14 Fevral 2018 09:00
1 440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həmsədr ölkələrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yürütdükləri siyasət hər bir Azərbaycan vətəndaşını maraqlandırır və narahat edir. Bu, düzgün siyasət deyil və bizi tam mənada qane etmir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

O bildirib ki, həmsədr dövlətlər Azərbaycanla Ermənistanı açıq şəkildə bərabərləşdirirlər:

“Nəinki bərabərləşdirirlər, hətta bəzi hallarda İrəvana bəraət qazandırmaq istəyirlər. Bizi sülhə, barışığın əldə edilməsinə, təmkinli olmağa çağrırlar. Bu, fantastik ideya, reallıqdan uzaq təklifdir. Mənə elə gəlir ki, bunu həmsədrlər də dərk edir. Onlar başa düşməlidirlər ki, Azərbaycan ərazisinin 20 faizi işğal altında qaldıqca sülh, barışıq heç vaxt baş verməyəcək. Bunlar uydurma ideyalardır. Onlar bu oyunları başa düşürlər və qəsdən onu oynayırlar. Çünki bu, açıq şəkildə ikili standartların nümayişidir. Məgər onlar Avropada separatçı hərəkat baş qaldırdıqda avropalı siyasətçilərin necə hərəkət etdiklərini görmürlər?! İspaniyada Kataloniya böhranını xatırlayaq. İndi isə Fransada Korsika problemi gündəmə gəlib. Kimsə onları müstəqil dövlət kimi tanımağa hazırlaşırmı? Bəs biz torpaqlarımızın daha neçə il işğal altında qalmasına göz yummalıyıq?”

F.Sadıqov qeyd edib ki, həmsədrlər seyrçi mövqedədirlər:

“Onlar vasitəçi yox, sanki müşahidəçidirlər. Halbuki, həmsədrlər regiona səfər etməklə öz fəaliyyətlərini başa çatmış hesab etməməlidirlər. Onlar beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun real təkliflər irəli sürməli, Ermənistana müəyyən təzyiqlər göstərməlidir. Onlar bunu çox yaxşı, çox düzgün başa düşürlər”.

Politoloq əlavə edib ki, görünür, burda bir məqam da var:

“Ermənilər uzun onilliklər ərzində avropalıların, xristian dünyasının qulağını miskin, yazıq, müsəlmanlardan əziyyət çəkən, “soyqırımı”na uğrayan bir xalq olmaları ilə o qədər doldurublar ki, görünür, onlar da istər-istəməz bu fikirlərin təsiri altına düşürlər. Yaranmış bu fonda Azərbaycan heç nəyə baxmadan güclənməli, hucumçu diplomatiyaya üstünlük verməli, qəti və prinsipial mövqeyindən geri çəkilməməlidir. Eyni zamanda 2016-cı ilin aprelində olduğu kimi vaxtaşırı erməni tərəfinə öz torpaqlarını azad etməyə qadir olduğunu göstərməlidir. Başqa yol yoxdur”.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə birlikdə fevralın 7-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə, fevralın 9-da isə İrəvanda Ermənistan Prezidenti Serj Sərkisyanla görüşüblər. Həmçinin, hər iki paytaxtda həmsədrlər bu ölkələrin XİN rəhbərləri ilə məsləhətləşmələr aparıb. Həmsədrlər fevralın 9-11-də Dağlıq Qarabağa səfər edərək separatçı rejimin rəhbərliyi ilə görüşüblər və işğal altında olan Zəngilan, Qubadlı, Ağdam, Laçın və Kəlbəcər rayonlarında müəyyən yerlərə baş çəkiblər.

Həmsədrlər səfərin yekunları ilə bağlı yaydıqları bəyanatda qoşunların təmas xəttində ölüm halları nəticələnən insidentlərlə bağlı dərin narahatlıq ifadə edərək, Cenevrə görüşündəki razılaşmaya uyğun olaraq, tərəfləri gərginliyin azaldılması istiqamətində əlavə addımlar atmağa və atəşkəs rejiminə riayət etməyə çağırıblar.

“Həmsədrlər, həmçinin, tərəfləri təhrikedici bəyanatlardan və təxribatçı addımlardan çəkinməyə çağırırlar. Həmsədrlər, güc tətbiq edilməməsi, ərazi bütövlüyü, xalqların öz müqəddəratlarını təyin etmək, bərabər hüquqlara malik olmaq prinsipləri daxil olmaqla Helsinki Yekun Aktına əsasən münaqişənin sülh yolu ilə həllinin tapılmasında tərəflərə dəstək göstərməkdə qətiyyətli olduqlarını bir daha bəyan ediblər. Həmsədrlər tərəflərin hazırki seçki dövrünü nəzərə almaqla intensiv danışıqları davam etdirmək niyyətini alqışlayırlar”, – deyə bəyanatda bildirilir.

Ancaq maraqlıdır ki, həmsədrlərin səfəri başa çatar-çatmaz Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yeni bir insident baş verib. Belə ki, fevralın 11-də səhər saatlarında hava şəraitinin dumanlı olmasından istifadə edərək düşmən ordumuzun Qazax rayonunda ön xətt mövqeləri istiqamətində hərəkətə cəhd göstərib. Görülən qabaqlayıcı tədbirlər nəticəsində erməni kəşfiyyat qrupunun irəliləməsinin qarşısı dərhal alınıb. Geri çəkilməyə məcbur edilən düşmən qrupu ona məxsus UAZ markalı avtomobil texnikasını ataraq təcili surətdə ərazini tərk edib. Öz mövqelərinə geri çəkilən düşmən ərazidə qalan UAZ avtomobilinə atəş açmaqla onu yandıraraq məhv edib.


Müəllif: Səxavət Həmid