4 Dekabr 2017 13:50
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda “CountrySTAT” platformasının rəsmi açılışını həyata keçiriblər.

Teleqraf.com BMT-nin Bakı ofisinə istinadla xəbər verir ki, “CountrySTAT” platforması müasir FENİX texnologiyasından istifadə edərək, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinə dair məlumatların bölüşülməsi üçün innovativ alətdir.

Ərzaq və kənd təsərrüfatı üzrə veb əsaslı informasiya sistemi olan “CountrySTAT” qərarverən şəxslərə və qurumlara daha yaxşı, faktlara əsaslanan siyasət sənədlərinin tərtib olunması və inkişaf siyasətinin daha yüksək səmərəliliklə həyata keçirilməsi işində kömək edəcək yüksək keyfiyyətli statistik məlumatlara çıxışı təmin edir.

Milli səviyyədə saxlanılan və idarə olunan bu sistem “bir pəncərə” prinsipinə əsaslanan mərkəz kimi çıxış edərək, müxtəlif mənbələrdən etibarlı rəsmi məlumatların vaxtında toplanmasına və uyğunlaşdırılmasına, həmçinin onların vahid məkana inteqrasiyasına imkan verir. “CountrySTAT” platforması tədqiqatçılara, siyasət tərtibatçılarına, inkişaf təşkilatlarına və özəl sektora kənd təsərrüfatı sahəsində daha yaxşı siyasətlər işləyib hazırlamağa və icra etməyə, həmçinin, investisiyalar qoymağa imkan verir.

FAO, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD) və Ümumdünya Ərzaq Proqramı (ÜƏP) tərəfindən hər il dərc olunan “Dünyada ərzaq çatışmazlığı təhlükəsinin vəziyyəti” üzrə sonuncu hesabatda (SOFİ 2014) təsdiq olunur ki, dünyada aclıqdan əziyyət çəkən insanların sayı son onillikdə 100 milyon nəfərdən çox, 1990-92-ci illərdən bəri isə 209 milyon nəfərdən çox azalıb.

Bununla yanaşı, qeyri-kafi qidalanan insanların sayının “qəbuledilməz dərəcədə yüksək” qaldığını nəzərə alaraq, qurumların rəhbərləri aclıqla mübarizə üzrə siyasi öhdəliklərin yenilənməsinin və onların konkret tədbirlərə çevrilməsinin zəruriliyini vurğulayıblar.

“CountrySTAT” sisteminə dair qabaqcıl təcrübələrə sahiblənmə və dayanıqlılıq, ərzaq və kənd təsərrüfatı statisikasına dair milli “bir pəncərə” tipli mərkəz vasitəsilə məlumatların əlçatanlığının artırılması və onlara çıxış imkanlarının yaxşılaşdırılması daxildir.

Sistem, həmçinin, ərzaq təhlükəsizliyinə və müvafiq qərarların faktlar əsasında qəbuluna dəstək göstərmək məqsədilə, miqyası tənzimlənən yeni informasiya texnologiyalarının daha yaxşı inteqrasiyasına yönəlməklə, kənd yerlərinə və kənd təsərrüfatına dair statistik informasiya sisteminin dayanıqlı inkişafının gücləndirilməsi məqsədini daşıyır.


Müəllif: Cavad