16 Fevral 2018 09:51
1 692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz Tehran səfəri çərçivəsində bir sıra görüşlər keçirdik. Görüşdüyümüz şəxslər arasında iki iranlı general da vardı.

Bu fikirləri Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu İran səfəri haqqında danışarkən deyib.

Partiya sədri deyib ki, İran Xarici İşlər Nazirliyi ADP və VİP sədrini İran İslam İnqibanın növbəti ildönümündə iştirak məqsədilə Tehrana dəvət edib:

“VİP sədri Əli Əliyev, ADP-dən isə mən və müavinim Həsrət Rüsətmov Tehrana səfər etdik. Tehranda inqilabın baş verdiyi günlə bağlı keçirilən tədbirlərdə iştirak etdik. Səhnədən xalqı izlədik, dövlət başçısının çıxışına qulaq asdıq, insanların bu prosesdə necə iştirak etdiyinin şahidi olduq.

Sonra İran parlamentinin xarici işlər komitəsinin sədri və vitse-spikerlə görüşdük.

Daha sonra iki generalla görüşdük. Onlar Qarabağ problemi ilə bağlı düşüncələrini bölüşdülər. Bu şəxslər vaxtilə Azərbaycanda olublar və bizdə hərbi müşavir kimi fəaliyyət göstəriblər.

Səfər çərçivəsində İranın qlobal siyasətlə məşğul olan analitik mərkəzlərində qonaq olduq. Habelə İranda fəaliyyət göstərən Birlik Partiyasının sədri ilə müzakirələr apardıq. Səfər çərçivəsində Tehranı gəzdik, Məşhəddə olduq”.

S.Cəlaloğlu eyni zamanda media ilə təmasda olduqlarını da deyib:

“İran dövlət televiziyasında “Arena” proqramında çıxış etdik. Həmçinin “Ay işığı” mədəni proqramının qonağı oldum. Bu proqram əsasən, Azərbaycan aşıq mədəniyyətini və folkloru təbliğ edir. Həmçinin qəzetlərə müsahibə verdik. Bir sözlə, həm televiziya, həm qəzetlər, həm sadə xalaq, həm də rəsmi şəxslərlə ünsiyyətimiz oldu”.

S.Cəlaloğlu qeyd edib ki, İslam İnqilabı ilə bağlı tədbirdə yalnız özü, VİP sədri Əli Əliyev və müavini Həsrət Rüstəmov iştirak edib:

“Bizdən başqa şəxs görmədik. Bizim nümayəndə heyətində 3 nəfər idi. Orada bizdən başqa Azərbaycandan heç kimə rast gəlmədik”.

ADP sədri deyib ki, İran böyük sürətlə müəyyən islahatlar keçirməyə cəhd edir:

“İran öz daxilində yeni siyasət hazırlayır. Bizim ora dəvətimiz yeni siyasətin nümunəsi kimi qiymətləndirilə bilər. Hesab edirəm ki, bu cür görüşlər və səfərlər vacibdir. Bir var ölkə haqqında ancaq mətbuatda oxuyasan, bir də var gedib özün görəsən”.

Qeyd edək ki, Sərdar Cəlaloğlu 9-13 fevral tarixlərində İranda səfərdə olub.


Müəllif: Cavad