16 Oktyabr 2017 18:23
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın nüvə məsələsinə dair əldə edilən razılaşmanın qorunub saxlanılması üçün onun çatışmayan cəhətlərini aradan qaldırmaq zəruridir.

Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə İsrailin Baş naziri Binyamin Netanyahu çıxış edib.

ABŞ Prezidenti Donald Trampın İranla nüvə razılaşmasına dair çıxışını “Fox Nyus” telekanalına şərh edən baş nazir bu məqamın ABŞ-ın yeni İran strategiyasının əsas nöqtəsi oilduğunu vurğulayıb.

B.Netanyahu razılaşmaya dəyişiklik edilməməsinin onun aradan qaldırılmasına bərabər olduğunu qeyd edib: “Prezident (D.Tramp nəzərdə tutulur-müəll.) sözün əsl mənasında çox uzaqgörən hərəkət etdi. O bildirdi ki, siz razılaşmaya dəyişiklik etməsəniz, mən onu ləğv edəcəyəm. Başqa sözlə, razılaşmanı xilas etmək üçün ona düzəliş etmək lazımdır. Bu müddət razılaşmanın iştirakçısı olan digər ölkələrin hökumətlərinə imkan verəcək ki, prezidentin təklifini dərk etsinlər”.

Onun fikrincə, ABŞ-ın iqtisadi üstünlükləri ona Avropadakı tərəfdaşlarını nəzərə almadan da fəaliyyət göstərməyə imkan verir: “Əgər avropalılar azca düşünsələr, anlayarlar ki, Prezident onları gözləyən təhlükədən qaçmağa imkan yaradır”.

Qeyd edək ki, oktyabrın 13-də D.Tramp İranla bağlı yeni strategiyasını elan edib. Bu siyasət daha sərt addımların atılmasını özündə ehtiva edir.


Müəllif: Səxavət