12 Fevral 10:50
217

Millət vəkili Zahid Oruc prezident seçkisinə qatılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə musavat.com-a daxil olan müraciətdə bildirilir. Müraciəti Zahid Oruc hazırlayıb və o, Azərbaycan vətəndaşlarına xitab edərək, onları seçkidə, bu ümumxalq kampaniyasında fəal iştiraka çağırır.

Həmin müraciətin mətnini təqdim edirik:

***
Əziz həmvətənlər!

İstəkli bacı və qardaşlar!

Bildiyiniz kimi, siyasi təqvimimizdə 11 aprel 2018-ci il dövlətçilik tariximizin mühüm hadisələrindən birinə çevriləcək. Öz həyatına və övladlarının gələcəyinə biganə olmayan hər kəsin ölkə prezidentinin kimliyinə taleyüklü məsələ kimi baxdığına heç bir şübhə yeri yoxdur.

Prezident seçkilərinə qatılanların əsas məqsədi nədən ibarət olmalıdır? Bizlər üçün düşüncələrdə durğunluq yaratmağa çalışan və ya seçkilər əleyhinə mövqe tutaraq, ali icra hakimiyyətinin başçısını seçkilər yolu müəyyənləşmədiyini göstərməyə cəhd göstərən baxışlardan fərqli olanlar əsas hədəf qrupumuz olacaqdır.

Ona görə də, əgər sözünüz varsa, bütün fikir müxtəlifliyinə, sosial və siyasi fərqlərə rəğmən, gəlin, onları birgə müzakirə edək. Əsas olanı budur: seçkiləri şəxslərin fiziki davası deyil, ideyaların və düşüncələrin yarışı kimi qəbul edək.

Şükülər olsun, tankların və topların səsi ilə dövlətin birinci şəxsini müəyyən etdiyimiz dövr arxada qalıb. İndi yaxın və uzaq xaricdən gələn terror dalğalarından özümüzü qorumalıyıq və əldə etdiyimiz nizamı, əmin-amanlığı düzgün dəyərlən- dirməliyik, düşüncələrdə xaos yaşadanlara da əlimizi uzatmalı, onlara doğru yolu göstərməliyik.

Əsil həqiqətdə, nədənsə razı olmayan və ya dəyişiklik görmək istəyənləri diqqətlə dinləyəndə əmin olursan ki, onlar Heydər Əliyev kursundan kənarda ölkənin sabit gələcəyini təsəvvür etmirlər. Elə isə, bizi birləşdirən platformanın üzərində inşa etdiyimiz dövləti irəliyə aparmaq üçün əl-ələ verməkdən başqa yolumuz qalmır.

Onsuz da hər gün hamımız evdə, ya işdə, dostlarla və ya tanımadığınız insanlarla diskussiya edirik, ətrafımızda canlı ünsiyyət mühitini formalaşdırmağa çalışırıq. Hətta müasir kommunikasiya vasitələrində aparılan virtual polemikalarımız da bizim gerçək həyatımızın güzgüsünü təşkil edir. Biz uğurlarımızla fəxr edirik, amma eyni zamanda yeni gələcəyimizin də xəyallarını qururuq.

Əslində prezidentlər üçün arzularla yaşayan milyonlarla insan ən böyük sərvət deməkdir. Hamıya bəllidir ki, Martin Lüter Kinqin dünyada məşhur olan “mənim bir arzum var”, devizli nitqi təkcə ağ və qara əlləri birləşdirmək istəyənlərin səsi deyildi, eləcə də “Amerikanı hamının vətəni”nə çevirmək istəyən bütün irq və millətlərin birgə hayqırtısı idi.

Ona görə də seçkilər milyonlarla istək və tələblərin düzgün bir məcraya yönəlməsi üçün əvəzsiz fürsətdir. Axı söhbət təkcə səsvermədən getmir, eləcə də hər bir təbliğat aksiyasında real həyatımızın cari və uzunmüddətli problemlərini dartışmağa, həqiqətlə yalanı bir-birindən daha yaxşı ayırmağa imkan yaranır.

Yəni hakimiyyət əslində necədir, biz haradan-haraya gəlmişik; iqtisadi və sosial gündəliyimiz indi hansı proqramları önə çıxarmalıdır, bank sektorunda davam edən nizamsızlığı qaydaya salmaq üçün hökumət nələri həyata keçirməlidir və sair, gördüyünüz kimi, seçkilərin tribunası millətimizin həqiqi və gerçək durumunu nümayiş etdirməyə, can atdığı idealları daha gur səslə ortaya qoymağa böyük fürsətlər açır.

Gəlin razılaşaq ki, bütün siyasi-ideoloji qarşıdurmlara baxmayaraq, hamının bir idealda vahid mövqeyi var: heç bir şəxsi mal-mülk problemi, karyera quruculuğu qayğıları və ya az(çox)gəlirli sahədə çalışmaq gerçəkliyi, konkret məmur fəaliyyətinə dikilən gözləntilərimiz xalqımızın qanı bahasına əldə olunmuş müstəqilliyimizdən imtinaya səbəb ola bilməz. Deməli, gələcək siyasi gündəliyin formalaşması üçün hamımız bu ümumxalq kampaniyasında fəal iştirak etməliyik.

Əziz bacı və qardaşlar!

Bildiyiniz kimi, mən partiya mənsubiyyətinə malik deyiləm, lakin Azərbaycan parlamentində böyük fəaliyyət təcrübəsi qazanmışam və sadə-əliqabarlı ailənin övladı kimi zəhmətkeş insanların, sovet dövrünün təbiri ilə desək, ölkənin maddi sərvətlərini yaradan çoxluğun təmsilçisiyəm və hər zaman bununla fəxr etmişəm. Diqqət yetirsəniz görəcəksiniz ki, hakimiyyətə qarşı fərqli ideya-siyasi düşərgədə olduğunu deyənlərdən kənarda milyonla insan heç bir partiyalı vəsiqə daşımır. Elə isə onların birgə səsinə çevrilə bilərik.

Ona görə biz heç bir inqilabi yola, düşmənçilik və qisasçılıq yayan baxışlara, müharibəni hakimiyyət dəyişikliyi üçün arzulayan kəsimlərin niyyətlərinə meydan aça bilmərik. Yaxud, xarici müdaxilə vasitəsilə ölkənin taleyini müəyyənləşdirməyə və siyasi münasibətləri aydınlaşdırmağa çalışanlarla bir yerdə olmaq da çətindir. Lakin o da bəllidir ki, dövlət güclü olanda onun taleyini kənarda həll edə bilmirlər.

Beləliliklə, ötən 27 ildə mətinləşən və böyük siyasi yetkinlik məktəbi keçən xalqımızın ləyaqətli övladlarına güvənərək, bir qrup işıqlı insanı vahid platformada birləşdirmək və onların qiymətli təklif və ideyalarını səfərbər etmək naminə şəxsi təşəbbüsümüzlə prezident seçkilərinə qatılmaq üçün öz namizədliyimizlə çıxış etməyi qərara alırıq.

Biz yüzlərlə insanın məsləkdaşımıza çevriləcəyini inanırıq və ümid edirik ki, rəsmi bəyanatımızdan sonra yaradılacaq təşəbbüs qrupuna qoşulan bacı və qardaşlarımızın sayı artacaqdır.

Biz sizlərin köməyinə böyük ümid bəsləyirik. Axı dünya siyasi okeanında üzən Azərbaycan adlı gəmidə hamımız bir yerdəyik: varlı və kasıblığına, dindar və ateistliyinə baxmadan hər kəs ali bir məqsədə doğru gedən yoldadır.

Ona görə də bizə kömək edən, qaynar ürəyi və təmiz əlləri ilə işimizə yardım göstərən hər kəsin bizə verdiyi imzası birgə yaratdığımız dövlət kitabının parlaq sətirləri olacaqdır.

Seçkilərin nəticələri birinci növbədə xalqa lazımdır..

Biz ölkəmizin gələcəyinə inananların birliyinə nail olmalıyıq..

Bizim müharibə ilə üz-üzə qalarkən, sülhə inanmaqdan başqa yolumuz yoxdur..

Sizi ictimai həyatdan uzaqlaşdırmaq istəyən siyasətçilərə deyirsiniz-BİZ VAHİD OLA BİLƏRİK!

Elə isə, yolumuz açıq olsun!


Müəllif: Teleqraf.com