11 Noyabr 13:13
144

“Qida Təhlükəsizliyi Agentliyi yeni bir qurumdur və onun üzərinə çox böyük vəzifələr qoyulub. Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi, insanlarımızın sağlam qida ilə təmin edilməsi istiqamətində addımlar atılması çox böyük əhəmiyyət kəsb edir”.

Xəbərə görə, bunu baş nazirin müavini , Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov deyib.

Baş nazirin müavini bildirib ki, Qida Təhlükəsizliyi Agentliyinin yaradılması istiqamətində lazım olan hüquqi baza, sənədləşmə başa çatıb: “Artıq hüquqi bazanın yaranması təmin edilib. Güman edirəm ki, yaxın zamanlarda Agentliyin yaradılması, fəaliyyətə başlaması ilə bağlı Azərbaycan prezidentinin müvafiq sərəncamı olacaq. Bütövlükdə bu böyük bir agentlik olmalıdır. Onun böyük funksiyaları, vəzifələri var. Agentliyin yaradılması, fəaliyyətə başlaması xeyli vaxt tələb edəcək. Bir neçə qurumlar tərəfindən qida təhlükəsizliyi funksiyaları həyata keçirilir. O funksiyalar həmin qurumlardan alınaraq vahid mərkəzdə cəmləşəcək. Bütün bunlar həm hüquqi, həm texniki, həm də təşkilatı baxımdan vəzifələrin yerinə yetirilməsini tələb edir".

Onun sözlərinə görə, vəzifələrin bölünməsi, hansı qurumlardan hansı səlahiyyətlərin alınması ilə bağlı iş aparılır.

Ə. Əhmədov qeyd edib ki, Qida Təhlükəsizliyi Agentliyi öz funksiyaları çərçivəsində nəzarət işini həyata keçirəcək: “Agentliyin əsas vəzifəsi qidanın insanın sağlamlığı üçün təhlükəsizliyinə cavab verməkdən ibarət olacaq”.

/APA/


Müəllif: Teleqraf.com