23 Noyabr 2017 14:15
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:54

"Azərbaycan hərbçiləri NATO kontingenti ilə birgə Əfqanıstanda sülhün və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə xidmət edir".

Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.

"Azərbaycanın 94 hərbçisi NATO hərbçiləri ilə çiyin-çiyinə Əfqanıstanda sülh və təhlükəsizliyi təmin etmək naminə xidmət edir", - Azərbaycanın dövlət başçısı bildirib.

İlham Əliyev deyib ki, Azərbaycan və NATO artıq bir neçə ildir əməkdaşlıq edir, ölkə NATO-nun bir çox sülhməramlı əməliyyatlarında iştirak edir, hazırda isə Azərbaycan "Qətiyyətli dəstək" missiyasına öz töhfəsini verir.

"Azərbaycan həmçinin multimodal tranzit təqdim edir və koalisiya qüvvələrinə öz hava məkanından istifadəyə verir" - dövlət başçısı vurğulayıb.

"Azərbaycan həmçinin Əfqanıstan silahlı qüvvələri üçün məqsədli fonda öz töhfəsini verməkdədir və baş katibinin dediyi kimi, biz sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsinə daha böyük töhfə vermək üçün Əfqanıstanda kontingentimizin sayını artıracağıq", - İlham Əliyev bildirib.

Öz növbəsində NATO-nun Baş katibi Yens Stoltenberq "Qətiyyətli dəstək" missiyası çərçivəsində Əfqanıstanda sülhməramlıların sayını artırmaq haqqında qərara görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev həmçinin vurğulayıb ki, Azərbaycan 2004-ci ildən Fərdi Tərəfdaşlıq Planına qoşulub və 4 mərhələni başa vurub, beşinci mərhələ isə hazırda həyata keçirilir. (report)

***

14:04

Azərbaycanın ərazi bütövlüyünü bütün dünya tanıyır.

Bu sözləri, Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.

"Biz regional təhlükəsizliklə bağlı məsələləri müzakirə etdik və regional təhlükəsizliyə ən böyük təhlükə Ermənistan və Azərbaycan arasında həll olunmamış münaqişədir", - İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, uzun illərdir Azərbaycan əraziləri Ermənistan silahlı qüvvələrinin işğalı altındadır: "Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti aparılır və bu vəziyyət, təəssüf ki, dəyişmir. Ermənistan status-kvonun saxlanılmasını istəyir, baxmayaraq ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən gələn bəyanatlarda status-kvonun qəbuledilməzlyi və onu dəyişdirilməsinin zəruriliyi bildirilir."

Prezident bildirib ki, BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib: "20 ildən artıqdır Ermənistan bu qətnamələrə tabe olmur. Münaqişənin həlli BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və Azərbaycanın ərazi bütövlüyü prinsipinin qorunmasına əsaslanmalıdır."

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.


Müəllif: Teleqraf.com