4 Noyabr 2017 08:53
3 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com sabiq xarici İşlər naziri Tofiq Zülfüqarovla müsahibəni təqdim edir.

- Tofiq müəllim, Azərbaycan və Ermənistan prezidentləri ötən ay görüşərək Qarabağ münaqişəsinə dair müzakirər apardı. Həmsədrlər regiona səfər etdi. Aradan keçən bu müddətdə danışıqlar prosesi haqda nə demək olar?

- İndi gündəmdə “Lavrov planı” deyilən sənəddir. Bu baxımdan yenilik haqda nəsə demək çətindir. Bəzi müzakirələr gedir. Amma yeganə fikrim ondan ibarətdir ki, Azərbaycan tərəfi çox diqqətli olmalıdır. Ortada olan məlumatlar ondan ibarətdir ki, “Lavrov planı” deyilən sənəddə Azərbaycanı qane etməyən bir neçə məsələ var. İstisna etmirəm ki, müzakirə mövzusu da elə bu məsələlər ətrafındadır.

- Söhbət hansı məqamlardan gedir?

- Ümumiyyətlə, hər bir saziş gələcək vəziyyətin cığırlarını göstərir. Yəni sazişdə elementlər mövcuddur və bu elementlər indiki durumun başqa bir durumla əvəzlənməsinə gətirib çıxaracaq. Sazişlə bağlı ancaq yekun vəziyyət analiz edilməməlidir, proses tam olaraq analiz edilməlidir. Bildiyiniz kimi, sazişlər heç də tam şəkildə həyata keçirilmir. Yəni siz saziş bağlayanda görürsünüz ki, hansısa mərhələdə tərəflərin biri qəbul edilən razılıqlardan ya imtina edir, ya da başqa taktikanı seçərək özünə uyğun addımlar atır. Bu istiqamətdə də vəziyyət ciddi analiz olunmalıdır. Qarabağ məsələsinə gəldikdə, burada bir neçə təhlükəli məqam mövcuddur. “Lavrov planı” keçmiş hənsədr Riçard Hoqlandın planından fərqlidir. Deyilənə görə, “Lavrov planı”nda söhbət 5 rayondan gedir. Üç həmsədr ölkə təşəbbüs irəli sürə bilər ki, BMT-nin Təhülkəsizlik Şurası bu sazişə dəstək olaraq xüsusi qətnamə qəbul etsin.

İkincisi, bu sazişin icrası üçün Qarabağa sülhməramlı qüvvələr yerləşdiriləcək. Sülhməramlı qüvvələrin regiona gəlməsi o zaman mümkündür ki, saziş imzalansın. Ümumiyyətlə, bu saziş müvəqqəti status deməkdir. Mən də onu nəzərdə tuturam ki, ermənilər istəsə, bu sazişin ikinci mərhələsindən imtina edə bilər. Bu halda sazişin təminatşısı BMT-nin qətnaməsi olacaq. İstisna etmirəm ki, həmsdər ölkələrin də birbaşa təminatı ola bilər. Bu halda hərbi yol Azərbaycan üçün bağlanmış olacaq. Beləcə hərbi yolun qarşısı alına bilər. Hansısa irəliləyiş, 5 və ya bundan da az rayonları əldə etsək, şübhə etmirəm ki, bundan sonra erməni tərəfi danışıqları davam etdirmək istəməyəcək. Yəni siyasi və hərbi təminat aldıqdan sonra işğal altında qalacaq bölgələrin müstəqilliyi və ya Ermənistana birləşməsini elan edə bilərlər. “Lavrov planı” deyilən sənədin təhlükəsi bundan ibarətdir. Ona görə də bir daha vurğulayıram, sazişdə konkret addımlar nəzərdə tutulmalıdır ki, sonradan tərəflər öz mövqelərindən çəkilməsin və ya çəkildiyi andan bu saziş qüvvədən düşmüş hesab olunsun. Təxminlərimə görə, təhlükələr bundan ibarətdir. Odur ki, bunu diqqətdə saxlamaq, ciddi təhlil etmək lazımdır.

İkincisi məsələyə toxunmaq istəyirəm. Bu qeyri-adi danışıqlardır. Rusiya tərəfini bu danışıqlarda təmsil edən şəxs haqqında çox danışdığımız Lavrovdur. Lavrovun erməni mənşəli olduğu da bəllidir. Heç SSRİ zamanı belə hal mövcud deyildi ki, bu problemin həllini erməni və ya azərbaycanlıya tapşırsınlar. Bu baxımdan qeyri-adi vəziyyətdir. Baxın görün, ermənilər hansı məsələləri qaldıraraq onun həllinə nail olublar. Amerikalı diplomat Metyu Brayza ilə bağlı məsələ qaldıraraq hətta Konqresdə müzakirəsinə nail olublar. Bəhanə də odur ki, Brayzanın xanımı türk mənşəlidir. Bu səbəbdən də “Brayza həmsədr ola bilməz” arqumenti ortaya çıxdı, daha sonra səfir kimi onun vaxtını uzatmadılar və s. Ermənilər bu şəkildə davranırlar. Brayzanın xanımı faktiki azərbaycanlı olmaya-olmaya ona qarşı belə davranış nümayiş etdirildi. Rusiya isə diplomatik qaydalardan uzaq olan davranış nümayiş etdirir. Mən inanmıram ki, bu cür insanın əlindən çıxan planda Azərbaycanın ziyanına hansısa elementlər olmasın. Bu səbəbdən də deyirəm ki, bu planı ciddi analiz etmək vacibdir.

- Uzun illərdən sonra Bakı-Tialis-Qars dəmir yolu layihəsinin açılışı baş tutdu. Mütəxəssislər bu layihəni vacib və əhəmiyyəti adlandırıb. Siz bu haqda nə düşünürsünüz?

- Bu transregional layihədir. Region ölkələri bu layihələrdə iştirak edir. Mən həm də yeni İpək Yolunu nəzərdə tuturam. Çünki bu dəmir yolu həm də İpək Yolu kimi nəhəng layihənin bir hissəsidir. Bakı-Tiflis-Qars layihəsi böyük layihənin həyata keçirilməsində ciddi addımdır. Türkiyə prezidenti öz çıxışında qeyd etdi ki, artıq coğrafiya dəyişir. Yəni siz Londonda qatara minib Pekində düşə bilərsiniz. Bu böyük layihədir və Azərbaycan bu prosesdə aktiv iştirak edir.

İkincisi, biz həm də “Şimal-Cənub dəhlizi”nin yaradılması haqqında Tehran görüşünü də müşahidə etdik. Rusiya Prezidenti Putin qeyd etdi ki, artıq birbaşa əlaqələr yaranır, yüklər Sankt-Peterburqdan Londona qədər gedib çıxacaq. Görün, regionun coğrafiyasının əhəmiyyəti necə qalxır. Bu o deməkdir ki, həm də Azərbaycanın əhəmiyyəti artır. Çünki layihənin böyük hissəsi Azərbaycan ərazisindən keçir. Məncə, bu, böyük uğur və irəliləyişdir.

- Ermənistan bu meqa layihələrdən kənarda qaldı. Bu milyardlıq layihələr Qarabağ münaqişəsinin həllinə hansı formada təsir göstərə bilər?

- Aydındır ki, Ermənistan bu komunikasiyalardan kənarda qalmaqla çox şeylər itirib. Ancaq mən diqqəti digər vacib cəhətə çəkmək istərdim. Daima deyilirdi ki, Qarabağ münaqişəsi Azərbaycanın böyük proyektlərdə iştirakına maneçilik törədir. Bu kampaniyanı ermənilər aparırdı. Bakı-Tiflis-Ceyhan neft kəməri, sonrakı layihələr zamanı bu söhbətlər edilirdi. İndi biz görürük ki, Rusiyanın bu məsələlərə münasibətində dəyişikliklər var. Və Ermənistanın oynadığı rol - yəni regionda böyük layihələrə maneələr və problemlər yaratmaq məsələsi artıq aktuallığını itirir. Əgər bu aktuallığını itiririsə, daima bunu dəstəkləyən Rusiya bu yoldan istər-istəməz çəkilmək istəyəcək. “Şimal-Cənub dəhlizi”ndə Rusiyanın iştirakı bunu göstərir. Bir məqamı da qeyd edim ki, sanki Rusiyanın siyasətində bir növ disbalans yaranıb. Yəni Qarabağ konfliktində Rusiyanın vasitəçilik rolu heç bir nəticə vermir, amma digər istiqamətlərə baxanda ciddi inkişaf var. Məsələn, Azərbaycan-Rusiya münasibətləri sürətlə inkişaf edir. “Şimal-Cənub dəhlizi”ndə yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Məncə, bu disbalans süni şəkildə yaradılıb. Amma bu, gec və ya tezaradan qaldırılacaq. Mənim danışıqlar prosesinə tənqidi yanaşmam ondan irəli gəlir ki, danışıqları kurasiya edən erməni mənşəli diplomatdır. İstisna etmirəm ki, problemlər də bununla bağlıdır. Normalda bu istiqamətdə disbalans aradan qaldırılmalı, Rusiya-Azərbaycan münasibətləri daha da inkişaf etdirilməlidir. Rusiya ortaya real və tərəflərin maraqlarını əks etdirən təklif qoymalıdır.

- Son aylar Ankara-Moskva münasibətlərində ciddi yaxınlaşma baş verir. Bu yaxınlaşma Qarabağ münaqişəsinin taleyinə hansı formada təsir göstərə bilər?

- Regionda Ermənistanın rolu transregional layihələrə maneçilik törətməkdən ibarət idi. Ancaq bu siyasətin gələcəyi olmadı. Rusiya-Türkiyə, Azərbaycan-Türkiyə və Azərbaycan-Rusiya əlaqələri müsbət nəticələrə gətirib çıxara bilər. Xatırlayırsınızsa, bir neçə il əvvəl Cənubi Qafqazda stabillik aktı deyilən ideya var idi və buna 5 ölkə qoşulurdu. Yəni bu ideyalar yeni deyil, sadəcə olaraq o zaman bu ideyaların gerçəkləşməsi üçün siyasi iradə çatmırdı. İndi vəziyyət göstərir ki, artıq siyasi iradə mövcuddur. Bu layihələrin qarşısına erməni və ermənipərəst qüvvələrin çıxması təsadüfi deyil.

- Ermənistanın yaxın müttəfiqlərindən biri də İrandır. İran “Şimal-Cənub dəhlizi”ndə yaxından iştirak edir. Başqa sözlə, Ermənistanın arzu etmədiyi işlərə qol qoyur. Sizcə, bu durum Ermənistanda necə qarşılanır və İranın ənənəvi siyasətinin dəyişməsində ciddi rol oynaya bilərmi?

- Həm Rusiya, həm də İranda müxtəlif dairələr var və onların maraqları bir-birinə zidddir. Bu ziddiyyət nədən ibarətdir? İranda Azərbaycana qarşı bəzi dairələr mövcuddur. Onların işi daim Azərbaycana problemlər yaratmaq, Ermənistanla əlaqələri gücləndirməyə xidmət edir. Yəni bu xəttin tərəfdarları var. Bunun əksinə, Azərbaycanın vacibliyi, əməkdaşlığın mümkünlüyü və lazım olduğunu, islam müttəfiqliyi və s fikirləri müdafiə edən dairələr də mövcuddur. İndi İranda Azərbaycanla əməkdaşlığa tərəfdar olan qüvvələr bir qədər güclənəcək. Hesab edirəm ki, bizə dost münasibəti göstərmək istəməyən tənqidçilərlə mübarizədə bizə dost olanlar ciddi arqumentlər ortaya qoyacaq. Ancaq aydındır ki, əməkdaşlıq qarşıdurmadan üstündür və həmişə xeyir gətirən siyasətdir. İnanıram ki, İranda bu siyasətə qarşı çıxanlar, qarşıdurmanı gücləndirməkdə maraqlı olan qüvvələr artıq öz fikrini dəyişəcək.


Müəllif: Cavad