14 Fevral 17:30

Seçki Məcəlləsində irəli sürülən tələblərə maksimum əməl edilməsi tələbi dairə seçki komissiyalarının qarşısında əsas vəzifə kimi qoyulur. Ona görə də Mərkəzi Seçki Komissiyası (MSK) məsələni diqqətdə saxlamalıdır.

Bunu MSK sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclaısnda deyib.

M.Pənahov bildirib ki, Mərkəzi Seçki Komissiyası bu məsələni xüsusi diqqətdə saxlayacaq: “Mən ümumi seçki prosesini nəzərdə tuturam. Seçkinin nəticələri Konstitusiya Məhkəməsində təsdiq olunana qədər onlar MSK-nın nəzarətində olacaqlar. Hansısa icra nümayəndəsi, komissiya üzvü, vəzifədən kənar şəxslər Seçki Məcəlləsinin qərarları ilə bağlı hansısa xoşagəlməz hala yol verməməlidir. Biz bunu MSK-nın mövqeyi kimi bildirməliyik. MSK bütün beynəlxaq qurumları, diplomatik nümayəndələri seçki prosesini izləməyə dəvət edib. Onları maraqlandıran hansısa məsələlər varsa, qarşılıqlı əməkdaşlıq çərçivəsində onlara cavab verməliyik”.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələrini imzatoplama vaxtı diqqətli olmağa çağırıb.

M.Pənahov bildirib ki, imza toplamaq üçün bütün namizədlərə bərabər şərait yaradılıb: “Namizədliyin qeydə alınması üçün imzalar düzgün olmalıdır. Sonra etibarsız imzalara görə namizədlik qeydə alınmayanda bunu başqa cür yozurlar”.

MSK sədri, həmçinin seçki məntəqələrində veb-kameraların quraşdırılmasına toxunub. O qeyd edib ki, yaxın günlərdə kameraların quraşdırılmasına başlanılacaq.

M.Pənahovun sözlərinə görə, kameralar Azərbaycanın bütün coğrafiyasını əhatə edəcək.

MSK sədri vurğulayıb ki, seçki günü səhər saat 07:30-dan başlayaraq bütün seçki prosesi onlayn şəkildə insanlara çatdırılacaq./Trend/

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.


Müəllif: Teleqraf.com
Загрузка...