14 Oktyabr 2017 17:44
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təəssüf ki, bəzi ölkələrin vətəndaşları bizim konstitusiyamıza, dövlət sərhədimizə hörmətsizlik göstərirlər.

Bunu Teleqraf.com-a açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycana bu cür hörmətsizliyi qardaş dövlətin vətəndaşlarının etməsi xüsusi ilə təəssüf və təəccüb doğurur: "80 milyon əhalisi olan Türkiyədə öz milli mənsubiyyətinə hörmət etməyən azsayda insanın olması təbiidir. Bizim qanunverciliyə görə, bu cür addım atanlar Azərbaycan dövlətinə qarşı cinayət məsuliyyəti daşıyır.

Bu bizim Cinayət qanunvericiliyinə görə qanun pozuntusudur. Ölkəmizin sərhədlərini icazəsiz keçiblər. Bunu başqa ölkələrin vətəndaşları edirsə, bu çox pisdir. Türkiyə vətəndaşları edəndə isə çox ağrılıdır həm də. Fikrimcə, Türkiyə dövləti məsələ ilə bağlı cinayət işi başlatmalı və onları mühakimə etməlidir. Bu cür qanun pozuntusuna yol verən insanlar cəzalarını almalıdırlar. Amma onların Azərbaycana ekstradisiya olunmasına inanmıram. Bizim Konstitusiyaya görə, başqa ölkələrdə cinayət edən şəxslər başqa ölkəyə verilə bilməz. Əgər onun törətdiyi əməl bizim qanunda da cinayət sayılırsa, onda həmin şəxs burada mühakimə olunur və cəzasını da burada çəkir. Türkiyədə də belə olmalıdır. Ona görə onların orda mühakimə olumasını gözləməliyik”

Sahib Məmmədov oktyabrın 11-də Avropa Şurasının Parlament Assambleyasında Türkiyə Böyük Millət Məclisinin CHP-dən olan millət vəkilləri - Dəniz Baykal, Gülsün Bilgəhan və İlhan Kəsicinin Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı tənqidi hesabat üzrə qətnamənin lehinə səs verməsinə də münasibət bildirib:

“Türkiyənin müxalifət partiyasından olan deputatlarının çıxışlarına görə, Türkiyə qanun çərçivəsində heç nə edə bilməz. Elə bizdə də işdir bizim deputat Türkiyə əleyhinə nəsə desəydi, yaxud səs versəydi, heç nə edə bilməzdik. Amma bizdə qardaş Türkiyənin mənafelərinə uyğun olmayan mövqe tutan kəsə elə cəmiyyətin qınağı bəs edərdi. Biz də Türk cəmiyyətindən bunu gözləməliyik.

Azərbaycanın rəsmi şəxsləri, siyasətçiləri, tanınmış ictimai və siyasi xadimləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri heç vaxt Azərbaycanın və Türkiyənin maraqları arasında fərq qoymayıblar. Bütün bunlar bizim cəmiyyət üçün ciddi suallar doğuracaq".

Qeyd edək ki, Türkiyənin 4 vətəndaşı Azərbaycanın işğal altında olan ərazilərinə qeyri-qanuni səfər ediblər. Türkiyəli millət vəkilləri isə Avropa Şurasının Parlament Assambleyasında Azərbaycanla bağlı aparılan müzakirələrdə Türkiyə Böyük Millət Məclisinin CHP partiyasından olan millət vəkilləri Azərbaycan əleyhinə səs veriblər.


Müəllif: İlhamə Əbülfət