20 Oktyabr 2017 08:44
1 855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erkin Qədirlinin siyasətdən getdiyi haqda son açıqlaması birmənalı qarşılanmayıb. Qədirlinin bu addımına görə həm sevinənlər, həm də sevinməyənlər olub.

Teleqraf.com-un xəbərinə görə, ənənəvi müxalifət nümayəndələrinin sosial şəbəkədəki aktiv üzvləri Qədirlinin bu addımına təqdir edib, hətta bu addımdan digərlərini də nümunə götürməyə səsləyib.

Qədirlinin üzvü və uzun illər ikinci şəxsi olduğu Respublikaçı Alternativ Hərəkatı (REAL) isə hələlik susqunluq nümayiş etdirir. Bu fakt göstərir ki, əslində REAL daxilində hansısa proseslər gedir və Qədirli də bu proseslərin nəticəsi olaraq siyasətdən kənarlaşmaq qərarına gəlib.

Qeyd edək ki, hələ bir müddət əvvəl Erkin Qədirli REAL-ın rəsmən ikinci şəxsi idi və hərəkat adına bir sıra açıqlamlarla çıxış edirdi. Lakin bu proses uzun sürmədi. Günün birində REAL İdarə Heyəti toplanaraq Erkin Qədirlinin hərəkat adından açıqlama verməsini qadağan etdi. Bununla da Qədirli tədricən REAL-ın İlqar Məmmədovdan sonra ikinci şəxsi olmaq statusunu itirməli oldu. Buna baxmayaraq, onu çoxları indi də REAL-ın ikinci şəxsi kimi qəbul etməkdədir. Son aylar isə o, ümumiyyətlə mətbuata açıqlama və müsahibələr verməkdən imtina etdi.

Əldə etdiyimiz məlumata görə, Erkin Qədirlinin siyasətdən getməsi təsadüfi deyil. Məlumata görə, Qədirlinin siyasətdən getməsi haqda açıqlaması REAL-ın siyasi partiyaya çevrilməsi ərəfəsində verilib. Oktyabrın 29-da REAL özünün qurultayını keçirərək partiya statusunu alacaq. Qədirli isə bəyan edir ki, sıravi partiya üzvü olaraq qalacaq, ancaq partiyada hər hansı vəzifə tutmayacaq. Xəbərə görə, qurultayda partiyanın ikinci şəxsi statusunu Azər Qasımlı əldə edəcək. Çünki İlqar Məmmədov başda olmaqla böyük çoxluq bu ideyanı dəstəkləyir. Nəzərə almaq lazımdır ki, REAL daxilində siyasi partiyaya çevrilib-çevrilməmək müzakirəsində ciddi fikir ayrılıqları müşahidə edilib. Qədirli tədricən siyasi partiyaya çevrilmək və bu məsələdə tələsməmək ideyasını müdafiə etsə də, Azər Qasımlı əks ideyanı müdafiə edib. Görünən odur ki, İlqar Məmmədov başda olmaqla çoxları Qasımlının təklifini haqlı sayıb. Qədirli hazırda REAL-da ikinci şəxs statusuna de-fakto qoruya bilsə də, qurultay və ondan sonra rəsmi ikinci şəxs statusunda qala bilməyəcək. Görünən odur ki, Erkin Qədirli bu məqamı nəzərə alaraq siyasətdən çəkilməsi ilə həm də incidiyini ifadə edib.


Müəllif: Cabbar