15 Fevral 2018 11:48
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Petro Poroşenko ilə Rusiya Prezidenti Vladimir Putin arasında aparılan telefon danışığı ilə Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixail Saakaşvilinin bir gün qabaq Kiyevdən Polşaya readmissiya edilməsi arasında hansısa əlaqənin olduğunu düşünmürəm.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, P.Poroşenkonun Rusiyanı sərt tənqid etməsinə baxmayaraq, iki dövlətin lideri tez-tez telefon əlaqəsi saxlayır və müxtəlif məsələləri müzakirə edirlər:

“Saakaşvilinin readmissiya edilməsi Rusiyalıq məsələ deyil. Poroşenko bu məsələni uzağı Qərblə razılaşdıra bilərdi. Çünki readmissiya Qərbdə müəyyən reaksiyalar doğura bilər. Amma Saakaşvilinin Ukraynada olmasının, yaxud readmissiya edilməsinin Rusiyaya isti-soyuğu yoxdur. Ona görə də Poroşenkonun məhz Saakaşvili məsələsini müzakirə etdiyini düşünmürəm. Məncə, daha çox girovların dəyişdirilməsi məsələsi müzakirə olunub”.

Qeyd edək ki, Ukraynanın şərqindəki situasiyanın nizamlanması və Krım məsələsinin həlli üzrə yaradılmış “Normand dördlüyü”nün (Minsk razılaşmasının yerinə yetirilməsi üçün Almaniya, Rusiya, Ukrayna və Fransanın yüksək çinli nümayəndələrindən ibarət diplomatik qrup-S.Həmid) xarici işlər nazirləri fevralın 16-da Münhendə görüşəcək. Bu görüşdən gözləntilərini də bölüşən E.Şahinoğlu qeyd edib ki, “Normand dördlüyü” artıq Minsk Qrupu həmsədrlərinin fəaliyyətinə bənzəməyə başlayıb:

“Necə ki, burda durğunluqdu, o formatda da durğunluq hökm sürür. Çünki Minskdə razılaşdırılan saziş yerinə yetirilmir. Burda Rusiyanın da böyük günahı var. Necə ki, Minsk Qrupu həmsədrlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasişəsi ilə bağlı hazırladıqları planlar yerinə yetirilmir, eləcə də “Normand dördlüyü”nün Minskdə razılaşdırdığı bəndlər kağız üzərində qalıb. Tərəflər Münhendə görüşüb fikir mübadiləsi apara bilərlər, amma illərdir ki, bu görüşlər və müzakirələr aparılır. İrəliləyiş də yoxdur. Çünki gündəmdə ciddi məsələlər var. Ukraynanın haqlı tələbi öz sərhədinə özünün nəzarət etməsi ilə bağlıdır. Yəni, separatçı bölgəyə də Ukrayna ordusunun bölmələri yerləşdirilib Rusiya sərhədini nəzarətə götürməlidirlər. Amma çox təəssüf ki, Rusiya bu bəndi də yerinə yetirmir. Bu bənd yerinə yetirilmədikcə də, “Normand dördlüyü”nün görüşləri və müzakirələri fayda verməyəcək”.

Qeyd edək ki, fevralın 12-də Ukrayna Prezidenti Petro Poroşenko ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Ukrayna Prezident Administrasiyasının yaydığı məlumata görə, liderlər Ukraynanın şərqindəki vəziyyəti, Minsk danışıqlarını, girovların azad edilməsini və “Normand dördlüyü”nün növbəti görüşünü müzakirə ediblər. Telefon danışığı Ukrayna tərəfinin təşəbbüsü ilə keçirilib.

Öz növbəsində Kreml Rusiya və Ukrayna liderləri arasındakı telefon danışığının təfərrüatlarını açıqlayıb. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov telefon danışığının fevralın 12-də Kiyevin təşəbbüsü ilə baş tutduğunu söyləyib:

“Ukrayna Prezidenti “An-148” təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verdi. O, aviaqəzanın səbəblərinin müəyyən edilməsi ilə bağlı istehsalçı zavodun xətti ilə əməkdaşlığa hazır olduqlarını bildirdi”.

D.Peskov qeyd edib ki, dövlət başçıları Minsk razılaşmasının həyata keçirilməsini, Donbasda əsirlərin dəyişdirilməsi ilə bağlı vəziyyəti də müzakirə ediblər.


Müəllif: Səxavət Həmid