9 Dekabr 2017 09:24
1 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəcəb Tayyib Ərdoğan sələfi Cəlal Bayarın səfərindən 65 il sonra Yunanıstana gedən ilk Türkiyə Prezidentidir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, Lozanna və Sevr sülh müqaviləsindən sonra münasibətlərin çox gərgin olduğu Yunanıstana C.Bayarın səfərində məqsəd Afina ilə əlaqələri normallaşdırmaq və iki ölkə arasında normal münasibətlər yaratmaq, həmçinin, Yunanıstanda – Trakya bölgəsində yaşayan türk azlığının hüquqlarını qorumaq məqsədi daşıyırdı:

“O zaman Cəlal Bayar bu missiyanın öhdəsindən gələ bilməmişdi. Çünki onda Yunanıstanda sonralar “qara polkovniklər” inqilabı vasitəsilə devrilmiş və SSRİ-yə çox yaxın olan Dmitri Popodopulos baş nazir idi. Düzdür, o, Yunanıstan Sosial-Demokrat Partiyasını təmsil edirdi, amma kommunizmə və sosializmə çox yaxın idi. Yunanıstanda da icra hakimiyyətinin başçısı baş nazir hesab olunur. Həmin vaxt demək olar ki, bu məsələlər ətrafında heç bir razılıq əldə etmək mümkün olmamışdı”.

Q.Hüseynli qeyd edib ki, indi də oxşar proseslər baş verib:

“Yunanıstanda hakimiyyət başında qatı millətçi Aleksis Tsiprasdır. Rəcəb Tayyib Ərdoğan Yunanıstan Prezidenti və baş naziri ilə görüşdü. Danışıqlar o qədər də rəvan getmədi. Lozanna sülh müqaviləsi yenidən gündəmə gətirildi. Bu müqavilənin şərtlərinin guya Türkiyə tərəfindən pozulmasına dair iddialar səsləndi. Amma əslində, Lozanna sülh müqaviləsində Trakya bölgəsindəki türk azlığının hüquqlarının təmin olunması məsələsi də öz əksini tapıb. Bu məslələrdə Türkiyənin iradları nə Yunanıstanın Prezidenti, nə də baş naziri tərəfindən qəbul edildi. Yeganə fakt kimi onu göstərdilər ki, guya türk azlığının bir nümayəndəsi son seçkilərdə parlamentə üzv seçilib. Yunanıstan tarixində ilk dəfə olaraq bir türk yunan ali qanunverici orqanına seçilib. Halbuki, ora azı iki-üç türk seçilməlidir”.

Bununla belə, Q.Hüseynli danışıqların istənilən halda müsbət addım olduğunu vurğulayıb:

“Əfsuslar olsun ki, bu danışıqlar müsbət nəticələrə gətirib çıxara bilmədi”.

Qeyd edək ki, R.T.Ərdoğan 65 ildən sonra Yunanıstana səfər edən ilk Türkiyə Prezidenti olub. Bundan öncə isə R.T.Ərdoğan 2010-cu ilin mayında baş nazir qismində Yunanıstana səfər edib.


Müəllif: Sәxavәt