20 Noyabr 2017 16:06
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovla görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə 2017-ci ildə Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu bildirilib və iki dövlət arasında mehriban qonşuluq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. İkitərəfli əlaqələrin inkişafında 3 iyul 2008-ci il tarixli “Dostluq və strateji əməkdaşlıq haqqında Bakı Bəyannaməsi”nin siyasi əhəmiyyəti qeyd edilib.

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında olan səmimi dostluğun və dialoqun ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişafına xüsusi təkan verdiyi vurğulanıb.

Nazirlər Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin hərtərəfli inkişafına nəzər salıb və perspektiv inkişaf istiqamətlərini müzakirə ediblər.

Tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə edib və danışıqlarda canlanma və intensivliyin yaranmasını təqdir ediblər.

Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında mövcud olan uğurlu əməkdaşlıq vurğulanıb.

Ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsində Hökumətlərarası birgə komissiyanın, XİN-lər arası siyasi məshələtləşmə mexanizminin əhəmiyyəti qeyd olunub.

Görüşdə həmçinin, 2001-ci ildə Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisi arasında imzalanmış əməkdaşlıq haqqında sazişin müddəaları əsasında, birbaşa parlamentlərarası əlaqələrin və beynəlxalq parlament təşkilatlarında əməkdaşlığın davamlı xarakter daşımasından məmnunluq bildirilib.

İki ölkə arasında ticarət dövriyyəsinin həcminin və ticarət əlaqələrinin genişlənməsində 2011-ci ildən keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumunun önəmli rolu qeyd olunub. İki ölkənin birgə səyləri nəticəsində iqtisadi-ticarət əlaqələrinin inkişafı və ticarət dövriyyəsinin, qarşılıqlı turist axınının artması xüsusi olaraq qeyd olunub.

Azərbaycan-Rusiya-İran formatında üçtərəfli əsasda əməkdaşlığın inkişaf etməsi və Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində olan birgə tədbirlər yüksək qiymətləndirilib.

Humanitar sahədə ikitərəfli əməkdaşlıq proqramları əsasında mədəniyyət və ictimaiyyət, elm və təhsil, informasiya və gənclər siyasəti sahələrində əməkdaşlığın gələcəkdə genişləndirilməsi və təkmilləşdirilməsi yönündə müzakirələr aparılıb və iki ölkənin himayəsi ilə keçirilən Bakı Humanitar Forumunun vacibliyi qeyd olunub.

Görüşdə həmçinin Xəzər dənizinin hüquqi statusu, müqavilə-hüquq bazasının geniıləndirilməsi, eyni zamanda regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


Müəllif: Səxavət