəndə heyətim adından Sizə təşəkkürümü bildirim.

Ölkələrimizin rəhbərliyi arasında müzakirələrin aparılması və dialoqun davam etdirilməsi üçün burada olmağımızdan şadıq. Hesab edirik, siyasi dialoqun intensivliyi göstərir ki, xalqlarımız və ölkələrimiz arasında çox yaxşı münasibətlər var. Bununla belə, Siz də qeyd etdiyiniz kimi, siyasi dialoqun səviyyəsi əməkdaşlığımızın bir çox digər sahələrdə inkişafı üçün yaxşı şərait yaradır. İndicə iqtisadi və enerji əməkdaşlığını, imkanlarını və potensialını müzakirə etdik. Biz Cənub Qaz Dəhlizinə dəstək veririk. Azərbaycan Şərqi və Mərkəzi Avropada şaxələndirmə imkanlarının təmin edilməsində mühüm rol oynayır. Buna görə, biz həmin layihəyə dəstəyimizi veririk. Daşımalar, nəqliyyat dəhlizinin yaradılması ilə bağlı çox böyük potensial var. Biz, həmçinin ölkələrimiz üçün vacib olan Bakı ilə Sofiya arasında birbaşa uçuşları müzakirə etdik. Əgər həmin hava xəttini aça bilsək, bütün digər sahələrin inkişafına töhfə vermiş olacağıq".

***

11:59

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər.

Avvəlcə Prezident İlham Əliyev bəyanatla çıxış edib.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

"Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Hörmətli cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.

Mən çox şadam ki, Siz mənim dəvətimi qəbul edib Azərbaycana rəsmi səfərə gəlmisiniz. Səfərin çox böyük əhəmiyyəti var və əminəm ki, çox gözəl nəticələri də olacaq.

Bu gün həm təkbətək formatda, eyni zamanda, nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş görüşlərdə biz Bolqarıstan-Azərbaycan əlaqələrinin müxtəlif aspektlərini geniş müzakirə etdik. Bir daha təsdiqlədik ki, Bolqarıstan və Azərbaycan dost, tərəfdaş ölkələrdir və bizim tərəfdaşlığımızın çox böyük əhəmiyyəti var. İki il bundan əvvəl biz strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzaladıq və əslində, bu Bəyannamənin adı özlüyündə bir göstəricidir. Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar. Siyasi əlaqələrimiz ən yüksək səviyyədədir və bu gün əsas müzakirə mövzusu iqtisadi, nəqliyyat, energetika, turizm sahələrində və digər sahələrdə əməkdaşlığa əsaslanırdı. Bu sahədə böyük perspektivlər ola bilər. Təbii ki, qarşılıqlı ticarət dövriyyəsinin həcmi bizi qane edə bilməz. Bugünkü görüşdə müvafiq göstərişlər verilib ki, aidiyyəti orqanlar ticarət dövriyyəsinin artması ilə bağlı konkret təkliflər təqdim etsinlər.

Eyni zamanda, bu gün mən Prezidentə məlumat verdim ki, onun səfəri ərəfəsində göstəriş verilib, AZAL - Azərbaycan Hava Yolları şirkəti Bakıdan Sofiyaya birbaşa təyyarə uçuşlarını təşkil edəcək. İndi hazırlıq işləri gedir. Əminəm ki, bütün danışıqlar uğurla nəticələnəcək və tezliklə Bakıdan Sofiyaya, Sofiyadan Bakıya təyyarə reysləri açılacaq. Mən bunu da səfərin gözəl nəticəsi kimi qiymətləndirirəm.

Əlbəttə, bu gün biz energetika sahəsindəki əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Biz bu sahədə də strateji tərəfdaşıq. Bolqarıstan Cənub Qaz Dəhlizinin üzvüdür. Bolqarıstan Bakıda bir neçə dəfə keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasında həmişə yüksək səviyyədə təmsil olunmuşdur və Cənub Qaz Dəhlizinin icrası ölkələrimizi bir-birinə daha da yaxın edəcək. Bu, nəhəng transmilli layihədir. Cənub Qaz Dəhlizinin maliyyə tutumu 40 milyard dollara bərabərdir və bu layihə 7 ölkəni birləşdirir. Azərbaycanın nəhəng “Şahdəniz” yatağından qaz Avropa ölkələrinə, region ölkələrinə, o cümlədən Bolqarıstana çatdırılacaq. Əminəm ki, Azərbaycan qazı Bolqarıstanın enerji təhlükəsizliyi məsələlərinin həllində öz rolunu oynayacaq.

Bununla paralel olaraq, bu gün biz energetika sahəsində, xüsusilə qaz sahəsində növbəti əməkdaşlıq planları haqqında fikir mübadiləsi apardıq. Bir halda ki Azərbaycan qazı bir neçə ildən sonra Bolqarıstan bazarına çatdırılacaq, əlbəttə, gələcək əməkdaşlıq üçün də çox yaxşı imkanlar açılacaq.

Mən Prezidenti məlumatlandırdım ki, Bakı-Tbilisi-Qars dəmir yolu yaxın vaxtlarda istifadəyə veriləcək. Bu da tarixi layihədir və əminəm ki, Bolqarıstan da bu layihədə fəal iştirak edəcək. Bu layihə bütün ölkələr, o cümlədən dəmir yolu boyu yerləşən ölkələr üçün yeni imkanlar açacaq.

Əlbəttə ki, biz humanitar sahədə əməkdaşlıq haqqında da danışdıq. Bu sahə həm Bolqarıstan, həm də Azərbaycan üçün çox önəmlidir. İnsanlararası əlaqələr, humanitar əməkdaşlıq, təhsil sahəsində əməkdaşlıq, əlbəttə ki, əlaqələrimizin möhkəm zəminini daha da gücləndirəcək.

Bir sözlə, qeyd etdiyim məsələlər artıq əyani şəkildə göstərir ki, bizim əməkdaşlığımız çoxşaxəlidir və çox uğurludur. Prezidentin səfəri bu sözlərimi bir daha təsdiqləyir.

Cənab Prezident, Sizi bir daha salamlayıram və Sizə ən xoş arzularımı bildirirəm".

***

Sonra Prezident Rumen Radev bəyanatla çıxış edib.

Bolqarıstan Prezidenti Rumen Radevin bəyanatı

"Hörmətli cənab Prezident.

Xanımlar və cənablar.

Azərbaycana ilk rəsmi səfərimdən məmnunam. Öz adımdan və Bolqarıstan nümayəndə heyətinin adından Prezident İlham Əliyevə dəvətə, gözəl ölkənizə gəlmək və bu gün baş tutan məzmunlu, konstruktiv danışıqlar aparmaq imkanına görə böyük təşəkkürümü bildirmək istəyirəm.

Azərbaycan Respublikası və Bolqarıstan Respublikası dost, uzunmüddətli siyasi, mədəni və mənəvi əlaqələr bazasında tərəfdaş ölkələrdir. Bu gün Prezident Əliyev ilə biz əlaqələrin mümkünlüyünü, həm də uzun illər həyata keçirilən intensiv siyasi və iqtisadi dialoqu təsdiq etməklə yanaşı, həm də əməkdaşlığın inkişafı, dərinləşməsi üçün ölkələrimiz arasında münasibətlərin böyük əhəmiyyətini də vurğuladıq. Biz həqiqətən də energetikadan, nəqliyyatdan, əmtəə mübadiləsindən, mədəniyyətdən, təhsildən, turizmdən tutmuş, - gəlin turizmi unutmayaq, - qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlıq aparılmasına imkan verən və iki il əvvəl imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə çərçivəsində mövcud olan yaxşı bünövrənin gerçəkləşdirilməsi istiqamətində əməli addımlar atmağa keçmişik. Bizim həqiqətən konkret addımlar atmağımızın zəruriliyi çox vacibdir. Çünki bizim siyasi əlaqələrimizin daha da inkişaf etməsi üçün böyük imkanlar mövcuddur. Prezident Əliyevin də qeyd etdiyi kimi, ölkələrimiz arasında əmtəə mübadiləsinin həcmi bizi qane etmir. Biz daha yaxşı nəticələrə nail ola bilərik. Yaxşı xəbər budur ki, Azərbaycan rəhbərliyi artıq gələn il yanvarın 1-dən Sofiya ilə Bakı arasında ilk reysi açmağa hazırdır. Bu, Bolqarıstanın Avropa İttifaqında sədrliyə keçməsi prosesi ilə üst-üstə düşür. Bu cəhətdən Bolqarıstan Azərbaycan Respublikasına öz dəstəyini təsdiq edir. Avropa İttifaqı ilə qarşıdakı hərtərəfli razılaşmanın imzalanması ilə əlaqədar Bolqarıstan Avropa İttifaqının Şərq Tərəfdaşlığını, onun qüdrətli, sabit, perspektivli regiona çevrilməsi cəhətdən səylərini və bu istiqamətdə Azərbaycanın siyasətini, bütün mühüm missiyalarda və NATO-da Azərbaycan kontingentinin iştirakını dəstəkləyir. Biz daha böyük nəticələrə nail ola bilərik.

Bolqarıstan Azərbaycanın kənd təsərrüfatının inkişafına, kənd təsərrüfatında, xüsusilə emal sənayesində yeni texnologiyaların tətbiq olunmasına, Azərbaycan Respublikasında əczaçılıq istehsalının inkişafının təşkilinə öz töhfələrini verə bilər. Energetika sahəsindəki yüksək texnoloji imkanları sayəsində Azərbaycan da Bolqarıstan qurumları ilə bizim ölkəmizdə fəal inkişaf etməli olan məişət sektorunun qazlaşdırılmasında, eləcə də Bolqarıstanın yanacaqdoldurma stansiyaları şəbəkəsinin inkişafında birgə işləməyə hazırdır.

Energetika bizi uzun illər birləşdirəcək sahədir və biz “Cənub Qaz Dəhlizi” layihəsinin gerçəkləşdirilməsinə dəstəyimizi təsdiq edirik. Azərbaycan qazın nəqli mənbələrinin və marşrutlarının inkişafı, onun Cənubi və Mərkəzi Avropada real şaxələnməsinə kömək üçün bu layihənin gerçəkləşdirilməsində həlledici rol oynayır. Biz Asiya və Avropa arasında nəqliyyat və qaz dəhlizlərinin inkişafında qarşılıqlı maraqları təsdiq etdik. Bizim ölkələrimiz regionda strateji mövqeyə malikdir və biz bu mövqeyin təqdim etdiyi bütün imkanlardan istifadə etməliyik.

Son illərdə bizim mədəniyyət, təhsil və elmi sahələrdə əlaqələrimiz intensiv inkişaf edir. Mən Prezident Əliyevə Heydər Əliyev Fondu sayəsində Trapezitsa qalasının bərpası layihəsinin həyata keçirilməsinə görə təşəkkür edirəm. Biz hesab edirik ki, bu, həm təhsil, həm də mədəniyyət sahələrində məhsuldar əməkdaşlığın yalnız başlanğıcıdır.

Təhlükəsizlik sahəsinə gəldikdə, əlbəttə ki, mən Azərbaycan Respublikasının müvafiq strukturları ilə əməkdaşlığı dəstəkləyirəm. Həmçinin istəyirəm ki, təhsil sahəsində əməkdaşlıq edərək sizin tələbələriniz bizim ali məktəblərimizdə təhsil alsınlar. Bolqarıstan həqiqətən təkcə Balkan yarımadasında deyil, həm də Qara dəniz regionunda təhlükəsizlik və sabitlik mərkəzidir. Mən ümid edirəm ki, bizim bugünkü görüşlərimiz xalqlarımızın rifahı və təhlükəsizliyi naminə bütün sahələrdə məhsuldar əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edəcək. Təşəkkür edirəm, cənab Prezident".

***

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev və xanımı Desislava Radeva bu gün Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Bolqarıstan Prezidenti Rumen Radev ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Sonra Prezident Rumen Radev və xanımı Desislava Radeva görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anıb, məzarı üzərinə gül dəstələri düzüblər.


Müəllif: Teleqraf.com