14 Oktyabr 2017 12:19
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev və xanımı Desislava Radeva oktyabrın 14-də İçərişəhərlə tanış olublar.

Teleqraf.com xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov ali qonağa əvvəlcə Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə məlumat verib.

Bildirildi ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib.

Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Dünya əhəmiyyətli bu abidənin qorunub saxlanması və mövcud görkəmdə gələcək nəsillərə çatdırılması üçün Prezident İlham Əliyevin tapşırıqları əsasında 2009-2013-cü illərdə burada konservasiya işləri aparılıb.

Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da Bolqarıstan Prezidentində böyük maraq doğurub.

Gəzinti zamanı ali qonağa və nümayəndə heyətinin üzvlərinə YUNESKO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan abadlaşdırma və bərpa işləri barədə də məlumat verildi. Qeyd edildi ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri var və bunlar dövlət tərəfindən qorunur.

Prezident Rumen Radev Kiçik karvansaradakı Azərbaycan təsviri və dekorativ-tətbiqi sənət mərkəzində – “İncəsənət bağı”ndakı sənət nümunələrinə baxıb.

Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Prezident və xanımı isti təndir çörəyinə qonaq olublar.

Bolqarıstan Prezidenti Rumen Radev tanınmış rəssam Əli Şəmsinin emalatxanasında oldu, burada ona rəsm əsəri hədiyyə edilib.

Gəzinti zamanı qonaqlar orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar sarayı kompleksi ilə də tanış olublar.

Məlumat verildi ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. Abidə Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

Bolqarıstan dövlətinin başçısı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

İçərişəhərlə tanışlıq Prezident Rumen Radevdə və qonaqlarda xoş təəssüratlar yaratıb.

***

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 14-də başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevi və xanımı Desislava Radevanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.


Müəllif: Teleqraf.com