7 Dekabr 13:20
293

Ukrayna ordusunun yaranmasının 26-cı ildönümü ilə bağlı “Hyatt Regency” hotelində tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə müxtəlif ölkələrin səfirləri, diplomatlar, hərbi attaşelər və siyasi ekspertlər iştirak ediblər.

Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko ölkəsinin bu illərdə üzləşdiyi çətinliklərdən danışıb. Ukrayna torpaqlarının bir hissəsinin işğal olunduğunu vurğulayan səfir ölkəsinin ordu quruculuğuna böyük maliyyə ayırmaq məcburiyyətində qaldığını söyləyib.

A.Mişenko Ukrayna ilə Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin inkişaf etdiyini bildirib:

“Azərbaycan torpaqları işğal edildikdə Kiyev Azərbaycan torpaqlarının bütövlüyünə dəstək verdi, ancaq biz özümüz eyni bəla ilə üzləşməyənədək faciənin miqyasını anlamırdıq”.

Qərbi Kaspi Universitetinin politologiya müəllimi, universitet nəzdində fəaliyyət göstərən Tətbiqi Politologiya Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu separatçılığın təbiətcə oxşar olduğunu bildirib:

“Separatçılığa kənar dəstək olmasa münaqişələri qısa müddətdə həll etmək olar. Azərbaycan və Ukrayna torpaqlarının işğalı ilə bağlı oxşarlıqlar çoxdur. Sizdə də, bizdə də, separatçılıq kənardan qidalanır”.

E.Şahinoğlu əlavə edib ki, dünyada separatçıların keçirdikləri “müstəqillik referendumları” beynəlxalq aləmdə dəstək qazanmır. O, buna misal olaraq Şimali İraq və Kataloniyada keçirilən referendumları göstərib:

“Nə Şimali İraq, nə də Kataloniyanın separatçı rəhbərləri keçirdikləri referendumlara hüquqi don geyindirə bilmədilər, heç bir dövlət onları tanımadı, əksinə İspaniya və İraqın ərazi bütövlüyü dəstəkləndi. İspaniyanın və İraqın ərazi bütövlüyünü dəstəkləyən böyük dövlətlər Azərbaycanın da ərazi bütövlüyünü sözdə və əməldə dəstəkləməli, separatizmi pisləməlidirlər. Biz beynəlxalq aləmdən separatizmə eyni münasibət bəsləməsini gözləyirik”.

Hərbi ekspert Üzeyir Cəfərov separatizmlə mübarizənin vacibliyini vurğulayıb və iki ölkənin oxşar dəyərləri bölüşdüyünü bildirib.


Müəllif: Səxavət