22 Noyabr 2017 09:15
1 490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın kürdlərə və kürd qruplaşmalarına yardım göstərməsi sirr deyil.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O qeyd edib ki, PKK terror təşkilatını yaradan keçmiş Sovet İttifaqı olub:

“SSRİ PKK-nı Türkiyə daxilində parçalanma yaratmaq, müstəqil kürd dövləti ideyasını reallaşdırmaq məqsədilə yaradıb. PKK-nı Kürdüstan Fəhlə Partiyası adı altında formalaşdırdılar. Amma əslində, millətçi və separatçı bir təşkilat idi. Bu gün də Türkiyə bunun əzablarını çəkməkdədir. Hazırda Rusiyanın müxtəlif şəhərlərində, məsələn, Nijni-Novqorod, Ryazan kimi bölgələrində kürdlər toplu halında yaşayır, amma bu kürdlər düşərgələşmiş şəkildədir. Onlar hərbi təlim keçir, gənclər hərbi hazırlıq keçdikdən sonra yenidən İraq, Türkiyə və Suriya ərazilərinə sızdırılır.

Rusiya yaxasını nə qədər kənara çəksə də, bu, görünən və isbat olunan bir faktdır. Hazırda da davam edir”.

Q.Hüseynli qeyd edib ki, ABŞ-la Türkiyə arasında müəyyən soyuqluqların yaranması üzündən Vaşinqton Suriyadakı son hadisələrə, xüsusilə Donald Tramp hakimiyyətə gəldikdən sonra başqa qüvvələrlə, eləcə də kürd qruplaşmaları ilə müdaxilə etməyi qərar aldı:

“Bununla da ABŞ Yaxın Şərqdə uzun illərdir formalaşmış Ankara ilə birgə hərəkət etmək praktikasına bir növ son qoydu. Burda kimlərin günahkar olduğunu araşdırmaq niyyətində deyiləm. Amma hər halda eyni hərbi-siyasi qruplaşma – NATO daxilində iki dövlətin münasibətlərinin pozulmasında müəyyən subyektiv amillərin rolunu da istisna etmək olmaz”.

Politoloq bildirib ki, Rusiya kürd qruplaşmalarına hüsn-rəğbətini bu gün də gizlətmir:

“Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlar prosesində Rusiya peşmərgəyə bəzi vaxtlarda havadan dəstək verdi. Bu bir faktdır və bunu Türkiyə də bilir. Dəfələrlə Rusiyadan belə hərəkətləri dayandırmağı tələb etsə də, bunlar həyata keçməyib”.

Hazırda bölgədə olduqca qəribə vəziyyətin formalaşdığını vurğulayan Q.Hüseynli ABŞ-ın müdafiə etdiyi kürd qruplaşmalarını Rusiyanın da müdafiə etdiyini bildirib:

“Rusiya istər İraqın, istərsə də Suriyanın gələcək taleyinin müəyyən edilməsi məsələləri ilə bağlı toplantılarda kürd qruplaşmalarının da iştirakını təmin etməyə çalışır. Bu gün Türkiyə üçün ən təhlükəli qüvvələrdən biri PKK-dırsa, ikincisi PYD-dir. Çünki PYD Türkiyəyə ən yaxın ərazilərdə, yəni Suriyanın Türkiyə ilə həmsərhəd rayonların böyük bir hissəsində məskunlaşıb. Həm də ABŞ silahları ilə təchiz olunub. Türkiyə bu əraziləri bombardıman edəcəyini, qoşun yeridəcəyini dəfələrlə bəyan etsə də, hələ ki, bunu etmir.

Proseslərin sonrakı inkişafını gözləyir. Amma bölgədə post-İŞİD dövründəki vəziyyət heç də sabit hesab edilə bilməz. Kürdlər getdikcə güclənir, yeni-yeni müasir silahlar alır.

Müstəqilik ideyası sıradan çıxsa da, Suriyanın federallaşması və ölkənin müəyyən bir ərazisində kürd muxtariyyətinin yaradılması ideyasını fəal surətdə irəli sürür və bunu müdafiə edirlər. Halbuki, kürdlərin iddia etdikləri bu ərazilərin çoxu kürdlərin yaşamadıqları və müharibənin yaratdığı xaosdan istifadə edərək PYD-nin istila etdiyi ərazilərdir. Hazırda bu məsələlərə bölgədəki yerli hökumətlərdən daha çox kənar qüvvələr – ABŞ, Rusiya kimi dövlətlər müdaxilə edir. Onların subyektiv mülahizələri çox zaman həm həmin ölkənin suverenliyi, həm də qonşu ölkələrin təhlükəsizliyi üçün ciddi problemlər yaradır. Bu problemlərin həllinə cəhd isə bölgədə yeni müharibə ocağının yaranması deməkdir”.


Müəllif: Sәxavәt Hәmid