6 Dekabr 2017 22:22
1 349
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ədalətli yanaşmadır, obyektiv rəqəmlərdir. Ona görə ki, Azərbaycan müstəqilliyinin ilk illərindən sonra indi stabilliyi ciddi dəyərləndirirlər. Çünki bu stabillik əhəmiyyətlidir. Hər şey də bundan irəli gəlir. Baxmayaraq ki, Azərbaycanın ərazilərinin 20 faizi işğal altındadır, amma ölkədə böyük işlər həyata keçirilir. Sorgu da bunun nəticəsidir.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, millət vəkili Rövşən Rzayev Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının sifarişi ilə ING maliyyə holdinqinin (Niderland) tərəfdaşı olan ACT LLC təşkilatının Azərbaycanla bağlı apardığı araşdırmanın nəticələrini şərh edərkən deyib.

Millət vəkili əlavə edib ki, Azərbaycanın regional layihələrin sahibi olması, ölkədə ciddi işlər görməsinin nəticəsidir ki, xalq öz iqtidarını dəstəkləyir:

“Azərbaycan xalqı gözəl görür ki, hansı gündən hansı günə gəlib çıxıb. Ona görə də, bu araşdırmada qeyri-adi bir şey görmürəm. Ancaq sağ olsunlar ki, ədalətli və obyektiv mövqedən çıxış ediblər. Çünki artıq Azərbaycanda görülən işləri başqa cür qələmə vermək mümkün deyil. Nəhayətdə ədalətli mövqe səsləndirilməli idi. Biz də çox şadıq ki, belə ədalətli mövqe nümayiş etdirilib. Azərbaycanı bəyənməyənlər də buna baxıb görsünlər ki, əsl ədalətli mövqe nədir”.

Rövşən Rzayev qeyd edib ki, sorğuda ölkə əhalisinin 81 faizinin hökumətə etimad göstərməsi vurğusu da təsadüfi deyil:

“Azərbaycan vətəndaşları ona görə hökumətə etimad edir ki, insanlar stabilliyin ölkəyə nə verdiyini görə bilir. Stabilliyin iqtisadi sferada hansı uğurlar gətirdiyi şübhəsizdir. Bunlar vacib və lazımlı addımlardır. Hökumətin gördüyü işlər də açıqdır və hər yerdən görünür.

Sorğunun sifarişçisinin Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı olduğuna vurğu edən deputat hesab edir ki, onlar Azərbaycan haqqında məlumat istəyiblər və dolğun informasiya əldə edə biliblər:

“Bu araşdırmanı həyata keçirən təşkilatda ədaləti və obyektivliyi üstün tutublar. Azərbaycan xalqı ilə iqtidarının vəhdəti, problemlərimizin həlli üçün birgə apardığımız işlər, prezidentin mövqeyi önəmli məsələlərdir. Əsl həqiqəti də qiymətləndirə biliblər”.

Xatırladaq ki, sözügedən araşdırma ING maliyyə holdinqinin (Niderland) analitik məruzəsində yer alıb. Azərbaycanda araşdırmaları bu holdinqin tərəfdaşı olan ACT LLC humanitar tərəfdaşlıq təşkilatı aparıb.

Araşdırmada qeyd edilir ki, Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir. Siyasi partiyalar rəyi soruşulanların 45 faizinin, Milli Məclis isə 65 faizinin etibarını doğruldur.

Bundan başqa, məruzəyə əsasən vətəndaşların 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir, şəxsi gələcəyinə isə rəyi soruşulanların 83 faizə yaxını nikbinliklə baxır.

ACT LLC-nin sosioloqları vətəndaşların həyatında ən böyük problemlər haqqında suallar da verib.

Araşdırma zamanı, həmçinin Azərbaycanda iqtisadi vəziyyət təhlil olunub. 2018-ci il üçün inflyasiyanın səviyyəsi 6,9 faiz proqnozlaşdırılır. Qeyd edilir ki, 2018-ci ildə manatın dollara nisbətində orta illik məzənnənin 1,59 (hazırda 1,7) təşkil edəcəyi gözlənilir. 2018-ci ildə neftin bir barrelinin qiymətinin 51 dollar olacağı proqnozlaşdırılır.


Müəllif: Cavad