16 Oktyabr 2017 17:06
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb dünyası açıq-aşkar tələblər qoymağa başlayıb.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

ABŞ Helsinki Komissiyasının oktyabrın 18-də Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda keçirəcəyi dinləmələri şərh edən Q.Hüseynli amerikalı senator Kristofer Smitin bu işdə daha çox fərqləndiyini bildirib: “Hazırda ABŞ-ın Helsinki Komissiyasının sədri olan konqresmen Smit vaxtilə Demokratlar Partiyasının, sonra Respublikaçılar Partiyasının üzvü olub, indi də ABŞ-dakı erməni lobbisinin ən fəal nümayəndələrindən biridir. O, Azərbaycanla bağlı xoşagəlməz davranışları və ölkəmizə dair qəbul edilən sanksiya xarakterli aktlarla yadda qalıb. Kristofer Smit son dövrlərdə daha da fəallaşıb, demokratiya aktı adı altında qərar layihəsini qanunverici məclisə təqdim etməyə çalışır. Görünən odur ki, ABŞ-dakı müəyyən dairələr Ermənistanla Azərbaycan arasında müharibənin xarakterini deyəsən, ermənilərin yozduğu kimi başa düşməyə başlayıblar. Ermənilər hər yerdə özlərinin işğalçı mövqelərini gizlətmək üçün bunu xristian-müsəlman müharibəsi kimi təqdim edirlər. Halbuki, bu münaqişədə dini mənsubiyyətdən heç bir əsər-əlamət yoxdur. Söhbət Ermənistanın Azərbaycana açıq-aşkar təcavüzündən gedir. Helsinki Komisiyası Ermənistanın komissiyanın prinsiplərini dəfələrlə pozmasına baxmayaraq, onun haqqında bir dəfə də olsun, qınayıcı bəyanat yaymayıb. Son zamanlar bu qaragüruhçuların demək olar hamısı bir dəstədə birləşib. Bu dəstənin fəaliyyətini koordinasiya edən də, sözsüz ki, Amerika Erməni Milli Komitəsi – ANKA-dır. ANKA maliyyədən tutmuş digər hər şeyi bu dəstə üçün təmin edir və çox qızışdırıcı bir rol oynayır”.

Politoloq qeyd edib ki, Helsinki Komissiyası və ABŞ Konqresinin bəzi üzvləri bölgədə müharibə təhlükəsindən belə qorxurlarsa, o zaman torpaqları azad etmək üçün işğalçıya təzyiq etsinlər: “Əksinə, onların yol verdikləri əməllər təcavüzkarı daha da şirnikləndirir. Onu yeni bədxah əməllərə sövq edir. Nəticədə münaqişənin eskalasiyasının əsas səbəbkarı qismində Ermənistan çıxış etmiş olur”.

Politoloq Helsinki Komissiyasındakı dinləmələri şiddətlə qınadığını vurğulayıb: “Bu dinləmələr işin xeyrinə, proseslərin sadələşməsinə xidmət etmir. Əslində onlar qızışdırıcı mövqe tutublar və Azərbaycana qarşı birtərəfli qaydada hansısa sanksiyaların qəbul edilməsinə çalışırlar. Belə çıxır ki, təcavüzkar qıraqda qalıb əllərini ova-ova baş verənləri ləzzətlə seyr edəcək, torpaqları işğal olunmuş və bir milyondan artıq əhalisi məcburi köçkün vəziyyətində yaşayan Azırbaycan isə Qərb dövlətlərinin dırnaqarası faktlar əsasında keçirdiyi dinləmələri seyr etmək məcburiyyətində qalacaq. Bütün bunlar beynəlxalaq hüquq normalarına tamamilə ziddir, bu normaları çeynəməkdir və sözün həqiqi mənasında Azərbaycana qarşı yol verilmiş təfriqə və təxribatdır. Yəqin ki, Azərbaycan tərəfi bu dinləmələrlə bağlı öz mövqeyini ortaya qoyacaq və ciddi bəyanat qəbul edəcək”.


Müəllif: Səxavət HƏMİD