17 Oktyabr 2017 14:13
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 18-də İtaliya Senatının binası olan “Palazzo Giustiniani” sarayında “Azərbaycan və İtaliya arasında 25 illik əməkdaşlıq: strateji tərəfdaşlığa aparan yol” adlı konfrans keçiriləcək.

Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliyanın “Scenari İnternazionali” online jurnalına müsahibəsində bildirib. Müsahibədə diplomat tədbir keçiriləcək 18 oktyabr tarixinin Azərbaycan tarixində önəmli günlərdən olduğunu, 1991-ci ilin həmin günündə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktının qəbul edildiyini deyib.

M.Əhmədzadə bu il ərzində Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin 25 illiyi münasibətilə silsilə tədbirlərin keçirildiyini, bu tədbirlərin iki ölkə arasında münasibətlərdə əldə edilmiş nəticələrin geniş ictimaiyyətə təqdim olunması üçün əhəmiyyətli olduğunu qeyd edib, İtaliya Senatında təşkil olunacaq konfransda hər iki ölkədən hökumət və parlament rəsmilərinin iştirak edəcəyini və Azərbaycan-İtaliya strateji tərəfdaşlığının bütün aspektlərinin müzakirə olunacağını bildirib.

Diplomat, müsahibə zamanı Azərbaycan-İtaliya əməkdaşlığı, Azərbaycan-Avropa İttifaqı münasibətləri, Azərbaycanda davamlı inkişafın təmin olunması istiqamətində atılan addımlar və onların nəticələri, ölkəmizdə təşkil olunan beynəlxalq səviyyəli tədbirlərlə bağlı sualları cavablandırıb.


Müəllif: Səxavət