13 Oktyabr 2017 13:15
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan bölgədə Belarusun ən etibarlı dostu və strateji müttəfiqidir.

Teleqraf.com xəbər verir ki, bunu Minskdə səfərdə olan Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Belarusun baş naziri Andrey Kobyakov deyib.

Azərbaycan ilə Belarus arasında iqtisadi, mədəni, elmi-texniki əlaqələrin inkişaf tempindən söz açan baş nazir qeyd edib ki, son illər maşınqayırma, kənd təsərrüfatı texnikası və informasiya texnologiyaları istiqamətində əməkdaşlıq yüksələn xətlə inkişaf edir.
Oqtay Əsədov isə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal iqtisadi layihələr haqqında danışıb. Spiker Azərbaycanla Belarus arasında mövcud olan iqtisadi, ticari, elmi, mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra Milli Məclisinin Sədri Oqtay Əsədov, Belarus Şurasının sədri Mixail Myasnikoviç və Belarus parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko Azərbaycan nümayəndə heyətinin Minskə rəsmi səfərinin yekununa dair Bəyannamə imzalayıblar. Bəyannamədə Azərbaycan və Belarus parlamentlərinin iki ölkə arasında iqtisadi-ticari, mədəni, elmi, təhsil sahələrində əlaqələrin inkişafına töhfələri qeyd olunub.

Səfər çərçivəsində Sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Böyük Vətən Müharibəsi Muzeyində olub. Nümayəndə heyəti muzeyin eksponatları ilə tanış olub, İkinci Dünya müharibəsində qəhrəmancasına həlak olmuş həmyerlilərimizin döyüş tarixi ilə maraqlanıb.

Nümayəndə heyəti Minskdə Azərbaycan Ticarət Evinin fəaliyyəti ilə də tanış olub.

Ticarət Evinin rəhbəri Vasif İsmayılov bildirib ki, fəaliyyətə başladığı qısa müddətdə Azərbaycan Ticarət Evi vasitəsilə ölkəmizdən Belarusa 100 tona yaxın meyvə-tərəvəz məhsulları, 8 min şüşə zeytun yağı, 3 min şüşə nar şirəsi, 1200 qutudan artıq çay və digər məhsullar ixrac olunub. Artıq Azərbaycan məhsulları Belarusun ən böyük market şəbəkələrində satışa çıxarılıb.


Müəllif: Cavad