5 Dekabr 2017 13:35
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın sonunda İranda (Astara) Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 12-ci iclası keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə İqtisadiyyat naziri, Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə görüşündə bildirilib.

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi üzrə görülən işlərə və dəhlizin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə, birgə layihələrə və iqtisadi sahədə əlaqələrin genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb. Görüşdə 2017-ci ildə Pirallahı Sənaye Parkında təməli qoyulmuş Azərbaycan-İran birgə əczaçılıq zavodunun tikintisi üzrə işlərin sürətləndirilməsindən bəhs edilib, Azərbaycanın Səhiyyə Nazirliyinin mütəxəssislərinin dekabr ayında Təbriz şəhərinə səfər edəcəkləri bildirilib. Bundan başqa, Neftçala Sənaye Zonasındakı birgə avtomobil istehsalı zavodunda tamamlama işlərinin gedişi barədə müzakirələr aparılıb.

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi əlaqələrin inkişaf etdiyini vurğulayıb, Dövlət Komissiyanın növbəti iclasında müzakirə olunacaq məsələlərə dair fikirlərini bildirib. İqtisadiyyat naziri hər iki ölkənin aidiyyəti qurumlarının iştirakı ilə “Xudafərin” və “Qız Qalası” sazişi üzrə Birgə Texniki Komissiyanın ilk iclasının da dekabr ayında İranın Xudafərin şəhərində keçirilməsini təklif edib.

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb, iranlı investorların Azərbaycanda sənaye sahəsinə investisiya qoymaqda maraqlı olduqlarını, Azərbaycan-İran Ticarət Palatasının yaradılmasını təklif edib.


Müəllif: Səxavət