14 Noyabr 08:20
116

ABŞ, İsrail və Səudiyyə Ərəbistanı Yaxın Şərqdə İrana qarşı ciddi hərbi-siyasi ittifaq qurub.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

O qeyd edib ki, İranın Livanda dəstəklədiyi “Hizbullah” və Yəməndə husilərə məxsus hərbi-siyasi təşkilatlar vasitəsilə apardığı geosiyasi mübarizə Yaxın Şərqdə Səudiyyə Ərəbistanı, İsrail və ABŞ-ı çox ciddi narahat edir:

“Hazırda ABŞ Yaxın Şərqdə Səudiyyə Ərəbistanını prosesə qoşmaqla, regionda hərbi-siyasi qarşıdurmanı dərinləşdirir. Livanın baş naziri Səid Həririnin Ər-Riyadda istefası, Livanda, xüsusilə Yaxın Şərqdə yeni siyasi böhranın başlanğıcını qoydu. Yeni hərbi ssenarinin Livanda “Hizbullah”a qarşı aparılması gözlənilir. Məhz Səudiyyə Ərəbistanı tərəfindən Səid Həririnin istefaya məcbur edilməsi Livanda “Hizbullah”a qarşı başladılan planın bir hissəsidir”.

Politoloq bildirib ki, Səudiyyə Ərəbistanı Yəməndə İranın dəstəklədiyi husi qiyamçılara qarşı hərbi əməliyyatlar aparır:

“Üç ildir aparılan hərbi əməliyyatlarda heç bir müsbət irəliləyişə nail olunmur. Çünki İranın hərbi dəstəyi nəticəsində husilərin dirənişi günü-gündən güclənir. Hətta, Səudiyyənin içərilərinə kimi ballistik raketlər atırlar. Təbii ki, husilərin hərbi hücumları ABŞ və Səudiyyə tərəfindən İranın hədəfə alınmasını daha da sürətləndirəcək”.

O qeyd edib ki, İranın Yaxın Şərqdə möhkəmlənməsinə imkan verməmək üçün ABŞ Ər-Riyadı güclü şəkildə silahlandırır:

“ABŞ Yaxın Şərqdə aparılan vəkalət müharibəsində İsrailə dəstək üçün İranın Yaxın Şərq siyasətini iflasa uğratmağı hədəf seçib. Tehranın strateji hədəfi isə mümkün qədər öz mövcudluğunu qorumaq üçün təsir arealını genişləndirməkdir. İsrail İranın Suriya və Livanda güclənməkdə olan təsirini yox etmək üçün ilk növbədə “Hizbullah”la haqq-hesab çəkəcək. Bunun nə qədər dağıdıcı olacağını isə proseslərin gedişində aydın görmək olar. Bir sözlə, Yaxın Şərq yenidən geniş çaxnaşmaya hazır vəziyyətdədir. İran Livanda, Suriyada və İraqda son illərdə kifayət qədər güclənib. İranın regionda geosiyasi maraqlarının qarşısı alınmayınca çox ciddi qarşıdurmaların şahidi olacağıq. İran öz hərbi dayaqlarını möhkəmlətməklə böyük tarixi yanlışlığa yol verir. Baş verən proseslər göstərir ki, Yaxın Şərqdə sülh və sabitlik uzaq perspektivdə də mümkün görünmür”.


Müəllif: Sәxavәt