16 Fevral 2018 12:22
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Azərbaycan prezidentliyinə namizədliyi irəli sürülmüş İlham Əliyevin namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyasına start verilib.

YAP-dan Teleqraf.com-a verilən məlumata görə, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, siyasi partiya prezidentliyə irəli sürdüyü namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdır. Qanuna əsasən, 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza toplanmalıdır.

Yeni Azərbaycan Partiyası öz ənənəsinə uyğun olaraq, mövcud 125 dairənin hər birinin ərazisindən tələb edilən sayda imza toplamağı planlaşdırıb.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının 2018-ci il fevralın 8-də VI qurultayı keçirilib. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə yekdilliklə qərar qəbul edilib. Fevralın 14-də Mərkəzi Seçki Komissiyasının iclasında 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan prezidentinin seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyevin namizədliyi təsdiq edilib.


Müəllif: Teleqraf.com