15 Noyabr 2017 09:15
6 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə müsahibəni təqdim edir.

– Novella xanım, adınızı kim qoyub?

– Anam.

– Niyə məhz belə bir ad?

– Anam çox kitab oxuyan idi. Mən doğulanda Mopassanın novellalarını oxuyurmuş. Adımı da o janrdan götürüb.

– Adınız Novelladır, özü də yəhudi kişiyə ərə getmisiniz. Adamlar elə bilir ki, yəhudilərlə qan qohumluğunuz var...

– Yox. Mənim nəslim təmiz türk nəsilidir. Anamgil bektaşilərdəndir, atam da səfəvilərdən.

– Bəs necə oldu ki, yəhudi ilə ailə qurdunuz?

– Naxçıvanda – Kələkidə bir yerdə işləyirdik. Bir-birimizi sevdik və ailə qurduq.

– Həyat yoldaşınız, uşaqlarınız, nəvələriniz İsraildə yaşayır. Siz burda tək qalırsınız?

– Bəli, bütün ailə ordadır, mən təkcə burda qalıram.

– Yenə siqaret çəkirsiniz?

– Uzun müddət çəkmişəm. Düz 56 il. Daha çəkmirəm...

– Bəs siqareti necə atdınız?

– Məni çox ağır bir vəziyyətdə Türkiyəyə apardılar. Gördüm ki, daha nəfəsim çatmır. Həkimlər dedilər ki, qanın çox azdır, tez qan vurmaq lazımdır. Türkiyədə xəstəxanadan çıxandan sonra gördüm ki, bədənim siqaret istəmir. Bakıya gəldim. Yenə də siqaret çəkmədim. Gördüm ki, siqareti heç yaxına buraxa bilmirəm. Hansı əclaf türkün qanını mənə vurdularsa, siqaretdən birdəfəlik uzaqlaşdım. (gülür)

– Novella xanım, niyə deyirlər ki, qadından yaş soruşmazlar?

– Vallah, bilmirəm. Bu yaş deməmək məsələsini ruslar çıxarıb. Bizim analarımız, nənələrimiz həmişə yaşını deyirdi. Qocalığın da, orta yaşların da, gəncliyin də öz gözəlliyi var. Məsələn, mən qürurla deyirəm ki, 76 yaşım var və belə rahat bir şəkildə söhbət eləyə bilirəm.

– Maraqlıdır, gəncliyiniz necə keçib?

– İndi hər şey açıqdır, nə istəyirsiniz oxuyursunuz, nə istəyirsiniz danışırsınız, nə istəyirsiniz yazırsınız... Bizim vaxtımızda isə belə deyildi. İstədiyimiz şeiri yazıb-oxuya bilmirdik. Heç Məmməd Əmin Rəsulzadəni tanımırdıq. Sonra Əbülfəz Elçibəy onu bizə tanıtdı. Amma bütün bunlarla yanaşı, bizim gəncliyimiz sizinkindən gözəl keçdi. Həyat onda daha maraqlı idi.

– Tələbəliklə bağlı yəqin, sevgi xatirəniz də var...

– Kimin sevgi xatirəsi olmur ki? (gülür) Mənim bir rəfiqəm vardı. Deyirdi ki, bizi kənddən gələn uşaqlar sevir. Biz isə onlara “çuşqa” deyirdik. Sonra o “çuşqa”lar akademik oldular. (gülür) Halbuki, onları bəyənmirdik ki, biz şəhər uşağıyıq. Məni də kənddən gələn oğlanlar sevirdi, onların da hamısı indi akademikdir.

– Bəs siz kimi sevirdiniz?

– O vaxt hamı kimisə sevirdi. İndi elə yaşdayam ki, tez-tez xatırlaya bilmirəm. Amma tələbəliklə bağlı gözəl xatirələrimiz var. Gözəl insanlar vardı. Bizim vaxtımızda akademik Zülfüqarlı, akademik Məmmədəliyev, akademik Nağıyev dərs deyirdi... Bizə dərs deyənlərin hamısı həqiqi akademiklər idi. Onları dərsinə girmək, onların dərsinə qulaq asmaq məsuliyyət idi. Başa düşürsən? İndi isə...

– Elçibəyi özünüzə dost hesab edirsiniz. Yəqin, dostunuzun nöqsanları haqqında səmimi danışa bilərsiniz...

– O, həqiqətən mənim dostum idi. Elçibəydə millətinə qarşı dəhşətli sevgi vardı. Onun ən böyük nöqsanı da bu sevgi idi. Son hadisələr vaxtı Elçibəy camaatı ayağa qaldırsaydı, gedib Sürət Hüseynovu öldürsəydi, vəziyyət tamam başqa cür olacaqdı. Amma o istəmədi ki, Azərbaycanda vətəndaş müharibəsi olsun. Elçibəy istəsəydi, bircə gündə onların hamısını yox eləyərdi. Amma eləmədi, buna imkan vermədi. Dedi, hakimiyyət mənim üçün heç nədir. Çünki Elçibəy dünya idi. Dahi idi. Bildiyi hər şeyi dəqiq bilirdi. İslamı dəqiq bilirdi. Musiqini dəqiq bilirdi. Musiqidən elə danışırdı ki, elə bilirdin bəstəkardır. Bilmədiklərindən isə utanmırdı. Bilmədiyi şeyi o saat axtarmağa başlayırdı. Deyirdi ki, onun tapın oxuyum. İndi elə bir insan yoxdur. Elçibəy xidmətçi ilə elə danışırdı, ona deyirdim, ölürsən də səni xidmətçi də sevsin. (gülür) Deyirdi, mən onu sevirəm, o, məni sevməsə də olar. Adi bir fəhlə ilə də sevə-sevə danışırdı. Heç vaxt fikirləşmədi ki, prezidentdir.

Bütün prezidentlərlə müsahibə aparan bir politoloq vardı. Furmanı deyirəm. İndi dünyasını dəyişib. Reyqandan tutmuş Qorbaçova qədər hamısından müsahibə almışdı. Bir dəfə Furman mənə dedi ki, siz Elçibəyin qədrini bilmədiniz, halbuki, tarix onun şəkillərini qızıl halqaların içərisində yaşadacaq. Elçibəy Atatürkə yazmışdı ki, mən sənin əsgərinəm. Təsəvvür edin, bir prezident o biri prezidentə yazır ki, mən sənin əsgərinəm. Bilirsinizmi bu türkə nə boyda bir sevgidir? Ona görə də Elçibəyin adı gələndə Türkiyədə ayağa qalxırlar.

– Maraqlıdır, İlyas İsmayılovu necə insan kimi tanıyırsınız?

– İlyasla Əbülfəz Elçibəy Moskvada aspiranturanı bir yerdə oxuyublar. O vaxtın Baş Prokuroru idi. Tez-tez Elçibəyə deyirdi ki, sənlə mənim nə fərqim var ki? Mən də sənlə bir yerdə oxumuşam və s. Ortaq xüsusiyyətlərini sayırdı. Elçibəy isə danışırdı ki, İlyas İsmayılovun kabinetində oturmuşdum. Birdən ona zəng gəldi. Başa düşdüm ki, zəng Aparatdandı. Yəqin, Ayaz Mütəllibov, ya da Vəzirovmuş. İlyas tez ayağa durub telefonla ayaq üstə danışmağa başlayır. Danışıb qurtarandan sonra yerində oturur. Əbülfəz bəy deyib ki, İlyas, sənlə mənim fərqim bundadır. Telefonun o tərəfindəki adam səni görürmü ki, onunla ayaq üstə durub danışırsan? (gülür)

Bu şeylər İlyasdan da asılı deyildi. İlyas qəşəng insandır. Çox normal adam idi. Sadəcə, mühit onu belə yetişdirmişdi. Adamın başının üstündə Allah var, İlyas o vaxt çox işlər də görmüşdü, çox adamı həbsxanadan buraxdı.

– Novella xanım, yaxınlarda Atatürkün anım günü oldu. Maraqlıdır, Atatürk sizin üçün kimdir?

– Mən 1969-cu ilə qədər Atatürk kim idi, bilmirdim. Amma ailəmiz bilirdi. Çünki anamın dayısı Şeyx Kərim Naxçıvanın qazisi olub. O, Atatürklə yazışırdı. Dostluqları vardı. Mənim üçün Atatürk böyük bir insandır. Mənə Atatürkün kim olduğunu, dövlət qurduğunu, Türkiyəni yaratdığını Əbülfəz Elçibəy danışıb. Anım günündə millət ki, onu anmağa getdi, heç kəs Atatürkü yaddan çıxara bilməyəcək. Mən demirəm ki, Atatürkün səhvləri olmayıb. Səhvləri də olub, adam da öldürüb. Amma bir xırda ərazidən o boyda Türkiyə dövlətini qurub. Özü də məhz demokratik dövlət qurub. Özü də Avropaya gedən dövlət qurub. Ona görə də Türkiyənin üzü Avropaya – sivil, inkişaf eləyən bir dünyaya tərəfdir...

– Dediniz ki, Atarükün də səhvləri olub, adam da öldürüb...

– Dövlət quranda qarşındakı maneləri keçməlisən. Adam da öldürə bilərsən. Mən bilirəm ki, o vaxtlar mollaları qətlə yetiriblər... Atatürk bunu eləməsəydi, Türkiyə dövləti qurulmayacaqdı. İsmət İnönü bunu eləməsəydi, Türkiyə dövləti inkişaf etməyəcəkdi. Atatürk heç vaxt deməyib ki, mən müsəlman deyiləm. O, müsəlman idi, islamı qəbul eləyən bir insan idi. Amma həmişə aşırı, radikal islama qarşı olub. Milləti də yavaş-yavaş bu istiqamətdə öyrətməyə başlayıb.

– Bəs Atatürkün səhvləri nə olub?

– Hər bir böyük dövlət xadiminin səhvləri olur və olacaq. Çünki yanında olan insanlar, özünün komandası səhv eləyəndə o səhvlər onun adına yazılır. Mətbuatda tez-tez Elçibəyi də qınayırlar, tənqid edirlər. Elçibəyin bir səhvi olanda, yanındakıların üç səhvi olub. Amma yanındakıların da səhvi Elçibəyin adına yazılır.

– Konstitusiya günü da noyabr ayındadır. Bəs Konstitusiya sizin üçün nə deməkdir?

– Konstitusiya insan haqlarıdır. Orada hər bir insanın haqqı öz əksini tapıb.

– Quran sizin üçün daha önəmli kitabdır, yoxsa Konstitusiya?

– Quranın öz yeri var, Konstitusiyanın öz yeri. Konstitusiyaya bir çox demokratik cəhətlər Qurandan keçib. Konstitusiya Qurandan çox şey götürüb. Quranda da insan haqları qorunur, qadın haqları da qorunur. İnsana dəyər də verilir. İnsana hörmət də edilir. Ancaq mən Quranı nəzərdə tutub danışıram, şəriət qanunlarını yox.

– Quranı demokratik kitab hesab edirsiniz?

– Bəli, bir çox məsələlərdə demokratikdir.

– Bəs niyə bir çox məsələlərdə deyirsiniz? Halbuki, onu ideal bir kitab da hesab eləyə bilərsiniz. Allahın göndərdiyi kitab ideal olmalı deyilmi?

– Quran Allah tərəfindən verilən ideal bir kitabdır. Amma bizim ona ideal münasibətimiz yoxdur. Bu da bizim Quranı dərin bilməməyimizdən irəli gəlir. Mən Quranı oxumuşam, amma hiss edirəm ki, onu qavramamışam. Niyə yalandan deyim ki, mən axıra qədər Quranla ayaqlaşıram? Deyə bilmərəm. Məsələn, Nəriman Qasımzadənin Quranı təfsir eləməyindən çox xoşum gəlir. Onun təfsirlərini qəbul eləyə bilirəm.

– Məsələn, siz niyə hicab geyinmirsiniz?

– Axı Quranda yazılmayıb ki, qadın hicab bağlasın. Göstərin, bağlayım. Quranda yazılıb ki, ayıb yerlərinizi bağlayın. Baş nə vaxtdan ayıb yer olub?

– Ərdoğanın həyat yoldaşı Əminə xanım da hicab bağlayır...

– Mən Ərdoğanın arvadından danışmıram. Amma bir tərəfdən bizimkilər hicabı bağlayır, o biri tərəfdən isə yanaqlarını qıpqırmızı eləyirlər, gözlərini sürmə çəkirlər. Əgər sən hicabı abırdan, həyadan ötrü bağlayırsansa, bəs o qırmızı yanaq nədir, gözlərin sürməsi nədir, makyaj eləmək nədir? İkincisi, hicab bağlamaqla sən təmiz adam olmursan. Ürəyin təmiz olmalıdır. Kasıba əl tutmalısan, kömək eləməlisən. Dürüst olmalısan. Əxlaq normalarına riayət eləməlisən və s. Hicab bağlamaq islama qulluq eləmək deyil. Mən islama daha çox qulluq eləyirəm, nəinki hicab geyinənlər, başını bağlayanlar.

– Heç fikirləşmisiniz ki, 124 min peyğəmbərdən biri niyə qadın olmadı?

– Ona görə ki, o vaxt da qadınlara qarşı qısqanclıq olub. (gülür) İkincisi, qadın onsuz da həmişə zülüm çəkib. Yəqin, Allaha daha onlara qıymayıb. Çünki bütün peyğəmbərlər zülm çəkib. Allah qadınları kişilərdən daha üstün tutub, ona görə də onlardan peyğəmbər seçməyib.

– Sizin üçün ideal qadın kimdir? Konkret ad çəkə bilərsinizmi?

– Hansı qadın ki, Azərbaycana işıq gətirir, o, mənim üçün idealdır. İstər təhsildə, istər tibbdə, musiqidə, rəssamlıqda və s. Millətini öyrədən, hər bir uşağa təhsil verən, uşaqları bütün cəhətlərdə qabağa aparan, yol açan qadına mənim böyük hörmətim var. Hər birimizin anamız idealdır. Çünki bizə tərbiyə verir. Ona görə də mənim üçün ən ideal qadın anadır.

Konkret ad çəkməyə gəlincə... Mən Xurşidbanu Natəvanı deyirdim. Natəvan da Azərbaycana işıq gətirən qadın idi. Çünki o da uşaqların oxumağına çox köməklik edib. Təhsilə ciddi fikir verib. Pul da verirdi, müəllim də tuturdu ki, kənd uşaqlarının hamısına təhsil versin, oxusunlar.

– Marqaritta Tetçer necə? O da idealınız ola bilərmi?

– Qəti ola bilməz! Tetçer öləndə hamı İngiltərədə toy-bayram eləyirdi. Çünki o, millətini sevməyən bir qadın idi. Çox quru idi.


Müəllif: Kəramət Böyükçöl