20 Oktyabr 2017 13:18
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan nümayəndə heyəti Avropa Şurasının sessiyasında aktiv oldu və ölkənin maraqlarını yüksək səviyyədə müdafiə etməsi ilə yadda qaldı. Amma bu sessiya bizim üçün asan olmadı. Buna səbəb yalnız Azərbaycanla bağlı bir neçə sənədin hazırlanması deyildi. Sessiyanın bir neçə günü Azərbaycana həsr olundu. Azərbaycan məsələsi Avropa Şurasının plenar iclası ilə yanaşı komitə və qruplarda da müzakirə edildi.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin sədri Səməd Seyidov deyib.

O bildirib ki, Azərbaycan məsələsinin nəyə görə gündəliyə gətirilməsi tam aydın idi: “Avropa Şurası daxilində gedən proseslər ona dəlalət edir ki ,bu qurum hansısa ölkəni hədəf seçərək öz problemlərini həll etməyə çalışır. Heç kəs inkar etmir ki, ölkədə müəyyən problemlər mövcuddur. Xüsusilə monitorinq altında olan öllkələrdə. Belə ölkələrin sayı ondan az deyil. Amma nədənsə onların hamısı bir kənara qoyulur və Azərbaycanın üzərinə düşülür”.

Komitə sədri bildirib ki, Azərbaycanla bağlı qətnaməni dəstəkləyənlərin arasında ölkəmizə nifrət edən deputatlar da oldu: “Məsələn, cənab Kristofer Ştrasser və digərləri. Belə deputatlar Azərbaycanı hədəf seçərək qeyri-obyektiv çıxış edirdi”.

Səməd Seyidov qeyd edib ki, Avropa Şurası Azərbaycan üçün vacib təşkilat, beynəlxalq tribuna və məkandır:

“Hesab edirəm ki, Azərbaycanı bu məkandan mərhum etmək istəyirlər. Bu səbəbdən də bizim düşmənlərimiz aktiv fəaliyyətdə oldular. İclaslar zamanı çıxış edən şəxslər qəbul edilən sənədlərə elə əlavələr təklif edirdilər ki, onlar ümumiyyətlə, həiqəti əks etdirmirdi. Təəssüf ki, erməni lobbisinin dəstəyi ilə bu təkliflərin müəyyən hissəsi qəbul edildi. Avropa Şurası baş katibi Yaqland insan haqlarının aliliyi pronsipindən istifadə edərək, Azərbaycana təzyiqlər edir. Bir milyondan çox qaçqını olan ölkəyə belə təzyiqlər ədalətsizlikdir. Avropa Şurasında olan sağlam qüvvələr də bu şəxslərin girovuna çevrilib”.

Komitə sədri iki məqamın üzərində xüsusilə dayanıb:

“Birincisi, Ukraynadan olan deputatlar Azərbaycan əleyhinə olan qətnaməyə səs verdilər. Azərbaycan-Ukrayna münasibətləri inkişaf mərhələsini yaşayır. Bizim əleyhiməz səs verən ukraynalı deputatlar elə Ukraynanın əleyhinə də səs vermələri ilə tanınırlar. Prezident Poroşenkonun partiyasını çıxmaq şərti ilə digər partiyadan olan deputatlar bizim əleyhimizə səs verdilər.

İkinci məqam Türkiyədən olan bəzi deputatların Azərbaycan əleyhinə olan sənədə səs verməsidir. Azərbaycan-Türkiyə nümayəndə heyətləri daim birgə fəaliyyət göstərib. Ona görə də bir neçə deputatın əleyhimizə səs verməsi ümumi mənzərəyə təsir etməyəcək. Çünki bizim Türkiyə ilə əlaqələrimiz möhkəmdir və bu münasibətləri heç bir qüvvə poza bilməz”.

S.Seyidov qeyd edib ki, nümayəndə heyəti 16 ildir AŞ-da fəaliyyət göstərir:

“Nümayəndə heyətinin üzvləri artıq konmitə sədrləri, məruzəçilər, akt komitə rəhbərləri, ölkələr üzrə məruzəçilərdir. Onlar öz çıxışlarında Azərbaycanın Qarabağ problemini qaldırır və həqiqətləri deyirlər. Bizə olan hücumların bir səbəbi də buna görədir. Biz Avropa Şurası ilə münasibətləri ciddi təhlil etməliyik. Heş bir dövlət özünə təzyiqi qəbul etməz. Avropa Şurası Avropa demək deyil. Avropa məkanı çox böyükdqür. Əlimizdən gələni etməliyik ki, Azərbaycan-Avropa Şurası əlaqələri qarşılıqlı hörmət şəklində davam etsin. Təzyiqlər isə Azərbaycanın uğurlu siyasəti konteksində ölkəmizi istəməyən qüvvələrin işidir”.

Spiker Oqtay Əsədov isə bildirib ki, Ukrayna ilə bağlı deyilənlərlə razılaşmaq olar: “Ancaq digər məsələdə iqtidar partiyasının deputatları bitərəf qalıb.

AŞ-nın baş katibi Yaqland Azərbaycana düşmən mövqedə durur. Bu yaxınlarda mən Avropa Birliyinə daxil olan 28 dövlətin səfirini qəbul etdim. Onlara da bildirdim ki, əgər Avropa Şurası Azərbayacna qarşı Avropa Konvensiyasının 46-cı maddəsini tətbiq edərsə, biz Azərbaycan-Avropa Şurası münasibətlərinə yenidən baxa bilərik. Bu saat Avropa Məhkəməsinin 10 mindən çox qərarı yerinə yetirilmir, hətta cərimələri də ödəmirlər. Ancaq nədənsə bu dövlətlərlə bağlı bir söz deyilmir. Yaqland 10 min işi kənara ataraq, Azərbaycandan yapışıb”.


Müəllif: Cavad