11 Fevral 10:49
431

Prezident İlham Əliyev fevralın 8-də hakim Yeni Azərbaycan Partiyasının VI qurultayında bir sıra tezislər səsləndirdi. Onların arasında ən önəmlilərindən biri də Avropa ölkələri ilə əməkdaşlığı inkişaf etdirməklə bağlı idi.

Bunu Teleqraf.com-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, Prezident Avropa ölkələri ilə əməkdaşlığı inkişaf etdirməli olduğumuzu, Avropa bazarının Azərbaycan üçün mühüm olduğunu vurğulayıb:

“Bu baxımdan Avropa İttifaqının üzvü olan və olmayan Avropa ölkələri ilə əməkdaşlıq siyasəti, əlbəttə, davam etdirilməlidir. Düşünürəm ki, cari il ərzində Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq üzrə ikitərəfli saziş də imzalanacaq. Avropa İttifaqı ölkələri Azərbaycanın əsas ticarət tərəfdaşlarıdır. Bizim enerji resurslarımızın son ünvanı Avropadır. TANAP və TAP layihələri – hansı ki, onlar müvafiq olaraq 2018 və 2020-ci illərdə istifadəyə veriləcək, – üzrə təbii qaz əsasən, Avropa ölkələrinə nəql olunacaq. Bu baxımdan da Avropa ilə Azərbaycanın əməkdaşlığı vacibdir”.

E.Şahinoğlu qeyd edib ki, Avropa da Azərbaycanı özü üçün vacib tərəfdaş, hətta Şərqə açılan qapı hesab edir:

“Üstəlik, Avropa Parlamentinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ədalətli qətnamələri var. Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri kimi onlar da yerinə yetirilmir. Ona görə də düşünürəm ki, Avropa ölkələri ilə müxtəlif sferalarda əməkdaşlığın genişləndirilməsi, parlament diplomatiyasının tətbiqi, dostluq qruplarının yaradılması hər iki tərəfin xeyrinədir”.

Politoloq Azərbaycanla Avropa İttifaqı ölkələri arasında əməkdaşlığın hazırkı səviyyəsinin onu qane etdiyini vurğulayıb:

“Vəziyyət qaneedicidir. Çünki Azərbaycanın Avropa İttifaqının 9 dövləti ilə strateji anlaşması var. İtaliya, Çexiya, Polşa və digər dövlətlərlə siyasi-iqtisadi əlaqələrimiz çox yüksək səviyyədədir. Məsələn, 2017-ci ildə İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı, ən böyük ixrac məntəqəsi və Rusiya, ABŞ, Türkiyə, Çin, Ukrayna və Almaniyadan sonra yeddinci böyük təchizatçısı kimi qərarlaşıb. Bununla da İtaliya Avropa İttifaqı ölkələri arasında Almaniyadan sonra Azərbaycanın ikinci böyük təchizatçısına çevrilib. Avropa İttifaqının digər ölkələri ilə də gediş-gəliş var. Könül istərdi, viza sistemində də yumşalma olsun ki, gediş-gəliş daha da artsın. Əməkdaşlığa mane olan yeganə amil Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq üzrə ikitərəfli sazişin imzalanmamasıdır. Düşünürəm ki, danışıqlar bir qədər intensivləşsə, ilin sonunadək bu sazişi də imzalamaq mümkün olacaq. Saziş imzalandıqdan sonra onun əsasında əməkdaşlıq daha da inkişaf edə bilər”.

Qeyd edək ki, bu günlərdə Azərbaycan-Avropa İttifaqı əlaqələrində iki əlamətdar hadisə baş verib. Belə ki, Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi üzrə nümayəndə heyətinin Avropa Parlamentinə səfəri zamanı fevralın 7-də Avropa Parlamentində “Azərbaycanın Dostları” qrupu təsis edilib.

Fevralın 9-da isə Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası keçirilib. İclas Xarici İşlər naziri Elmar Məmmədyarovun və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinin sədrliyi ilə baş tutub.


Müəllif: Səxavət Həmid