21 Noyabr 2017 09:27
1 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın səfiri xanım Karol Krofts noyabrın 22-də Bakı Olimpiya Stadionunda baş tutacaq “Çelsi”-“Qarabağ” matçı barədə Teleqraf.com-un suallarını cavablandırıb:

- Xanım səfir, “Çelsi”-“Qarabağ” qarşılaşmasından gözləntiləriniz nədir? Təxmini proqnozunuz varmı?

- Mənim proqnozuma görə, möhtəşəm stadionda inanılmaz oyun olacaq. Nəticədən aslı olmayaraq, hesab edirəm ki, biz Azərbaycan klubunun ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsinə düşməsini qeyd etməliyik. Bu, özlüyündə böyük nailiyyətdir.

“Qarabağ” “Atletiko Madrid” qarşısında təəccüblü nəticələr əldə edib. Azərbaycanda futbol çox qısa zamanda belə uzun bir yol qət edib.

Böyük Britaniyadan olan dəstəyin buradakı futbolun inkişafına kömək etdiyini bilirəm, məsələn, Toni Adams burada bir neçə ilini keçirib və milli stadionda hələ də meydanı beynəlxalq standartlara çatdırmaq üçün möcüzələr yaradan İngiltərə oyunçularına sahibik. İdmanın ölkələrimizi bu şəkildə birləşdirməsini görmək çox gözəldir.

- Oyunu stadiondan izləyəcəksiniz, yoxsa televizor qarşısında? Ümumiyyətlə, futbolla aranız necədir, bu idman növü maraq dairənizdədir? İngiltərənin hansı klublarına azarkeşlik edirsiz? “Çelsi”nin çempion olmaq şansı varmı?

- Bildiyiniz kimi, İngiltərədə futbol çox populyardır. Mən stadionda olacağam və az yerin boş qalacağını düşündüyümdən orada çox yaxşı atmosfer olacağını gözləyirəm.

Stadionun enerjisi, səsləndirilən musiqi, sevinc ifadə edən təəssürat həqiqətən də bu yaddaqalan axşamın parçası olacaq. “Çelsi” böyük bir klubdur və 2012-ci ildə Çempionlar Liqasının qalibi olub. Onların hələ də fantastik oyunçuları var və mən əminəm ki, builki mübarizədə də qabağa getmək şansları var.

- “Qarabağ” azarkeşləri üçün Böyük Britaniya tərəfi viza almaqda köməklik göstərdi və azərbaycanlılar oyunu “Stemford Bric” stadionunda rahatlıqla izləyə bildi. Bəs paytaxtımızdakı matça baxmaq üçün ingilislərin Bakıya axını gözlənilirmi?

- Bəli, biz 1000-dən çox britaniyalı tərəfdarın matç üçün Bakıya səfər edəcəyini gözləyirik. Bu, beynəlxalq futbol təqvimində həqiqətən əhəmiyyətli bir fiksturdur. “Çelsi”nin sadiq pərəstişkarları var. Bakıya gələ bilməyənlər isə oyunu İngiltərədə seyr edəcəklər.


Müəllif: Nәrgiz Ehlamqızı