3 Noyabr 2017 13:10
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat naziri, Azərbaycanla Monteneqro arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev Bakıda səfərdə olan Monteneqronun Xarici İşlər naziri Srcan Darmanoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə nazir Şahin Mustafayev iki ölkənin investisiya, ticarət, turizm, maliyyə sahələrində əməkdaşlıq etdiyini bildirib. Qeyd edib ki, Hökumətlərarası Komissiyanın 2018-ci ildə keçirilməsi nəzərdə tutulan növbəti iclasında bu və iqtisadiyyatın digər sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcək. Ş.Mustafayev enerji, nəqliyyat, turizm sahələrində əməkdaşlıq, birgə layihələrin reallaşdırılması imkanlarını diqqətə çatdırıb.

Monteneqronun Xarici İşlər naziri S.Darmanoviç bu günlərdə açılmış Bakı-Tbilisi-Qars dəmir yolunun təkcə region üçün deyil, beynəlxalq əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın ölkəsinə ən çox investisiya yatıran ölkələrdən olduğunu qeyd edib, enerji, kənd təsərrüfatı, nəqliyyat və sənaye sahələrində əlaqələrin inkişafı üçün imkanların geniş olduğunu bildirib.

Görüşdə həmçinin, Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsinə dair fikir mübadiləsi aparılıb.


Müəllif: Səxavət