11 Dekabr 2017 18:06
2 551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com professor Əli Abbasovla müsahibəni təqdim edir.

- Əli müəllim, ABŞ Prezidenti Trampın Qüdslə bağlı son qərarı dünya mediasında ciddi müzakirə edilir. Sizin bu qərara münasibətiniz necədir?

- Nəzərə almaq lazımdır ki, Trampın kürəkəni yəhudidir. Prezidentin qızı da yəhudi dinini qəbul edib. Yəni Tramp o tərəfə yaxındır. O, prezidentliyə namizəd olanda bəyan edirdi ki, Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq, səfirliyini Tel-Əvivdən Qüdsə köçürəcək. Prezident olduqdan sonra bəlli oldu ki, bu qərarı vermək o qədər də asan məsələ deyil. Odur ki, sonda bu qərarını elan edəndə dedi ki, Fələstin-İsrail münaqişəsinin həlli üçün yeni sülh planı hazırlayıb. Ancaq bu planın detalları bəlli deyil. Tramp anladı ki, qəfildən bu qərarının ardından nəsə etmək lazımdır.

Bununla eyni zamanda Livan ərəb ölkələrinə müraciət etdi ki, bütün ərəb ölkələri Vaşinqtona qarşı sanksiyalar qəbul etsin. Hələlik vəziyyət bundan ibarətdir.

- Siz bu situasiyanın sonunu necə görürsünüz?

- Trampın siyasi təcrübəsi yoxdur. Odur ki, prezidentin belə bir qərar verə biləcəyini ehtimal edirdim. Sonra düşündüm ki, bəlkə buna getməz, çünki ABŞ daxilində də durum fərqlidir, Trampa qarşı ciddi müxalifət var. Ancaq nəzərə alın ki, ABŞ-da prezident seçkiləri zamanı bəzi namizədlər saxta erməni soyqırımını qəbul edəcəklərini bildiriblər. Ancaq prezident seçilsələr də, sonradan saxta soyqrımı qəbul etmirdilər. Bu məsələlərin ABŞ-ın daxili siyasəti ilə də əlaqəsi var.

- Deməli, sabah başqa bir şəxs prezident seçilə və saxta erməni soyqırımını tanıya bilər?

- Bəli, nəzəri baxımdan bu mümkündür. Ancaq Trampın belə addım atması ehtimalı azdır. Yaxşı ki, Tramp saxta erməni soyqrımından deyil, Qüdsdən başladı.

İndi Qüdslə bağlı islam dünyasında dalğalanma var. Neft sanksiyaları haqda danışılır. Tramp özü belə bir reaksiyanın olacağını gözləmirdi.

- Bundan sonra yəhudi-ərəb münasibətləri necə olacaq?

- İndiyə qədər necə idisə, bundan sonra da elə olacaq. Bu münasibətlərdə dəyişiklik ola bilməz. Çünki qərarı ABŞ-da veriblər. Məncə, hazırda islam dünyası Trampın Fələstin-İsrail münaqişəsinə dair yeni planının nədən ibarət olacağını gözləyir. Bu plan açıqlanacaq. Tramp bunu vaxt udmaq üçün deməyib. Özü də anlayır ki, Qüdslə bağlı qərarından sonra digər tərəfin də könlünü almalı və ona güzəştə getməlidir.

- Ərəb-İsrail müharibəsi başlaya bilərmi?

- Nəzərə alaq ki, Qüdslə bağlı qərarı Vaşinqtonda veriblər. Yəni bu qərarın bilavasitə ərəb-yəhudi münasibətlərinə təsiri yoxdur. Əlbəttə, dolayısı təsirləri mövcuddur. Üstəlik indiyə qədər də ərəb-yəhudi münasibətləri gərgin olub. Son qərarla gərginlik bir qədər də artıb. Bu münasibətləri silahlı qarşıdurmaya çevirmək olmaz.

- Ərəb dünyasında yeni çaxnaşma gözləyirsinizmi?

- Onsuz da ərəb dünyasında vaxtaşırı çaxnaşmalar olur. Azı 10 ildən bir baş verir. İndi ABŞ-ın hansı hərəkət edib-etməyəcəyindən daha çox şey asılıdır.

Əksər ərəb ölkələri isə ABŞ-la çox yaxındır. Gəlin unutmayaq ki, Donald Tramp birinci səfərini Səudiyyə Ərəbistanına edib. Ordan isə İsrailə yollanıb. Yəni ərəblərlə müzakirədən sonra yəhudilərin qonağı olub.

- Demək istəyirsiniz ki, ərəb ölkələrinin bu qərara dirəniş göstərmək ehtimalı yoxdur?

- Ərəb ölkələri hazırda Trampın bu qərarını ciddi qəbul edib. Və reaksiyalar göstərir.

Üstəlik, Fransa başda olmaqla əksər ölkələr bu qərarı tənqid edib. Bu da ərəb ölkələri üçün stimuldur.

- Fransa, Almaniya, İngiltərə, Rusiya, Türkiyə və digər ölkələr Trampın qərarını pislədi. ABŞ-ın beynəlxalq izolyasiyası gözləniləndirmi?

- Xeyr! ABŞ cırtdan dövlət deyil ki, beynəlxalq aləmdə təklənsin, izolyasiya olunsun. Əlbəttə, hamı bilir ki, bir çox dövlətlər ABŞ-ı sevmir.

Üstəlik ABŞ-da Trampa qarşı olan qüvvələr indi ləzzət alırlar. O mənada ki Tramp prezidentliyə gəlsə də, siyasi təcrübəsizliyi nəticəsində belə bir durum yaradıb. İndi bu qüvvələr Trampı tənqid edəcək, onu naşı adlandıracaq. Bu məsələ ABŞ daxili siyasətində əsas məqamlardan biri olacaq.


Müəllif: Cavad