21 Oktyabr 2017 09:15
1 672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Marneuli rayonunun Qızılhacılı kəndində ötən il keçirilən parlament seçkiləri zamanı da gərginlik yaşanmışdı.

Bunu Teleqraf.com-a açıqlamasında “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirib. O, qeyd edib ki, Qızılhacılı kəndinin bu cür hadisələrin mərkəzinə çevrilməsinin kökündə nəyin dayandığını təhlil etmək, dərinə getmək lazımdır:

“Sual olunur, Gürcüstanda destruktiv cərəyan varmı ki, etnik, dini zəmində qarşıdurma yaratsın. Müəyyən cəhd edənlər var. Bizə bəllidir ki, bu istiqamətdə açıq şəkildə fəaliyyət göstərən dövlətlər, Azərbaycanla Gürcüstan arasında soyuqluq yaratmağa çalışan Kreml, Tehran, İrəvan var. Eyni zamanda PKK təmayüllü zehniyyət mövcuddur. Onlar bu gərginliyin yaranmasında maraqlıdırlar. Gürcüstan quru məsafəsi olaraq Türkiyə ilə Azərbaycan arasında toplumun etnik zəmində yaxınlaşmasını təmin edir. Həmin qüvvələr isə bunu əngəlləmək üçün çalışırlar. Yəni, bunlar real işlərdir. Hərə öz maraqlarına uyğun fəaliyyət göstərir. Burda da bir hadisə baş verib. Oktyabrın 21-də keçiriləcək seçkidə namizəd olan bir şəxs silahla vurulur. Bu hadisənin seçki ilə bağlı, yaxud etnik zəmində qarşıdurma və ya xaotik vəziyyət yaratmaq cəhdi olduğunu demək çətindir. Bu hadisənin azərbaycanlılarla gürcülər arasında etimadsızlığı dərinləşdirmək üçün atılan məqsədyönlü addım, yaxud kriminal, bir “razborka”nın nəticəsi olduğu sualı da açıq qalır. Suallar çoxdur. Bu suallar araşdırma istəyir”.

Z.Məmmədli bildirib ki, konkret olaraq onun üçün formalaşmış mövqe bunan ibarətdir:

“Hadisə baş verib, amma qarşıda həm Gürcüstan dövlətçiliyi, həm də soydaşlarımız üçün çox əhəmiyyətli bir proses var. Yerli icra hakimiyyəti orqanlarına seçkilər keçiriləcək. Marneuli də spesifik, mübarizə gedən bir rayondur. Keçən il parlament seçkilərində Əhməd İmamquliyev faktoru yəqin ki, yadınızdadır. Onun halal haqqı özünə verilmədi. İndinin özündə də revanş götürənlər, iddialılar var”.

Müsahibimiz qeyd edib ki, azərbaycanlı namizəd öz halal haqqı olaraq seçilə bilər:

“Baş verən insident bu inancı pozmaq cəhdi də ola bilər. Yəni, insanları qorxutmaq, seçkidən çəkindirmək, onları mənəvi düşkünlüyə yuvarlatmaq və sair. Amma bunlar versiyalardır. Təbii ki, cinayət işi açılıb. İctimai nəzarət altında obyektiv istintaq getməlidir. Əgər dələduzlardırsa, ara qarışdırmaq istəyirlərsə, ifşa olunmalıdırlar. Kriminaldırsa, səbəbi bəlli olmalı və instintaqın obyektiv keçirilməsi heç kimdə şübhə doğurmamalıdır. Ora QHT, media, o cümlədən ictimaiyyət nümayəndələri daxil edilməlidir. Onların bu istintaq prosesində olmasını faydalı hesab edirəm. Bir sıra suallar var ki, həmin sualları önləmək üçün də bu çox önəmli işdir. Bununla belə, baş verən hadisənin seçki prosesini pozmamasının vacib olduğunu düşünürəm. Soydaşımız dünən, srağagün olduğu kimi aktiv şəkildə seçki məntəqlərinə getməlidir”.

Z.Məmmədli bütün hallarda baş verən hadisəni Gürcüstanda yaşayan azərbaycanlıların hamısının adına yazmağı doğru hesab etmədiyini vurğulayıb:

“Cinayətkar, narkoman, oğru, dələduz, anasının əmcəyini kəsən hər yerdə, o cümlədən Borçalıda da var və bundan sonra da olacaq. Amma Borçalı saf bir toplumdur və “bu toplumun içində belə hallar olmamalıdır” deyə bilərik. Arzularımızı, niyyətimizi bildiririk. Amma heç kim heç zaman belə şeylərdən sığortalanmayıb. O baxımdan burda hadisənin fəlsəfəsinin tam aydınlaşması üçün dediyim məsələlərin ardıcıl olaraq həyata keçməsi zəruridir. Hadisələri izləyirik və “Borçalı” Cəmiyyəti adından hökmən mövqeyimizi bəyan edən bir yazılı açıqlamamız olacaq”.

Qeyd edək ki, oktyabrın 19-da Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının Marneuli rayonunun Qızılhacılı kəndi üzrə bələdiyyə üzvlüyünə namizədi Ceyhun Çovdarov və onu müşayiət edən üç nəfər güllələnib. İnsident seçki qərargahının yaxınlığında baş verib. Yaralananlar təcili tibbi yardımla xəstəxanaya çatdırılıb. Onların həyatları təhlükə altında deyil. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən ağır xəsarət yetirmə maddəsi üzrə istintaq aparılır.


Müəllif: Səxavət HƏMİD