9 Dekabr 2017 08:34
2 605
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vyana görüşü də nəticəsiz başa çatdı.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.

O qeyd edib ki, il ərzində keçirilən danışıqlarda münaqişənin həlli ilə bağlı masada olan formulların detalları müzakirə edilsə də, son nəticədə münaqişənin həllində irəliləyiş əldə olunmadı:

“Bu görüş il ərzində keçirilən növbətçi görüşlərin yekunu, bir növ final görüşü idi. Ermənistanın substantiv danışıqlarda maraqlı olmaması və spekulyasiya etdiyi cəbhə xəttinə yaxın ərazilərdə keçirdiyi hərbi təlimlərlə özünü bir daha göstərir. Danışıqlar prosesinin davam etdiyi müddətdə Ermənistan prezidentinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri və burada keçirilən hərbi təlimləri izləməsi danışıqları sabotaj etməkdir”.

Ermənistan silahlı qüvvələrinin cəbhə xəttinə yaxın ərazilərdə hərbi təlimlərinin davam etdiyini vurğulayan analitik əlavə edib ki, Azərbaycan Ermənistana cəbhə xəttinin yaxınlığında hərbi təlimlər keçirməyə imkan verməməli və artilleriya ilə Ağdamın Uzundərə adlanan ərazisi istiqamətində işğalçının təlimdə iştirak edən vasitələrini vurmalıdır:

“Çünki Azərbaycan yaşayış məskənlərinə yaxın ərazidə Ermənistan silahlı qüvvələrinin ağır artilleriyasının atışı ilə keçirilən təlimlər ciddi narahatlıq doğurur”.

Dekabrın 6-da Ermənistan parlamentinin Rusiyadan 100 milyon dollar dəyərində yeni silah-sursatın kredit yolu ilə alınması barədə müqaviləni ratifikasiya etdiyini xatırladan M.Əsədullazadə işğalçı ölkənin siyasətinin silahlanmaq və işğalı davam etdirməkdən ibarət olduğunu qeyd edib:

“Böyük ehtimalla Ermənistan işğal etdiyi ərazilərə yeni ağır texnika və Rusiyadan alınan ağır artilleriya yerləşdirəcək. Bu o deməkdir ki, Ermənistan işğal etdiyi ərazilərdə möhkəmlənir və Azərbaycanın hücum taktikasına qarşı müdafiə xəttini gücləndirir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan il ərzində öz hərbi arsenalını möhkəmləndirib. Xüsusilə, Türkiyə ilə hərbi əməkdaşlıq güclənib. Hazırda Türkiyə Silahlı Qüvvələri, demək olar ki, Azərbaycanla birlikdədir. Azərbaycan-Türkiyə ittifaqı Rusiya-Ermənistan qruplaşmasına adekvat cavabdır”.


Müəllif: Səxavət