16 Yanvar 2018 20:57
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov YUNESKO-nun Baş Direktoru xanım Odre Azule ilə təşkilatın mənzil-qərargahında görüş keçirib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı nazir Elmar Məmmədyarov Odre Azuleni YUNESKO-nun Baş Direktoru vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.

Tərəflər YUNESKO-nun beynəlxalq münasibətlərdə və müasir təhdidlərin qarşısının alınmasında oynadığı mühüm rolunu vurğuladılar. Bu xüsusda Nazir YUNESKO-nun Azərbaycan üçün vacibliyini qeyd edərək bu əməkdaşlığın güclənməsində Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti – YUNESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın müstəsna rolunu diqqətə çatdırdı.

Görüşdə 2013-ci ildə ölkəmiz ilə YUNESKO arasında imzalanmış Çərçivə Sazişi və onun əsasında yaradılmış beş milyon ABŞ dolları məbləğində Etimad Fondunun əhəmiyyətinə toxunuldu. Bu Saziş çərçivəsində Azərbaycanın YUNESKO-nun prioritet sahə kimi qəbul etdiyi Afrikada qızların təhsili üzrə, eləcə də digər ölkələrdə qeyri-maddi mədəni irsin qorunması, elm və texnologiyalar sahəsində maliyyələşdirdiyi layihələr müəyyən edilib.

Ölkəmizdə olan multikulturalizm və tolerantlıq ənənələri haqda həmsöhbətinə məlumat verən nazir Elmar Məmmədyarov Azərbaycan və YUNESKO arasında mədəniyyətlərarası dialoq sahəsində çox uğurlu əməkdaşlığın olduğunu bildirdi.

Nazir Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə başlayan “Bakı Prosesi” və bu il sözügedən bu uğurlu layihənin 10 illiyinin qeyd edildiyini diqqətə çəkdi.

Odre Azule mədəniyyətlərarası dialoq sahəsində YUNESKO-nun Azərbaycan ilə əməkdaşlığını vacib və təqdirəlayiq hesab etdiyini bildirdi və bu sahədə birgə fəaliyyətin gələcəkdə də davam etdirilməsinin vacibliyini qeyd etdi.

Görüş əsnasında Nazir Azərbaycan Xarici İşlər Nazirliyi nəzdində Beynəlxalq İnkişaf Agentliyi (AİDA) tərəfindən Qoşulmama Hərəkatı ölkələrində həyata keçirilən humanitar layihələr haqda məlumat verərək ölkəmizin Qoşulmama Hərəkatının üzv ölkələri, xüsusilə də Afrika dövlətlərinə dəstək layihələrində YUNESKO ilə əməkdaşlığa hazır olduğunu bildirdi.

YUNESKO-nun Baş Direktoru bu kimi əməkdaşlığın alqışladığını bildirdi və hazırda Təşkilat üçün önəmli sahələrdən birinin də Yaxın Şərqdə mədəni irsin bərpası olduğunu qeyd etdi.

Nazir ölkəmizin mədəni irsin qorunması mövzusuna həssas yanaşdığını bildirdi və ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş ərazilərində mədəniyyət abidələrimizin Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdıldığını və məhv edildiyini vurğuladı.

O, ATƏT monitorinq missiyasının da bu faktları təsdiqlədiyini deyərək YUNESKO-nu gələcəkdə bu monitorinq prosesinə qoşulmağa dəvət etdi.

Görüş əsnasında Nazir Elmar Məmmədyarov YUNESKO Baş Direktorunu ölkəmizə səfər etməyə dəvət etdi.


Müəllif: Teleqraf.com