14 Dekabr 2017 09:10
2 312
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn ilin martında Rusiyada keçiriləcək prezident seçkilərində Vladimir Putin yenidən namizədliyini irəli sürəcək. Putinə alternativ siyasətçi Aleksey Navalnı olsa da, onun qalib gəlmək şansı sıfıra bərabərdir.

Bunu Teleqraf.com-a açıqlamasında Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun rəhbəri, siyasi icmalçı Məhəmməd Əsədullazadə bildirib.

O qeyd edib ki, Qərbin tətbiq etdiyi sanksiyalar Rusiyada sosial-iqtisadi vəziyyəti ağırlaşdırsa da, V.Putinin beynəlxalq siyasətdə Rusiyanın rolunu artırması, Şərqi Avropa və Yaxın Şərqdə hərbi fəaliyyəti rus liderə müəyyən dərəcədə populyarlıq qazandırıb:

“Seçkidən sonra Vladimir Putinin hədəfində Mərkəzi Asiya və Cənubi Qafqaz olacaq. Rusiyanın tam gücü ilə bu regionlara öz siyasi-ideoloji təsir və təzyiqlərini artırması, nəzarətini gücləndirməsi qaçılmazdır. Həmçinin, Belarusun mərkəzdənqaçma siyasətinə sərt təpki göstəriləcək. Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə danışıqlar vasitəsilə manipulyasiyanın, separatizm və işğal siyasətinin davam etdirilməsi gözlənilir”.

M.Əsədullazadə qeyd edib ki, V.Putinin xüsusilə Gürcüstan və Ukraynaya hərbi təzyiqləri qaçılmazdır:

“Xarkov və Odessa işğal edilə bilər. Bundan əlavə Rusiyanın Baltikyanı ölkələrə qarşı öz sərhədlərində hərbi iştirakını artırmaqla ciddi təzyiqlərə start verməsi gözlənilir. Çünki Qərblə Rusiya arasında soyuq müharibə davam edir və yeni fazaya keçir. Yaxın Şərqdə güclənən Rusiya postsovet ölkələrinə nəzarəti gücləndirməklə ABŞ-ın Cənubi Qafqaz və Mərkəzi Asiya siyasətinin qarşısını almağa çalışır. Həmçinin, Şərqi Avropada ABŞ-ın hərbi iştirakını təhlükəsizliyinə təhdid hesab edir. Ona görə də Şərqi Avropa və Baltikyanı respublikalar Rusiya təhlükəsi ilə üz-üzədir. Rus tanklarının Şərqi Avropada irəliləməsinə – sərhədi keçməsinə ABŞ-ın mane olması illüziyadır. Necə ki, Rusiya bunu Ukrayna və Gürcüstanda etdi”.

Ekspert qeyd edib ki, Rusiyanın Azərbaycanla bağlı da müəyyən planları var:

“Çünki Azərbaycan Putinin Avrasiya İqtisadi İttifaqı planlarında yer almır. Müəyyən dərəcədə müstəqil siyasət aparır və TANAP, Bakı-Tiflis-Qars kimi strateji layihələrlə Rusiyanın maraqlarına uyğun olmayan siyasət yürüdür. Rusiya Azərbaycana qarşı prezident seçkiləri öncəsi siyasi ittifaq da formalaşdıra bilər. Kreml ermənipərəst Georgi Zuyevi səfir göndərməklə Azərbaycana seçki öncəsi təzyiqləri planlaşdırırdı. Rusiya elə bir şəxsi göndərmək istəyir ki, keçmiş səfir Vladimir Doroxin kimi loyal siyasət aparmasın. Hazırda Rusiyanın təzyiqləri Qarabağ və Xəzər dənizində özünü büruzə verir. Qərb Rusiyanı dayandıra bilməsə, Mərkəzi Asiya, Cənubi Qafqaz və Şərqi Avropa yaxın beş il ərzində Rusiyanın nəzarətinə keçə bilər”.


Müəllif: Səxavət Həmid