3 Noyabr 2017 09:39
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan, İran və Rusiya prezidentlərinin noyabrın 1-də Tehranda keçirilən ikinci üçtərəfli görüşünü çox mühüm və faydalı görüş kimi qiymətləndirmək mümkündür.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib.

Onun sözlərinə görə, görüşün faydası odur ki, Şimal-Cənub dəmiryolunun işə salınması barədə qəti qərar qəbul olundu:

“Bu istiqamətdə işlər davam etdirilir. Bu Azərbaycana, İrana və Rusiyaya xeyli gəlir gətirəcək. Ümumiyyətlə, bu, Avropadan Hindistana ən yaxın və ən qısa yol ola bilər. İkincisi, görüşün mühüm əhəmiyyəti İranla Rusiya arasında atom enerjisi, energetika və digər sahələrdə əməkdaşlıq, neft-qaz sahələrinin birgə işlənilməsi, nəhayət, Suriya məsələsində ortaq məxrəcə gəlinməsidir. Bunlar hamısı mühüm məsələlərdir. Azərbaycan regional dövlətdir. Regionda baş verən hadisələrin bizə də dəxli var. Üstəlik, digər iki ölkə kimi biz də bu əməkdaşlıqdan öz mənfəətimizi götürürük”.

İran-Rusiya-Azərbaycan üçtərəfli əməkdaşlıq formatının əhəmiyyətinə toxunan Z.Əlizadə Azərbaycanın iki qüdrətli qonşusu ilə ortaq məxrəcə gəldiyini, ortaq mənafelərə uyğun olan məsələləri müzakirə etdiyini vurğulayıb: “Bu format Azərbaycanın dövlət kimi əhəmiyyətini göstərir. Göstərir ki, biz vəzni olan dövlətik”.

Bununla belə Z.Əlizadə iqtisadi əməkdaşlığın mövcud durumunun üç ölkənin iqtisadi potensialına cavab vermədiyini vurğulayıb:

“Üç ölkənin iqtisadi potensialı daha böyükdür. İqtisadi-ticarət əlaqələrinin daha üstün səviyyəyə qaldırılmasına, daha da genişləndirilməsinə ehtiyac var”.


Müəllif: Səxavət HƏMİD