1 Noyabr 2017 15:19
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan, Rusiya və İran liderlərinin görüşünün əhəmiyyəti olmasaydı, bu görüş təkrarlanmazdı. İndiki formatda belə bir görüş ilk dəfə Bakıda keçirilib. İndi bu görüşün Tehranda davam etdirilməsi göstərir ki, tərəflərin ortaq marağı var və bu, birinci növbədə həyata keçirilən layihələrlə bağlıdır.

Bu fikirləri Teleqraf.com-a politoloq Rasim Musabəyov bu gün Tehranda keçirilən Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünü şərh edərkən deyib.

Musabəyov qeyd edib ki, dəmiryolunun çəkilməsi ilə bağlı məsələdə Azərbaycan sadəcə, iştirak etmir. Onun sözlərinə görə, Azərbaycana kiçik portniyor kimi baxmaq əsla doğru olmazdı:

“Şimal-Cənub” nəqliyyat dəhlizi əhəmiyyətli layihədir. Azərbaycan demək olar ki, bu layihənin aparıcı qüvvəsidir. Maliyyə yükünü boynuna götürür, bir çox məsələləri özü həyata keçirir. Məsələn, Astara-Astara yolunu Azərbaycan tikəcək, özü idarə edəcək. Odur ki, bunlar çox əhəmiyyətlidir. Məhz bu və digər əhəmiyyətli məsələlərə görə, Tehran görüşündə ancaq Rusiya və İranın deyil, həm də Azərbaycan prezidentinin iştirakı arzu edilir.

İkinci əsas məsələ Xəzər hövzəsi, burada əməkdaşlıq və təhlükəsizliklə bağlıdır. Bu məsələdə də Azərbaycan kiçik portniyor deyil. Əksinə, çox əhəmiyyətli tərəfdaşdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Xəzərin mərkəzində yerləşir. 2018-ci ildə Xəzərin statusu haqqında qərar verməlidir. Bununla bağlı Xəzəryani ölkələrin sammiti keçiriləcək. İndi Xəzərdə razılaşdırılmayan məsələlərlə bağlı prezidentlər Tehranda müəyyən müzakirələr apara və böyük hissənin həllinə nail ola bilər.

Üçüncü, geniş mənada təhlükəsizlik məsələləri var. Hazırda bölgə təlatümlü mərhələ yaşayır. Belə bir mərhələdə təhlükəsizlik təminatı ilə bağlı birgə səylərin götərilməsi zərurəti var. Burada da elə məqamlar var ki, onların ən yüksək səviyyədə müzakirəsi lazımdır. Qeyd etdiyim bu məqamlar Tehran görüşünün əhəmiyyəti və zərurəti haqqında dolğun fikir yaratmalıdır”.

Politoloq qeyd edib ki, Bakı-Tiflis-Qars layihəsini “Şimal-Cənub” nəqliyyat dəhlizinə qarşı qoyamaq da doğru deyil:

“Bakı-Tiflis-Qars layihəsinə qısqanclıq Ermənistan tərəfindəndir. Çünki Ermənistan bu layihədən sonra ofsaytda qalır. İranın isə özünün Türkiyəyə çıxışı var. Mərkəzi Asiyadan İrana daxil olan dəmir yolu var və bu yolun İrandan Türkiyəyə çıxışı mövcuddur. Yəni İran kənarda qalmayıb. İndi dünya ticarətinin həcmi artır, çoxşaxəlilik dəmir yolu üçün də vacib amildir. Nəzərə alsaq ki, İran müəyyən mənada sanksiya altına düşə bilər, bu halda ikinci yolun olması elə İranın özü üçün də vacibdir. Yəni Şimal-Cənub Dənizli tikildiyi halda İranın da bu yoldan istifadə etmək imkanı yaranır. Üstəlik bərə vasitəsilə Mərkəzi Asiya ilə bağlantı da mövcuddur. Yəni bu layihələri bir-birinə qarşı qoymağa ehtiyac yoxdur. Əksinə, Bakı bu yolların kəsişən mərkəzidir. Hamı maraqlı olacaq ki, Azərbaycanla əməkdaşlıq həyata keçirsin. Rusiyanın özünü götürək. Rusiya malları Sibirdən birbaşa çıxa bilər. Amma Cənubi Avropaya və Türkiyəyə dəmiryolu çıxışı böyük ehtimalla Azərbaycandan keçməklə çata bilər. Çünki bu ən qısa və tariflər imkan versə, ən yaxşı marşurutdur. Odur ki, bu layihələri bir-birinə qarşı qoymaq olmaz. O da bəllidir ki, bu layihələri reallaşdırdıqdan sonra Azərbaycanın iqtisadi gəlirləri ilə yanaşı geosiyasi çəkisi də artacaq”.

Qeyd edək ki, bu gün Tehranda Rusiya, Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir. Görüş zamanı liderlərin enerji, nəqliyyat sahəsində əməkdaşlıq, “Şimal-Cənub” nəqliyyat dəhlizi, onun Qərb qolu layihəsi, Rusiyadan Azərbaycana qaz ixracının artırılması, neft hasilatının azaldılması üzrə OPEK+ müqaviləsinin müddətinin uzadılması, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərini müzakirə edəcəkləri planlaşdırılır.


Müəllif: Cavad