16 Oktyabr 2017 22:44
1 722
12 Punto 14 Punto 16 Punto 18 Punto

100 il əvvəl Türkiyə üçün erməni qabarıq faktor idi. Türkiyəni daxildən parçalamağa cəhd edən, habelə xarici qüvvələrə sığınaraq Türkiyəyə xəyanət rolunda çıxış edən faktor ermənilər idisə, indi bu rolu bəzi kürd şəbəkələri həyata keçirir. Şimali İraqda keçirilən referendumun hədəfində Türkiyə var. Bu HDP, PKK, YPG, PYD-nin vahid hədəfidir və məqsəd Türkiyə, İraq və Suriya ərazilərini Böyük Kürdüstanın ərazilərinə qatmaqdır. Bunu Türkiyə, İran və İraq gözəl bilir. Odur ki, indi İraq hökuməti Türkiyə ilə eyni mövqedən çıxış edir. Başqa sözlə, PKK, PYD və digər qüvvələrə qarşı savaşda mövqelərini bölüşür. İndi Türkiyənin İraq ordusu ilə müştərək işlər görmək imkanı var. İraq PKK-nı tanımır, Şimali İraqda keçirilən referendumu qəbul etmir və Türkiyə ilə eyni mövqeni bölüşürsə, deməli İraq türkmanlarının taleyi haqqında narahat olmaq əsaslarının biri azalır.

Bunu Teleqraf.com-a “Borçalı” Təşkilatının sədri Zəlimxan Məmmədli İraq ordusunun Kərkük istiqamətində keçirdiyi hərbi əməliyyatları şərh edərkən deyib.

Məmmədli xatırladır ki, tarixi türkman torpaqlarına PKK və ya peşmərgə deyilən qüvvələr daima hücum edib və qətliamlar törədib:

“Beləcə zaman-zaman bu bölgələrin türkmansızlaşdırılması və kürdləşdirilməsi prosesi gedirdi. Söhbət Mosuldan, Kərkükdən və elə Ərbilin özündən gedir. Bu plan çoxdan işlənilirdi. İndi yaxşıdır ki, Kərkük bu məsələdə özünü itirmədi. Kərkükdə türkmanlar siyasiləşib, təşkilatlanıb, özlərinin siyasi qurumları var. Üstəlik şəhərdə İraq hökumətinin və parlamentinin təmsilçiləri var. Mümkündür ki, onların nüfuz dairəsi geniş deyil, amma ümumilikdə İraq Türkman Cəbhəsi ayaq üstədir, mübarizəsini aparır, müqavimət göstərmək istəyir və türk dövlətləri başda olmaqla dünyadan da dəstək istəyir. Bu göstərir ki, daxildə türkmanlar təşkilatlanırlar”.

Müsahibimiz qeyd edib ki, ümumilikdə Türkiyənin Suriyaya daxil olması, bu cinahlarda PKK və PYD-nin təsir dairələrinin azaltması, İŞİD-in buradan qovub çıxarmasında imkanlarına sahibi olması, deməyə əsas verir ki, Suriyadakı türkmanları da təhdid edən dəhlizlər bağlanır:

“Bu baxımdan indiki zamanda Türkiyə oyunun mərkəzindədir. Hesab edirəm ki, yaxın gələcəkdə Türkiyə İraq türkmanlarının taleyi baxımından daha ciddi addımlar ata bilər. Ən azından İraq Kürdüstan dövləti rəsmən elan etməsi haqqında qərar verərsə, bu zaman Ankara anlaşması işə düşə bilər. Bu isə o deməkdir ki, Türkiyə bölgəyə qeyd-şərtsiz ordu yeritmək hüququna malik olacaq. Hazırda vəziyyət dramatikdir. Hər halda son addımlar nikbin olmağa əsaslar yaradır. İran, Türkiyə, Rusiya və İraq eyni mövqeni bölüşürsə, bu yaxşı haldır. Bu prosesin nə qədər çəkəcəyi də bilinmir. ABŞ-da bilir ki, bu bölgədə Rusiya gəldi-gedərdi. Daimi Türkiyədir”.

Zəlimxan Məmmədli hesab edir ki, İraq ordusunun Kərkük istiqamətli hərəkətlənməsi davam etməlidir:
“İraq hökuməti və parlamenti qərarını verib, ordu dünən axşamdan Kərkük istiqamətində əməliyyatlara başlayıb. Mənə elə gəlir ki, bu addım həm də İraq türkmanları üzərinə gələn təhdidlərin dəf edilməsi baxımından müsbət addımdır. Yəni kənar müdaxilə yoxdur, İraq ordusu bu işi görürsə, buna kənar dövlətlərin irad bildirmək imkanı yoxdur. Məncə, indi baş verənlər alt qatlarda Türkiyə ilə razılaşdırılıb”.


Müəllif: Cavad