24 Yanvar 2018 08:46
1 423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Reallıq budur ki, Ermənistanla Azərbaycan müharibə vəziyyətindədir. Azərbaycan torpaqları işğal altındadır.

Bunu Teleqraf.com-a açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Krakovda aparılan danışıqlara, bundan dərhal sonra cəbhədə baş verən erməni təxribatına münasibət bildirən politoloq Fikrət Sadıqov deyib.

O qeyd edib ki, Ermənistan tərəfinin təxribatları dayanmadan davam edir:

“Yəni, istər danışıqların kreativ xarakter daşıması, istər hansısa təkliflər irəli sürülməsinə dair səslənənlər diplomatik terminologiya portfelindən götürülən ifadələrdir. Bəlkə də bunun arxasında hansısa təkliflər müzakirə olunur, amma ön planda müharibə, işğaldır, bizə qarşı təxribatlardır. Biz bunları yaxşı dərk edirik, başa düşürük. Çünki müharibə, işğal davam edir. Biz düşmənin yeni təxribatlarına hazır olmalıyıq və hazırıq. Azərbaycan hər bir təxribata adekvat cavab verir”.

F.Sadıqov qeyd edib ki, bu iki proses paralel gedir:

“Əgər hardasa danışıqlar gedirsə, bu o demək deyil ki, biz sakit oturub həmin təxribatları müşahidə edəcəyik. Azərbaycan həm diplomatik, həm də hərbi sahədə hücumçu addımlar atmalıdır”.

Qeyd edək ki, bundan öncə də dəfələrlə danışıqlar prosesinin getdiyi ərəfələrdə cəbhə xəttində erməni təxribatları baş verib. O cümlədən 2014-cü ilin noyabrında prezidentlər arasında görüşün keçirilməsində 2 həftə sonra düşmən cəbhə xəttində təxribat törətməyə cəhd etmiş, nəticədə təcavüzkar tərəfin Mi-24 tipli döyüş vertolyotu vurulmuşdu. Bu baxımdan cəbhədə yeni bir hərbi toqquşmanın baş verməsi mümkündürmü?

Bu suala cavab verən F.Sadıqov müharibənin sona yetmədiyini vurğulayıb:

“Danışıqların getməsi o demək deyil ki, Azərbaycan öz gücünü nümayiş etdirməyəcək. Ermənistan tərəfi danışıqların keçirildiyi günlərdə hər zaman təxribatlara yol verir. Çünki danışıqlar İrəvanı qane etmir. Onlar başa düşürlər ki, diplomatik, siyasi səviyyədə uduzmuş tərəfdirlər. Çünki bütün qətnamələr, qərarlar bizim xeyrimizədir. Beynəlxalq hüquq normaları da bizim tərəfimizdədir. Ona görə də Ermənistan tərəfinin təxribat törətməkdən başqa heç bir çıxış yolu yoxdur. Onlar heç bir üslub, metod tapa bilmirlər, kimisə günahlandırmalıdırlar”.


Müəllif: Səxavət Həmid