24 Noyabr 2017 10:08
2 474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Brüsseldə işğalçı ölkənin Avropa Birliyi ilə münasibətlərinə aydınlıq gələcək; İrəvan hansı yolu seçəcək? Bakı Sərkisyanın vəziyyətini daha da qəlizləşdirə, 24 noyabr ermənilərin növbəti “24 aprel”inə də çevrilə bilər...

Bu gün Avropanın paytaxtı sayılan Brüsseldə - NATO və Avropa Birliyinin (AB) mənzil qərargahlarının yerləşdiyi şəhərdə AB-nin “Şərq Tərəfdaşlığı” sammiti öz işinə başlayacaq. Sammitə “Şərq Tərəfdaşlığı” ölkələrinin prezidentləri də dəvətlidir. O sırada Azərbaycanın dövlət başçısı İlham Əliyev ali toplantıya qatılacağını bəyan edib.

Toplantıda Ermənistanla AB arasında imzalanması nəzərdə tutulan çərçivə sazişinin (tərəflər arasında bundan sonrakı əlaqələrin “Yol xəritəsi”nin) taleyinə aydınlıq gəlməlidir. Azərbaycanla da analoji sənədin imzalanması üçün bir müddətdir danışıqlar gedir. Lakin bu danışıqların ən yaxşı halda ilin sonunadək yekunlaşa biləcəyi deyilir. Həm də belə görünür ki, Bakı AB-nin düşmən ölkə ilə imzalayacağı sənədin mahiyyətinə əmin olmaq üçün gözləmə mövqeyi tutub. Başqa motivlər də var. Onlar haqda aşağıda.

*****

Bu ərəfədə erməni mətbuatında mövzumuza dəxli olan maraqlı şərhlər yer alıb. Həmin şərhlərdə öncə iddia olunur ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvan səfəri zamanı Ermənistan prezidenti Serj Sərkisyanla bağlı qapılar arxasında gərgin danışıqları olub (axar.az).

“Məsələ ondadır ki, Moskva Avrasiya Birliyinin reytinqinin iki üzv ölkə - Qazaxıstan və Qırğızıstan arasındakı konflikt nəticəsində düşməsindən narahatdır. Putin bu ittifaqın formalaşması üçün çoxlu güc və vasitə sərf edib. Ona görə də Astana və Bişkek arasındakı qarşıdurmadan narazıdır. Avrasiya Birliyinin reytinqini azaldan bu toqquşma üstəlik, həm də Rusiyadakı prezident seçkisi ərəfəsində baş verir. Rusiya prezidentinin ətrafındakı şəxslərdən biri isə bu arada Birliyin cəlbediciliyini artırmaq üçün ora Azərbaycanın qəbul edilməsini təklif edib” - erməni qaynaqları yazır.

Image result for Baku Kreml

Şərhlərdə daha sonra bildirilir ki, Bakıda Moskvanın etdiyi təklifin mahiyyəti dərhal başa düşülüb və onlar rusların qarşısında sərt şərt qoyublar. “Bakıda bildirilib ki, biz bu təklif barədə Qarabağ ətrafındakı 5 rayonun qaytarılması qarşılığında düşünə bilərik. Cavabı dinləyən Lavrov dərhal Kremlə zəng edib və böyük ehtimalla orada da bu şərtə razılıq verilib. Bir sözlə, Moskva növbəti dəfə özünün Qafqazdakı yeganə müttəfiqinin təhlükəsizliyi və maraqlarını təhdid altına ataraq, onları öz imperiya ambisiyalarına qurban verir”, - deyə iddia edilir.

Daha sonra bildirilir ki, Kremldən dəqiq tapşırıq alan Lavrov İrəvana gələrək burada Sərkisyanla çox ağır danışıqlar aparıb: “Burda onu da xatırlatmaq lazımdır ki, Avrasiya Birliyinə yeni üzv bütün üzv ölkələrin razılığı əsasında qəbul oluna bilər. Belə ki, Sərkisyandan Azərbaycanın Avrasiya İttifaqına üzvlüyünə razılıq verməyi tələb edən Lavrov rayonların geri qaytarılmasını da tələb edib. Hər şey bununla bitmir. Lavrov həmçinin ultimatum formasında Sərkisyandan Avropa Birliyi ilə əməkdaşlığın genişləndirilməsi barədə müqaviləni imzalamamağı tələb edib. Bəzi analitiklərin fikrincə, Ermənistanın AB ilə bu müqaviləni imzalamaq ehtimalı 100%-ə yaxındır. Moskva bunu çox gözəl anlayır və Ermənistanın Qərbə qaçmasına izn vermək istəmir”.

Erməni mənbələrinin məlumatına görə, Lavrov Sərkisyana Kremlin 5 yox, 2-3 rayonun Azərbaycana qaytarılmasına razı olduğu haqqında informasiya verib: “Bu isə Azərbaycanın Avrasiya Birliyinə üzvlükdə sürpriz olmalıdır. Lakin Lavrov Sərkisyana Kremlin 2-3 rayonla bağlı fikrini İrəvanın AB ilə razılaşma imzalamayacağı halda gerçəkləşdirəcəyini bildirib. Mənbələrimiz təsdiq edir ki, Sərkisyan Lavrovla ağır danışıqlardan sonra ciddi düşünüb. İrəvanın müqavilənin imzalayıb-imzalamayacağı haqqında Sərkisyanın qərarını biz səhər (bu gün -red.) görəcəyik. Görünür, Sərkisyan tələyə düşüb. O, əlbəttə, Lavrova Moskvanın tələblərinin yerinə yetirilməsinin mümkünsüz olduğunu başa salmağa çalışıb. Hətta Lavrova bir hektar torpağın Azərbaycana veriləcəyi təqdirdə hakimiyyətinə son qoyulacağını da deyib”.

Erməni mediası onun da yazır ki, Lavrovla görüşdən sonra Sərkisyan Dilicana Monte Melkonyan adına texnikumun açılışına gedərkən çox əsəbi olub və bunu tez-tez öz ətrafındakı insanlardan çıxmağa çalışıb. “Mənbəmiz Sərkisyanın hələ bu qədər əsəbi olmadığını bildirib. Görünür, Kreml Sərkisyanı hələ indiyə qədər bu dərəcədə diz üstə çökdürməmişdi” - məqalədə bildirilib.

Related image

*****

Əlbəttə ki, erməni mediasındakı bu şərhləri bütünlüklə gerçək kimi qəbul eləmək yanlış olar. Bir şey dəqiqdir ki, Moskva həqiqətən də Azərbaycanı Avrasiya Birliyində, hətta “Rus NATO-su”nda - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) görmək istəyir və Bakı razılıq verərsə, İrəvanın üzvlük üçün razılığı qara qəpiklik dəyər daşıya bilməz. Azərbaycan prinsipcə bunu mümkün sayır, lakin Qarabağ şərti var. Əks halda, təcavüzkar ölkə ilə heç nə olmayıbmış kimi Avrasiya Birliyində təmsil olunmaq qeyri-mümkündür.

O ki qaldı, Sərkisyanın tələyə düşməsinə, burada həqiqət payı yox deyil. Ötən saylarımızda yazdığımız kimi, işğalçı ölkənin vəziyyətini qəlizləşdirən səbəblərdən biri onun terrorçu başçısının Qərblə Rusiya arasında ikili oyun oynaması, “iki stul”da oturmağa çalışmasıdır. Söhbət NATO-ya reveranslarla yanaşı, AB ilə çərçivə sazişi imzalayıb özünü Qərb hesabına Rusiyadan sığortalamaq cəhdindən gedir. Bu isə forpost Ermənistan üçün risksiz ötüşməyə bilər.

İrəvan üçün daha bir kritik detal: məsələ ondadır ki, Avropa Parlamenti (AB-nin əsas qurumu) bu ərəfədə sammitin yekun bəyannaməsinin variantını qəbul edərək, iştirakçıların müzakirəsinə buraxıb. Erməni çevrələrinin səyləri nəticəsində layihəyə konkret olaraq, Qarabağ məsələsi ilə bağlı ərazi bütövlüyü prinsipi ilə yanaşı, öz müqəddəratını təyinetmə hüququ da salınıb. Halbuki ilkin variantda belə bir şey olmayıb. Həmçinin Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgə və Krımla bağlı analoji müddəa yer almayıb.

O üzdən rəsmi Bakının tam haqqı var ki, belə ikili yanaşmaya etiraz eləsin. Yəni həmin müddəa qəbul edilməsin. Əks halda, Azərbaycan doğrudan da yekun bəyannamənin qəbulunu tormozlaya bilər. Bu da öz növbəsində Ermənistanın təşkilatla saziş imzalamasını çətinləşdirəcək. Çünki ermənilərin öz Qarabağ şərti var.

Nəzəri cəhətcə Azərbaycan öz etirazını prezident İlham Əliyev Brüsselə getməməklə də nümayiş etdirə bilər - bundan əvvəlki Riqa sammitindəki kimi. O zaman Brüsseldə olacaq Sərkisyan Moskva qarşısında daha “naqolay” və “ofsayt” duruma düşəcək. Əlavə edək ki, 6 “Şərq Tərəfdaşlığı” ölkələrindən birinin - Belarusun prezidenti Aleksandr Lukaşenko AB-nin Brüssel sammitinə qatılmayacağını bəyan edib. (musavat.com)


Müəllif: Teleqraf.com