18 Oktyabr 2017 13:46
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Kaliforniyanın Fullerton Kollecinin dəvətilə həmin kollecin tələbə və müəllim heyəti qarşısında Azərbaycana dair geniş mühazirə ilə çıxış edib.

Baş konsulluqdan Teleqraf.com-a verilən məlumata görə, mühazirədə N.Ağayev Azərbaycanın geostrateji mövqeyi, tarixi, zəngin mədəniyyəti, neft strategiyası, müstəqil dövlət kimi inkişafı, ABŞ və qonşu dövlətlərlə münasibətləri barədə ətraflı məlumat verib. Diplomat, Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələri haqqında da danışıb.

Baş konsul daha sonra Ermənistanın ölkəmizə qarşı təcavüzü, işğalçılıq və etnik təmizləmə siyasəti barədə mühazirə iştirakçılarını məlumatlandırıb.

Çıxışdan sonra N.Ağayev tələbələrin suallarını cavablandırıb.

Qeyd edək ki, 25 min tələbənin təhsil aldığı Fullerton Kolleci Kaliforniyanın ən qədim ali təhsil müəssisələrindəndir.


Müəllif: Səxavət